Əyani dərslərin bərpasına sevinən də var, qərarın tələsik verildiyini düşünən də Azərbaycanda fevralın 1-dən məktəblərdə əyani tədris mərhələli şəkildə bərpa olunacaq. Bu barədə Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” verdiyi qərarda bildirilir.
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyinin qərarına əsasən, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilir.
1 fevral tarixindən Bakı, Sumqayıt, Abşeron və ölkənin bütün rayonlarında 1-4-cü siniflər əyani təhsilə həftədə 3 dəfə olmaqla başlayır. Sıxlıq az olan kənd məktəblərində həftənin 4-5 günü əyani təhsil olacaq.
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur. 10 və 11-ci siniflərdə təhsilin bərpası fevralın 1-dən sonrakı 2 həftə ərzində virusa yoluxma sayından asılı olaraq qərar veriləcək.
Nazirlər Kabinetinin verdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Valideynlərin bir qismi qərarın uyğun bir qərar olduğunu, bir qismi isə tələsik qərar olduğunu düşünür.
AYNA olaraq qərarın nə dərəcədə düzgün olub-olmadığına dair valideynlər arasında sorğu keçirdik. “Facebook” vasitəsilə sorğuda iştirak edən valideynlərin fikirlərini təqdim edirik:
Ayla Duhan: “Təhsillə bağlı verilən qərara reaksiyam müsbətdir. Düşürəm ki, onlayn sistemdən sonra ənənəvi qaydaya keçid dərslərə həvəsi artıracaq. Uşaqları məktəbə özüm də həvəslə göndərəcəm. Ümid edirəm virusa yoluxma statistikasi sıfırlanar və qərarın davamlılığı təmin olunar. İnanmıram, yenidən qapanmalar olar. Çünki bilirəm ki, artıq COVID-19 üçün nəzərdə tutulan xəstəxanalar bağlanır, öz profilinə qayıdır. Xəstəxanalarda normal iş rejminə keçid başlayıb. Mart-aprel ayında da sığorta sisteminə keçid tamamlanır. Bir sözlə, koronavirus səbəbindən dayandırılan layihələr qaldığı yerdən davam etmə mərhələsindədir”.
Ali Ali: “Mən ərizə yazacam, göndərməyəcəm”.
Şahnaz Eyyubova: “Mən özüm müəlliməyəm. Hamımız yaxşı bilirik ki, fevral-mart aylarında adi qripin ən çox yayıldığı dövrdü. Beləcə, yenə yayılma başlayacaq yenə qapanma olacaq. Məncə, səhv qərar oldu. Aprelin 1-dən birdəfəlik açılardı”.
Xəyalə Ələkbərova: “100 faiz göndərəcəm, həftədə 3 dəfədi, razılaşsaydılar mən 5 dəfə göndərərdim”.
Rüstəm Cəlili: “Həm valideyn, həm müəllim olaraq dəstəkləyirəm. İki ibtidai sinifə gedən övladım var, üstəlikdə öz dərslərim. Artıq əsəblərimi müalicə etdirməyi düşünürəm. Valideyn olaraq, düşünürəm ki, hamımız eyni vəziyyətdəyik. İbtidai sinif müəllimlərimizdən dünyalar qədər razıyam, onlayn dərslə canlı dərsin təsiri şagirdə daha fərqli təsir edir. İkincidə məsuliyyət daha çoxdur”.
Nigar Aslanova: “Mən göndərməyəcəm, bizim məktəbdə koronavirusa yoluxub, çox ağır vəziyyətdə olan müəllimlər var və mən çox qorxuram. Bu soyuqda düz qərar deyil, kaş ki, apreldə açılardı”.
Ülviyyə Kərimova: “Əlbbətdə, təhsil çoxdan açılmalı idi. Uşaqlar artıq 1 ildi dərs oxumur”.
Səbinə Rəfiyeva: “Mən bir valideyn kimi dəstəkləyirəm. Oğlum hələ bağçaya gedəndə bu karantin başladı, müəllimi onlayn dərs keçməyə başladı. Nə sual verirdisə uşaq susub baxırdı, müəllimi isə çox heyfslənirdi ki, bu uşaq axı, ən aktivlərdən olub, həmişə hamıdan birinci cavab verməyə can atıb. İndi də məktəbəqədərə gedir, baxıram canlı təhsildə olduğu kimi yaxşı qavramır. Evdə özüm nəyisə ona öyrədəndə yaxşı başa düşür hər şeyi. Uşaq sadəcə, onlayn dərsi anlaya bilmir nəyi necə etməlidir, anlamır. Ümid edirəm birdəfəlik açılar məktəblər və bir daha bağlanmaz”.
Kamal Novruz: “Göndərəcəm. Çox sevindim məktəblərin açılmasına”.
Göründüyü kimi, valideynlərin əksəriyyəti dərslərin əyani formasında bərpasını alqışlayır, distan təhsilin fəsadlarını sadalayırlar. Amma bəzi valideynlər qərarın tez olduğunu, virusla bağlı müəyyən narahatlıqların qaldığını bölüşür. Qərar isə artıq verilib, fevralın 1-dən mərhələ ilə şagirdlər distant təhsildən ayrılacaqlar.
Tarix: 26-01-2021, 09:04