Kamran Əsədova təzyiq edilir


Sosial şəbəkədə Bakı Qızlar Universitetinin sabiq rektoru Ağarəhim Rəhimovun təhsil eksperti Kamran Əsədovun ailəsini təzyiq etməsilə bağlı məlumat yayılıb.
 
Pravda.az xəbər verir ki, bu barədə ekspertin qardaşı, 147 saylı liseyin direktoru Arif Əsədov feysbuk səhifəsində məlumat paylaşıb.
 
Onun sözlərinə görə, buna səbəb qardaşı Kamran Əsədovun instagram səhifəsində tələbələrin şikayətlərini dinləyərkən canlı yayıma Bakı Qızlar Universitetindən çoxlu sayda şikayətçi tələbənin daxil olmasıdır/
 
“BQU-dan şikayətlərin daxil olması ilə bağlı ailə üzvüm buraya rektorun adı ilə dəvət olunmuşdu. Mən də onlara bildirərək iştirak etdim. Ailə üzvümün burada oxuduğu üçün rektor şəxsən dəvət edərək təzyiq etmək istəyirdi. Təhsilin müasir dövründən xəbərdar olmayan bu şəxs ölkədəki alimləri, universitet tələbələrini təhqir edərək aşağı səviyyə göstərən nitq söylədi. Sonda biz ciddi etiraz etdik. Belə bir ali məktəbin fəaliyyəti təhsil adına ləkədən başqa bir şey deyil”.
 
Kamran Əsədov isə bildirib ki, rektor həmin görüşdə onu da təhdid edib:
 
”Mən instagram hesabımda canlı yayım edirəm, ali təhsil tələbələri tədris ilinin təşkili, imtahana hazırlıq və digər məsələlərlə bağlı həmin yayıma qoşulub fikir bildirirlər. Mən qoşulanlara heç bir fərq qoymuram. Sonuncu dəfə canlı yayıma qoşulan 10 nəfərdən 7-si BQU-dan olan tələbələr idi. Bu şikayətlərə görə əvvəlcə mənə universitetin prorektoru Həvva xanım zəng edib hədələyib ki, siz niyə canlı yayım açmısınız.
 
Qardaşımın yoldaşı bu universitetdə magistr təhsili alır. Pandemiya dövründə ali təhsil müəssisələrində vətəndaş qəbulu dayandırılmasına baxmayaraq, onu universitetə dəvət ediblər ki, təzyiq göstərsinlər, mən həmin paylaşımı silim.  Qardaşım da yoldaşı ilə bərabər universitetə gedib. Rektor onlarla görüşüb. Qardaşımı təhdid edib, deyib ki, sizin diplom işinizə təzyiq göstərəcəyəm”.
 
Bakı Qızlar Universitetinin sabiq rektoru Ağarəhim Rəhimov isə ittihamların heç birini qəbul etməyib. O bildirib ki, həmin şəxsləri universitetə o dəvət etməyib, özləri gəliblər:
 
“Kamran Əsədovun qardaşının yoldaşı bizim universitetdə magistr imiş, heç mənim bundan xəbərim yox idi. İndi bura gəliblər ki, Kamran Əsədovun instaqramda tələbələrin şikayətləri ilə bağlı canlı yayım etməsinə görə, qardaşının yoldaşını cəzalandırmayaq. Mən dedim ki, valideynə görə uşağı cəzalandırmazlar, onun bura dəxli yoxdur. Bundan başqa, mən heç kimi təhqir eləməmişəm, nə olubsa dekanın və kadrlar şöbəsinin müdirinin yanında olub. İndi mənə dekan da, prorektor da deyir ki, Kamran Əsədov qardaşının yoldaşına görə əvvəllər bizə neçə dəfə zəng edib, xahiş edib ki, ona qeyri-qanuni kömək edək. İndi bəlkə də bizdən onun qisasını alırlar”. 
 
A.Rəhimov bu məsələ ilə bağlı təhsil nazirinə və Dövlət Təhlükəsiliyi Xidmətinə məlumat verdiyini deyib.
 
Qeyd edək ki, Əsədov qardaşları iddialarında Ağarəhim Rəhimovun BQU-nun rektoru kimi təqdim etsə də, o, bu vəzifə ilə 2016-c ı ildə vidalaşıb. Universitetin hazırda rektoru Sevinc Rəhimovadır.
Tarix: 8-01-2021, 21:31
Xəbəri paylaş



Xəbər lenti