"Nə səhhətimlə bağlı sığorta almışam, nə də əsgər maaşımı" - İcra başçısı və deputat isə...






Avar əsilli qazimiz Bozbaxov Ömər Rəcəb oğlu 1998 tarixində Balakən Rayonunun Xalatala kəndində doğulub. 2016-2018ci illərdə xüsusi hazırlanmış taborda hərbi xidmət keçib. Hərbi xidməti bitirdikdən sonra universitetə qəbul olub.  BDU-nin ikinci kurs tələbəsi olan qəhrəmanımız sentyabrın 27-dən vətən müharibəsinə könüllü olaraq qatılmış, əsgər yoldaşlarına “Biz Şuşaya qədər gedəcəyik” söyləsə də bu ona qismət olmamışdır. Tərtər istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərmiş və sentyabrın 30-da əsgər yoldaşlarıyla birgə ağır yaralanmışdır. Başından, ciyərlərindən və ayağından yaralanmasına baxmayaraq fiziki gücü sayəsində özünü hərbçilərimizə çatdırmış və yaralı əsgər yoldaşları haqqında onlara məlumat verərək, özüylə bərabər onlarla əsgərimizin həyatını xilas etmişdir. Avar millətinin nümayəndəsinin belə qəhramanlıqla vətən müharibəsində iştirak etməsi bir daha ölkəmizdəki azsaylı xalqların necə vətənpərvər olmasının bariz nümunəsidir. Qəhrəmanımız Ömər utancaq, çəkingəndir. Özü haqqında, döyüşdə etdiyi qəhramanlıqları barədə dostlarına, ailə üzvlərinə heç nə danışmır. Ailəsi onun etdiyi qəhrəmanlıqları barədə ancaq döyüş yoldaşlarından, komandirlərindən öyrənirlər. 

Qazimizin qardaşı İslam Bozbaxov döyüş yoldaşlarının ona danışdığı hadisəni Moderator.az-a ilə bölüşüb.

“Döyüş yoldaşları danışırlar ki, bir dəfə döyüşün lap qızğın çağında, dağa çıxartdıqları sursatın yanındakı çantalar yanmağa başlıyıb. Ömər heç nədən qorxmuyaraq özünü hamıdan qabaq ora çatdırıb, yanğının yayılmasının qarşısını alır, əsgər yoldaşlarını, komandirlərini xilas edir. Deyiblər ki, əgər həmin an Ömər onu söndürməsəydi komandamızdan heç kim sağ qalmazdı. Çünki, orda tank əleyhinə silahdan tutmuş bütün döyüş ləvazimatları, silahlar var idi. Komandirlərdən biri də  deyib ki, bir də gördüm Ömər qanın içindədir. Dedim ki, yüz faiz yaralanıb. Uşaqlara tapşırdım ki, Öməri  götürün, aparın xəstəxanaya. Uşaqlar götürməyə gedəndə gördülər ki, özündədi, xəsarəti də yoxdur. Tənginəfəs halda deyib ki, yaralımızı çıxartmışam, tez aparın. Ömər neçə-neçə yaralı döyüşçülərin həyatını xilas eləyib. Ən keçilməz yerlərə gedib, yaralıları çıxardıb, təcili yardıma təhvil verib, geri qayıdırmış. Bütün bunlar Ömərin əsgər yoldaşlarının, komandirlərinin danışdıqlarının yalnız kiçik bir hissəsidir. O, vətənə xalqa bağlı bir insandır. O bunu hər hərəkəti ilə, vətən müharibəsində isə könüllü şəkildə səfərbərliyə yazılmaqla bir daha göstərdi” - deyə qazimizin qardaşı bildirib.

Ölümün bir addımlığından qayıdan qazimiz Bozbaxov Ömər, yaralandığı anda belə yaralı döyüş yoldaşlarını işarə verərək qışqıraraq deyirmiş ki, mən yaxşıyam, onları xilas eləyin. Qazimizin qardaşı daha sonra əlavə edib.

