“Azərxalça”nın həbs edilən sədri - YAP üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovu tutduğu vəzifədən azad edib.

Vidadi Muradov artıq həbs edilib. Baş Prokurorluğun dünən yaydığı MƏLUMATA görə, V.Muradov “Azərxalça”ya məxsus bir neçə milyon manatı talan edərək mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

V.Muradov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Modern.az-ın 
məlumatına görə, “Azərxalça" ASC-nin sədri vəzifəsindən çıxarılaraq həbs edilmiş Vidadi Muradov kifayət qədər tanınmış və titullu şəxs olduğundan onun saxlanılması təəccüblə qarşılanıb.

V.Muradov 5 mart 1956-cı ildə Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil alıb. 1980-ci ildən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib.

1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-İlmə" elmi-tədqiqat və istehsalat mərkəzini təsis edib, 2016-cı ilədək  "Azər-İlmə" MMC-nin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 10 iyun tarixli sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.

Fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən V.Muradov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il) fəxri adı, "Şöhrət" ordeni (7 mart, 2016-cı il) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (27 may, 2019-cu
il) ilə təltif edilib.


Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri doktoru, professordur.


AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının üzvü (ICOM), Naxçıvan Muxtar Respublikasının və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimidir.


Ailəlidir, üç övladı var. 
Tarix: 10-01-2021, 21:31
Xəbəri paylaş



Xəbər lenti