“Onun orduya qayıtmağında vasitəçi olduğum üçün özümü dünyanın günahkarı hesab edirdim”



Döyüşlərin qızğın vaxtı idi, gecə səhərə kimi, demək olar ki, yatmamışdım.
Saat 06:15 olardı, şəhid polkovnik Babək Səmidli ilə mövqeləri gəzirdik,maşında biranlıq elə oturuqlu mürgüləmişdim ki, telefonuma tanımadığım nömrədən zəng gəldi.
Yuxulu-yuxulu telefonu götürdüm.
– Salam aleyküm.
Dedim əleyküm salam.
– Tofiq müəllimdi danışan?
– Bəli, eşidirəm.
– Sizi narahat edən Şükürov Anardı, nömrənizi Asəf Ələsgərovdan almışam, mənə köməyiniz lazımdır.
– Buyur, qardaş, eşidirəm, sizə nə kömək edə bilərəm?
– Mən ehtiyatda olan zabitəm, uzun illər XTQ 052 də qrup komandiri, tabor komandiri kimi xidmət etmişəm, daha sonra Naxçıvana göndərilmişəm, Günnüt əməliyyatında təltif edilmişəm, növbədənkənar polkovnik-leytenant rütbəsi almışam. Məni hərbi komissarlıq müharibəyə göndərmir. Uyğunsuzluqla təxris olunduğum üçün 3 gündü burdayam, dünən gedib dalaşmışam,hal-hazırda komissarlığın qarşısındayam, bu məsələni tanıdığın rəhbər şəxslərə de və ya ictimailəşdir ki, məni orduya qaytarsınlar. Mənim kifayət qədər təcrübəm var, vətənə xeyrim dəyə bilər, ürəyim partlayır burda. Haqqımda kimdən istəyirsən maraqlana bilərsən, istər Xüsusi Təyinatlı Qüvvələrdən, istərsə də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan.
Diqqətlə dinlədikdən sonra dedim ki, əlimdən gələn köməyi edərəm  və sağollaşdıq.
Babək müəllimə dedim ki, mənə bir nəfər zəng edib bəs belə deyir, təcrübəli zabitdi deyəsən. Rəhmətlik Babək müəllim dedi ki, komandirə məruzə edərik görək nə deyir. Heç 15 dəqiqə keçmədi komandirə məruzə edildi, həmən dəqiqə komissarlığa göstəriş verildi ki, Şükürov Anar adlı zabit 1-ci ordu korpusuna göndərilsin.
Bayaq zəng gələn nömrəni yığdım. Həyəcanlı şəkildə tez cavab verdi:
– Bəli, Tofiq müəllim, eşidirəm, nə xəbər var?
Dedim göstəriş verilib. Tez gedib sənədlərinizi götürün gəlin, bir də bizim N saylı briqadanın kəşfiyyat rəisi var – Etibar Camalov  yaralıdı, qospitaldan çıxıb təzədən döyüşə qayıdır, elə onunla birlikdə gəlin.
Çox sevincli halda dedi ki, mənim bu yaxşılığımı ömür boyu unutmayacaq.
Başımız necə döyüşlərə qarışmışdısa daha nə vaxt gəldi, nə vaxt çatdı, hara təyin olunduğun həmən gün bilmədim. Səhəri gün eşitdim ki, N saylı hərbi hissəyə (Həmlə taboruna) komandir təyin edilib. Hadisələr elə cərəyan etdi ki, vəziyyətlə əlaqədar, 6-7 gün görüşə bilmədik.
Səhv etmirəmsə, oktyabrın 15-i idi, gecə saat 10:00 olardı. Ərazidə polkovnik-leytenant Nəsimi Şıxəliyevi gördüm, yaxınlaşdıq hal-əhval tutduq. Yanında çox nurani bir zabit var idi. Nəsimi dedi ki, Tofiq tanış ol, Şükürov Anardı (indiyənə kimi üzbəüz gəlməmişdik deyə onu tanımırdım). Əl sıxdıq, qucaqlaşdıq. Gördüm ortada xəritə var, hansısa əməliyyat barədə söhbət edirlər, orada durmağım etik olmadığı üçün onların yanından uzaqlaşmağa başlayanda Anar dedi: “Tofiq müəllim, xahiş edirəm gözləyin, sizlə təklikdə işim olacaq”.
Dedim: “Cənab mayor, baş üstə, işinizi yekunlaşdırın gözləyirəm sizi, narahat olmayın”.
10-15 dəqiqə sonra mənə yaxınlaşdı, əlin çiynimə qoydu, dedi: “Sənə necə minnətdar olacağımı bilmirəm”. Dedim cənab mayor, mənim üçün gəlməmisən ki, mənə minnətdar olasan, biz vətənimiz üçün, dövlətimiz üçün burdayıq. Təzədən əl sıxıb qucaqlaşıb sağollaşdıq.
Səhər bölmələrimizin Ağdərə şəhərinə yol açacaq  strateji əhəmiyyətli 530 yüksəkliyinə hücumu başladı. Yer-göy dağılır, şiddətli döyüş gedirdi. Bölmələrimiz artıq yüksəkliyə qalxmışdı, 2 mərtəbə deyilən yerdə döyüş gedirdi. Ermənilərin təqribən 350-400 nəfərlik qruplaşması Göyarx kəndi istiqamətindən yüksəkliyi qaytarmaq üçün əks-həmləyə keçirdi. Rabitədə qışqırıq səsi gəlir: “Düşmənin Ağdərə istiqamətindən 10 maşın şəxsi heyətlə dolu kalonu, 4 tank, 4 BMP-2-si Göyarxa doğru düşür, təcili vurun, təcili vurun”.
Artilleriya bölmələrimizin dəqiq atəşi ilə kolon yolda vurulur, tank və BMP-2-ləri mayor Mirdamət Bağıyevin spike heyəti imkan vermir heç döyüşə girələr, hamısı bir-bir vurulur. Hər şey əla gedir, sevincdən uçuruq...
Birdən rabitədə kimsə başladı qışqırmağa: “Kombat şəhid oldu, kombat şəhid oldu”.
Babək müəllim soruşdu:
– A bala kimdi şəhid olan? Adı nədir?
Rabitəçi ağlaya-ağlaya dedi ki, komandirimiz Şükürov Anar.
Bu sözü eşidən kimi hönkürtü ilə ağlamağa başladım, onun orduya qayıtmağında vasitəçi olduğum üçün özümü dünyanın ən böyük günahkarı hesab edirdim. Polkovnik Babək Səmidli tutub yaxamdan sirkələdi məni.
Dedi ki, özünü ələ al, şəxsi razborkana çağırmamısan ki, orda ölə günahkar hesab edəsən özünü. O, vətən uğrunda şəhid olub, vətən üçün gəlmişdi bura.
Düşmənin ciddi müqavimətinə baxmayaraq, həmən gün 530 yüksəkliyi azad olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mayor Şükürov Anar Mehman oğluna, ölmündən sonra “Vətən müharibəsi qəhrəmanı” adı verildi.
 
Tofiq Şahmuradov
Tarix: 2-01-2021, 08:26
Xəbəri paylaş



Xəbər lenti