Yeni mədəniyyət naziri kimdir? - DOSYE






Xəbər verdiyimiz kimi, Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri təyin edilib.

Teleqraf.com yeni nazirin tərcümeyi-halını təqdim edir.

Anar Qabil oğlu Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub, 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

Diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində attaşe, üçüncü katib kimi başlayıb. 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyətini davam etdirib.

2014-cü ilin may ayının 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı ilə Anar Kərimova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

2019-cu ilin avqust ayında Azərbaycan Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Prezidentinin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib və mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilib.

Rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, üç övladı var.
Tarix: 5-01-2021, 22:58
Xəbəri paylaş



Xəbər lenti