"Hal hazırda yüzlərlə qazimiz və mülki əhalimiz döyüş və ya partlayış nəticəsində yaranan psixoloji pozuntulardan əziyyət çəkməkdədir. Qorxulu yuxular, neqativ fikirlər, aqressiv davranışlar, ümidsizlik, yuxusuzluq, həmin qorxulu anları göz qabağında görən şəxslər. Bu müharibədən sonra yarana biləcək qorxulu psixoloji problemdir. Elmi dildə buna "travma sonrası sinir pozğunluğu" deyilir. Adətən veteranların 20-30%-i arasında müşahidə olunan bir haldır. Bu şəxslərin ailə üzvləri, yaxınları daima bundan əziyyət çəkənləri nəzarət altında saxlamalı, onları qətiyyən tək buraxmamalıdır".
Pravda.az xəbər verir ki, bunu Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərov deyib.
O əlavə edib ki, bu tip psixoloji problemləri yaşayan səxslər dərhal 112 qaynar xəttə müraciət etsinlər: "Onlara lazımı kömək göstəriləcəkdir. Bundan əlavə onu qeyd edim ki yanvar ayının 20-si qardaş Türkiyədən 15 peşəkar həkim bu halı müalicə etmək üçün ölkəmizə səfər edəcəkdir. Yüzlərlə qazimiz müalicə alacaqdır və bu çətin durumdan mütləq çıxacaqdırlar. Yaxın günlərdə bu haqda daha ətraflı məlumat veriləcəkdir.
Bu haqda elan bütün hazırlıq işləri görüləndən sonra veriləcəkdi, amma bəzi kədərli məlumatlar və qazilərin həyatına artan risklər bunu ən tez bir zamanda, bu şəkildə elan etməyi məcbur etdi. Hər bir saatın, dəqiqənin öz hökmu var. Bu yöndə həkimlərimiz, psixoloqlarımız və jurnalistlərimiz tərəfindən çox ciddi iş aparmalıdır. Müharibə sonrası yarana biləcək psixoloji travma, depressiya və digər psixoloji pozuntular müalicə oluna bilən hallardır. Bu çətin halı yaşayanlara səbr diləyirəm və onların tezliklə düzələcəklərinə inanıram".
Tarix: 7-01-2021, 11:52