Səbail Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, rayonun icra başçısı Vüqar Zeynalov 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət edib. Onunla birlikdə bu ziyarətdə Milli Məclisin deputatı Nigar Arpadarai də iştirak edib. Bundan başqa, onlara icra başçısının müavinləri və digər əməkdaşlar da qoşulublar. Onlar şəhidlərin xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Bir icra başçısının, vəzifə sahibinin gördüyü bu iş təqdirəlayiq haldır. Lakin bunu çəkdirib yaymaq və qeyri-səmimi fotolarla insanların gözünə kül üfürmək kimsəyə lazım deyil. Özünü reklam, piar xatirinə şəhid ailəsini ziyarət etməzlər. Başqa vaxt şəhid ailəsi yada düşmür, amma icra başçısının bir gün xatırlayır ki, rəhbəri olduğu rayonda şəhid ailələri var və onların qayğısına qalmağa ehtiyac yaranıb. İndiki halda, icra başçısı Vüqar Zeynalov və onun ətrafında vəzifə tutan digər şəxslərin bu fotoları, yumşaq desək, süni görüntüdən savayı bir şey deyil.
Şəhid ailələri təkcə xüsusi günlərdə deyil, daim diqqət mərkəzində olmağa layiqdilər. Onların qayğıları və problemləri ilə ilin müəyyən günlərində yox, hər zaman maraqlanmaq mütləqdir. Diqqətdən kənarda saxlamaq əvəzinə, diqqət mərkəzində saxlamaq gərəkdir.
Tarix: 21-01-2021, 08:36