“Ömərin qulluğunda duran Gəncədə yerləşən Abbas Səhət klinikasının həkimlər heyyətinə ailə üzvlərimiz adından öz dərin təssəkürlərimizi bildiririk. Əlbəttə ki, başda Fərhad həkim olmaqla. Ömərin və digər insanların dediyinə görə bu həkim heç bir xəstəyə səthi yanaşmıyıb. Əlindən gələn hər bir şey edib. Hətta orda elə bir məqam olub ki, məsləhət görüblər ki, Ömərin ayağı amputasiya olunsun, amma Fərhad həkim qoymayıb. Deyib ki, bizim birinci işimiz onun ayağını əməliyyat edib, yerində saxlamaqdır. Əgər düzəldə bilməsək onda bir şey fikirləşərik. Allaha çox şükür ki, Fərhad həkimin sayəsində ağsıyaraq da olsa Ömər yenə, canı qanı bahasına qoruduğu torpağında əvəlki tək olmasa da gəzə biləcək. Amma sağlamlığında yaranmış bəzi problemlər arzusunu həyata keçirməkdə ona çətinliklər yaradıb. Qardaşım deyir ki, ən böyük arzusu BDU –nin “Turizm və Otelçilik” fakultəsini bitirib ixtisası üzrə fəaliyyət göstərmək idi. Biliyini daha da artırmaq üçün bu sahədə bir çox kitablar oxuyurmuş, xarici dil kurslarına gedirmiş. Ömər deyir ki, bu vəziyyətdə olsam belə hansısa şirkətdə təcrübə keçmək imkanım olsaydı böyük məmnuniyyetlə gedərdim. Bu sahəni mükəmməl öyrənib, vətənimə canla-başla qulluq edərdim” deyə qardaşı bildirib.

Qazimiz Ömərin bir arzusu da var, o da sahəsi üzrə işləyib, pul qazanıb, pis vəziyyətdə olan evi düzəltmək, valideynlərinə rahat şərait yaratmaqdır. Belə görünür ki, qazimizin bu arzusu hələ ki reallaşa bilməyəcək. Çünki buna onun indiki durumu imkan vermir. Özünü bizə görə, vətən uğrunda fəda edən qazimiz, bir tərəfdən vətən müharibəsində iştirak etdiyinə görə sevinməsinə baxmayaraq, digər tərəfdən aldığı xəsarətlərə görə arzusunu reallaşdıra, valideynlərinə verdiyi vədə sadiq qala bilməyəcəyindən çox qorxur. Təvazökarlıq edib, vətən uğrunda göstərdiyi fədakarlıqları, qəhrəmanlığı dilinə gətirməyən qazimiz Ömər Bozbaxov Moderator.az-a səhhətində yaranan problemlə bağlı danışıb.

“Mən hal-hazırda Balakənin Xalatalı kəndində ailəmlə birgə çox baxımsız və şəraitsiz evdə yaşayıram. Balakən rayonunun millət vəkilinin köməkçisi gəlmişdi,  “nə lazımdır?” soruşub getdi. Nə icra hakimiyyətindən, nə digər dövlət qurumlarından gəlib nə yaşayışımızla, nə də səhhətimlə maraqlanan olmayıb. Bir iki dəfə ərzaq yardımı ediblər. Əslində İcra Hakimiyyətinə müraciət etmək istəyirdim. Çünki atamın adına kredit götürmüşdük, indi mən də işləmirəm. Nə səhhətimlə bağlı sığorta almışam, nə də əsgər maaşımı. Sağ olsun kənd camaatı, xeyirxah insanlar, kömək edirlər. Amma dövlət qurumlarından heç kimin maraqında deyil. Ayağımda İlizarov aparatı var. Həkim dedi ki, əgər ayağını kəsilməkdən xilas etmişəmsə, düzələcəksən. Mən də bu neçə vaxtda ağrıkəsici içib, məcbur ayağımı yerə qoyuram. Ayağımdakı aparat çıxsa bilərdik ki, nəticəsi nədir. Biri var sənin ayağın heç yoxdur, biri də var ki, ayaq var, amma yeriyə bilmirsən. Son 2 gündür döş qəfəsimdən yaralandığım nayihə ağrıyır, güclə tərpənirəm. Balakəndə həkimə getdim, həkim heç nə deyə bilmir. 1-2 günə Bakıya gəlib, həkimə gedəcəm. Diqqətsizlik də bir tərəfdən məni sıxır” - deyə qəhrəman qazimiz bildirib.

Bu, “Cəsur döyüşçü” medalını almış qazimiz Ömər Bozbaxovun yarımçıq qalan arzularıdır. Hər cür diqqətə və qayğıya layiq olan qazimizə Allahdan şəfa diləyirik, tezliklə sağalıb, həyat yolunda inamla addımlamağı arzu edirik. Biz sizinlə fəxr edirik, qürurumuzsunuz. Sizin sayənizdə deyə bilirik – QARABAĞ AZƏRBAYCANDIR!
Tarix: 13-01-2021, 10:24
Xəbəri paylaş



Xəbər lenti