Nə cəbhədə olduğu müddətdə, nə də gəldiyi gündən sonra heç kim onun ailəsi ilə maraqlanmayıb...
Qarabağ uğrunda haqq savaşı başlayanda cəbhəyə könüllü yollananlardan biri də Ruslan Hüseynov olub.
1994-cü ildə Yevlaxın Xanabad kəndində anadan olan Ruslan əks hücum başlayan günündən orduya yola düşüb. 2012-ci ildə Beyləqanda hərbi xidmət çəkən müsahibimiz Aprel döyüşləri ərəfəsində də orduya könüllü yazılır. Amma onun torpaqları azad etmək, vətənin müdafiəsində durmaq arzusu ikinci Qarabağ müharibəsində gerçəkləşir.
“Uğrunda döyüşə başladığımız ilk ərazilər Tərtərin Talış və Suqovuşan kəndləri oldu. Daha sonra Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan keçərək Laçına gəldik. Laçının müdafiəsində, kəndlərinin boşaldılmasında iştirak etmişik. O yerlərə ayaq basmaq həqiqətən də bizim üçün böyük bir xoşbəxtçilik idi. Bunu sözlə izah etmək mümkün deyil, gərək gedib oraları gəzəsən. Təsəvvür edin ki, sən anadan olanda alınan torpaqlara ayaq basırsan” - deyə Ruslan Hüseynov deyib.
Müsahibimiz deyir ki, dəfələrlə ölümlə üz-üzə gəlib, döyüş yoldaşları yanında şəhid olub.
“Mən atıcı vəzifəsində xidmət edirdim. Ölümün bir addımlığında idik, biz bilirdik ki, ordan geriyə sağ-salamat dönməyə də bilərik. Ona görə də ailəmlə, azyaşlı övladımla həmişəlik görüşüb döyüşə yollandım. Amma bütün bunlara baxmayaraq bir an da olsun qisas hissi bizi tərk etmirdi, “ölməyə yox, öldürməyə gedirik” şüarı dilimizdə idi. Çox təəssüf ki, müharibə itkisiz olmur. Yanımızda olan yoldaşlarımızdan ağır yaralanan, şəhid olanlar da oldu. Hətta biz dumanlı havada Suqovuşan istiqamətində pusquya düşməkdən son anda qurtulduq. Çünki göz-gözü görmürdü. Düşmənə yaxalanmadan vəziyyəti idarə edib, pusquya düşmədən xilas olduq” - deyə könüllü bildirib.
Ruslan Hüseynov ölkə başçısı tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Hal-hazırda ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayan və sürücü vəzifəsində çalışan Ruslan Hüseynov təəssüf hissi ilə qeyd edir ki, nə cəbhədə olduğu müddətdə, nə də gəldiyi gündən sonra heç bir dövlət qurumundan, icra nümayəndəliyindən onunla maraqlanmayıblar.
Tarix: 12-01-2021, 08:24