Əli Məsimli, Vahid Əhmədov Qubad İbadoğlunun cavabını verməlidirlər - Etibar Əliyev


Qubad İbadoğlu adlı populist bir siyasi-iqtisadçı var. Ölkədə sosial vəziyyətin pisləşməsinə, neftin qiymətinin aşağı düşməsinə sevinənlərdəndir. Özünün simulyativ “müdrik” obrazını yaradıb.  “Müsavat” partiyasının divan üzvü idi. Yeni bir qurum yaradıb, partiyanı dağıtmaq missiyasını üzərinə götürmüşdü. Özünün təbliğatçısına çevrilən bu qurum demək olar ki, yoxdur. Sonra urvatsız, yenə də özünün təbliğatçısı olan “BİZ” adlı amorf  bir platforma yaratdı. O da işləmədi. Ona siyasi-iqtisadçı deməkdə yanılmıram.  Günün birinci yarısıda iqtisadçı, ikinci yarısında siyasətçi olur. Qrant ustasıdır. Qrantın sanki iyini bilir. Ona görə də hər şeyi həmin iyə qurban verməyə çalışır.
 
Onun 13 avqust 2020-ci ildə verdiyi müsahibəyə diqqət edin: “Bizdə vətəndaş cəmiyyəti inkişaf edərdisə, azad mətbuat olardısa, biz daha çox beynəlxalq arenaya çıxa bilərdik. Mən özüm 2014-cü ilə qədər bunun birbaşa şahidi olmuşam. Amma bu gün ermənilər bizi üstələyirlər, çünki onların vətəndaş cəmiyyəti və mətbuatı daha azaddır.” Yumşaq desəm, bu banlamaq deyil, bəs nədir?
Ölkə Vətən müharibəsindən böyük qələbə ilə çıxıb. Şəhidlərimizin və yaralılarımızın qanı işğaldan azad olunmuş torpaqlarımızda hələ qurumayıb. Bu tip adamlar vaxtilə müharibənin olmayacağından danışırdılar. Ölkə rəhbərliyinin bir kəndi belə azad etməyə qadir olmayacağından danışırdılar. Bu banlamaq deyildi, bəs nə idi!
 
Hamının hayqırdığı şüar “Qarabağ-Azərbaycandır! şüarı təsdiqini tapıb. Qubad İbadoğlu tipli adamlardan başqa hamı bu şüarı eşidirdi. İnsanlarımız övladlarını müharibəyə göndərir, müharibəyə yardım üçün əllərindən gələni əsirgəmirdilər. Qubadkimiləri isə işğaldan azad olunmuş ərazilərin bərpasına sərf olunacaq vəsait düşündürürdü. Qulaqlarına səslər gəlirdi...İfrat dərəcədə qrant aludəçisi olmaq pis şeydir. Qrant da opium (tiryək) kimidir.
 
Vətən müharibəsində bizi böyük qələbələrə gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyevə hər gün təşəkkür etmək əvəzinə, qələbəbimizə, birliyimizə dil uzadanların sonu yoxdur. Azərbaycan xalqının möhtəşəm birliyi xarici düşmənlərlə yanaşı daxili düşmənləri də dəf etməyə hazırdır. Özü də anında...Darıxmasınlar uzun illər bu belə olacaq.
 
Nəzərlərinə çatdırıram ki, bu günün bloggerləri Azərbaycan əsgərləri və zabitləridir.
 
Bu kiçik yazımda məni düşündürən başqa bir məsələ də var: Nə üçün  Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri 6 kitabın və 50-dən artıq elmi məqalənin müəllifi olan Azər Əmiraslanov və  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının özü və komandası Qubad İbadoğlunun cəfəng iqtisadi şərhlərinə cavab vermirlər? Bu çağırış deputat həmkarlarım Əli Məsimli, Vahid Əhmədova da aiddir. Arada vaxtınızı televiziyalarda belə işlərə də sərf edin, cənablar! Banlayanlar elə başa düşürlər ki, Azərbaycanda “İqtisadiyyat” adlanan elmə bunlar cavabdehlik daşıyırlar. Cavabları verilmədikcə daha da pərvazlanırlar. Vətən müharibəsindən əvvəl uzun illər səfir işləmiş yelbeyinlərdən biri İnternet televiziyaların birində dedi ki, ermənilər 2025-ci ildə Şamaxını da işğal edəcəklər. Vəzifədən uzaqlaşdırmışdılar. Xalqa qəzəbini belə nümayiş etdirirdi.  Həmin  yelbeyini indi də banlayan görürəm...
 
 Etibar Əliyev
 
Milli Məclisin deputatı
Tarix: 9-01-2021, 22:05
Xəbəri paylaş



Xəbər lenti