Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadənin müsahibəsini təqdim edirik:
- 2020-ci ili necə dəyərləndirirsiniz və geridə qoyduğumuz il yaddaşınızda necə qaldı?
- 2020 ci ildə ana oldum. Hesab edirəm ki, bir qadın üçün ana olmaqdan və bu müqəddəs adı daşımaqdan böyük sevinc ola bilməzdi. 2020-ci ildə mənim üçün ola biləcək ən gözəl hədiyyə anamı görmək idi. Belə ki, anamın Türkiyəyə gəlməsi, yanımda olması məni çox sevindirdi. O, məndən incimişdi, demişdi ki, övladın olmayana qədər sizə gəlməyəcəm. Çox şükür ki, indi yanımdadır.
2020-ci il yaddaşımda zəfər ili kimi qaldı. 30 ildir həsrətində olduğumuz torpaqlarımıza qovuşduq, zəfər qazandıq. Bu tarixi qələbəni heç zaman unutmayacağıq. II Qarabağ müharibəsində torpaqlarımıza qovuşduq. Ancaq bu qələbə bizə asan başa gəlmədi. Üç minə yaxın oğlumuz, qardaşımız, atamız şəhid oldu. Hər dəfə sosial şəbəkəyə daxil olanda onlar haqqında hazırlanan videolara, süjetlərə baxıb gözlərim dolur. Şəhid ailələrini görəndə özümdən biixtiyar gözlərimdən yaş süzülür.
Onlar ağlımdan çıxmırlar. Övad itkisi bir ana üçün ağırdır. Təsəvvür edin ki, əziyyət çəkib dünyaya gətirirsən, onu min bir əziyyətdə böyüdürüsən... Mən də anamayam və o anaları gözəl anlayıram. Kasıb, yoxsul halı ilə övlad böyüdüblər, yeməyib, geyinməyib övladlarına baxıblar ki, uşaqlarını böyüsün onlar da şəhid olurlar. Düzdür, bu gün əldə etdiyimiz qələbəmizi onlara borcluyuq. Ömür boyu borclu olacağıq. Onların ölümü bizləri çox kədərləndirir. 2020-ci ildə çox şəhidlərimiz oldu. Nur içində uyusunlar.
2020-ci il tək Azərbaycanda deyil, dünyada ölüm ili kimi yaddaşda qalacaq. Geridə qoyduğumuz il dünyada koronavirus bəlası ilə yadda qaldı. Bu virus özü ilə bərabər bir bəla gətirdi. Nə qədər insanlar bu virusa yoluxub, dünyasını dəyişdi. Bütün dünya insanları bu bəladan əziyyət çəkir. Dünyada 2020-ci ili durğunluq, işsizlik, evə qapanma, karantin, asılılıq, azadlıqdan məhrum edilmə, böyük kütlənin işsiz, ac qalması, pis vəziyyətdə yaşaması, çökməsi, iqtisadi böhranların başlaması və sair kimi problemlərlə yaddaşlarda qaldı.
- II Qarabağ müharibəsindəki qələbəmiz Türkiyədə necə qarşılandı?
- Qələbəmiz Türkiyədə böyük əhval ruhiyyə ilə qarşılandı. Adi bir misal çəkim ki, o ərəfədə alış veriş mağazasına getmişdim və satıcı məndən haralı olduğumu soruşdu. Azərbaycandan gəldiyimi dedikdə isə gözləri doldu. Dedi ki, “Siz bizim qardaşımızsınız. Virusdan dolayı səni bağrıma basa bilmirəm. Amma bilin ki, ürəyimizdəsiniz”. Mən də bildirdim ki, Türkiyədə yaşayan qardaşlarımızın da bu qələbədə imzası var. Satıcı II Qarabağ döyüşlərində şəhid olan oğullarımızı öz oğlu hesab etdiyini bildirdi. Bu sözləri deyəndə o, ağladı və mən də ağlamağa başladım. II Qarabağ döyüşləri ərəfəsində bu kimi hadisələri çox yaşadım. Türkiyədə yaşayan qardaşlarımız bizi çox sevir. Mənim Azərbaycanlı olduğumu biləndə deyirlər ki, siz bizim qardaşımız, canımızsınız.
- Hazırda dünya bu gün də koronavirusla mübarizədədir. Maraqlıdır, görəsən bu virus Türkiyə mədəniyyətinə, film və serial sahəsinə necə təsir etdi?
- Koronavirus Türkiyə mədəniyyətinə köklü şəkildə təsir edib. Belə ki, film sahəsində durğunluqdur, teatrlar bağlanıb. Müğənnilərin konsertləri təxirə salınıb. Sənətçilər konsert vermək istəyir, aktyorlar səhnəyə çıxıb tamaşaçılarla görüşmək istəyir, amma ki, qaydalara görə bu mümkün deyil.
- Türkiyədə Yeni il necə keçirildi? İnsanlarda bayram əhval ruhiyyəsi var idimi?
- Türkiyədə yeni il bayramı özəl qeyd olunmur. Əsasən dini bayramlar dövlət səviyyəsində, yüksək şəkildə qeyd edilir. Misal üçün Ramazan və Qurban baramını təntənəli şəkildə qeyd edirlər. Yeni ildə isə sadəcə olaraq füşənglər atılır, sialahlardan atəşlər açılır. Restoranlarda, otellərdə bayram keçirmək istəyənlər üçün şərait yaradılır. Bu il isə demək olar ki, o şərait də yaradılmadı.
- 2021-ci ildən gözləntiləriniz nələrdir?
- Koronavirusun bitməsini və əvvəlki həyatımıza geri dönməyimizi istəyirəm. Reallıq da odur ki, koronavirus bu il də bitməyəcək. Amma çox arzu edirəm ki, bu bəla bizləri tərk etsin. Hər dəfə dua edəndə ailəmlə bərabər bütün dünya insanları üçün də dua edirəm ki, sağlam və xoşbəxt olsunlar. Açığı bu virusdan sonra sağlamlığımızın dəyərini daha çox anladıq və dəyər verdik. Artıq təngə gəlmişik. Koronavirusun peyvəndi nədirsə gətirin vurduraq, bitsin artıq bu zülm. Yetər ki, azad olaq, rahat nəfəs alaq, normal insan kimi yaşayaq. Bütün günü evdə olmaq çox çətindir. Elə bir dönəmi yaşayırıq ki, bizim üçün marketə getmək gəzmək hesab edilir. Təsəvvür edin ki, yoldaşımla evdə çöp atmaq üçün mübahisə edirik. Təki evdən çölə çıxaq. Başqa vaxt onun üstündə mübahisə edirdik ki, çöpləri başqası atsın. İndi deyirəm ki, çöpü özüm apararam yetər ki, evdən çölə çıxıb, bir az hava alım. Allah bizi müharibədən, böyük fəalkətlərdən qorusun. Daha müharibə olmasın, insanlar ölməsin. Dünyasını dəyişən oğullarımız üçün çox üzülürəm. 2020-ci il ağır bir il oldu. Qoy bu 2021-ci il uğurlu bərəkətli, hər kəsə düşərli olsun. Sülh firavan əmin amanlıq içində yaşayaq.
Moderator
Tarix: 1-01-2021, 20:10