Memarlar İttifaqının sədri: “Ermənilər İrəvanda mövcud olan 20-dən çox məscidin başına nə oyun açdılar?!” Erməni məlumat mənbələrində, xüsusən “Telegram” kanallarında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadənin sözləri geniş yayılmağa başlayıb. Xəbər müəllifləri qeyd edirlər ki, guya, Qasımzadə Qarabağ ərazisindəki bütün erməni kilsələrini məhv etməyi təklif edir.
Xüsusilə, onun sözlərindən aşağıdakı kimi sitat gətirilir: “Bu tikililər Azərbaycan xalqına qarşı zorakılıq elementlərindən biridir. Bunlar torpaqlarımızın “ələ keçirilməsinin” və üzərində memarlıq nişanlarının qoyulmasının bəzi simvollarıdır ki, bu da Birinci Qarabağ müharibəsində itirməyimizə görə əbədi bir xatırlama - töhmət olacaq. Bununla qətiyyən razılaşmıram və məhv edilməli olduğunu düşünürəm”.
AYNA vəziyyəti aydınlaşdırmaq üçün Elbəy Qasımzadəyə müraciət etdi. O, fikirlərinin ermənilər tərəfindən kontekstdən çıxarıldığını söylədi və erməni tərəfinin, ayrı-ayrı hissələri çıxarmadan, açıqlamasını tam olaraq oxumasını tövsiyə etdi: “Mən orada, o cümlədən ermənilər üçün çox faydalı şeylər demişəm”.
Qeyd edək ki, söhbət Bəhram Bağırzadənin bloqunda arxitektorun
dediklərindən gedir. Onun məlum çıxışı, Memarlar İttifaqının sədrinin vurğuladığı kimi, xüsusən də Ermənistan tərəfindən işğal olunduğu illərdə Qarabağ ərazisində tikilən erməni kilsələrindən bəhs edir.
“Onların tikilməsində yeganə məqsəd, bu torpaqlarda olduqlarını xatırlamaq üçün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını əsrlər boyu möhkəmləndirməkdir. Bunun azərbaycanlılara mənəvi zərbə olacağını bilirdilər. Və ermənilər otuz ildən az müddətdə orada idilər. Əgər yaradıcılıq fəaliyyəti ilə məşğul olsaydılar, bu ərazidə xəstəxanalar, məktəblər, uşaq bağçaları, yaşayış binaları və müxtəlif mədəniyyət obyektləri meydana çıxardı. Ancaq bunların heç biri inşa edilmədi, çünki işğalçılar gec-tez bu torpaqlardan getməli olduqlarını anlayırdılar”, - Qasımzadə bildirdi.
Onun sözlərinə görə, ermənilərin işğal olunmuş ərazilərdə dini tikililər inşa etmələri Cenevrə Konvensiyasına ziddir: “Bu, cinayət və təcavüz elementlərindən biri sayılır. Torpağımızda bu təcavüz elementləri qalmamalıdır. Əlbəttə ki, bu kilsələrin yerində məscidlər tikilməməlidir. Heç bir halda! Ancaq orada xatirə lövhələri quraşdırıla bilər ki, bu ərazilərdə uzun əsrlər boyu yaşayacaq azərbaycanlıların sonrakı nəsilləri bu torpaqda otuz illik dövrdə nə baş verdiyini unutmasınlar”.
İttifaq sədri əmindir ki, Azərbaycan xalqı heç vaxt abidələri dağıtmayacaq: “Lakin otuz illik işğal altında olan zaman tikilənlər nə memarlıq, nə də tarixi bir dəyər daşıyır. Ermənilər Xudavəng (Dadivank) monastırının taleyi ilə bağlı narahatlıqlarını bildirməyə başlayanda Prezident İlham Əliyev dedi ki, Azərbaycan heç bir abidəni dağıtmayacaq. Amma ermənilər bu ərazidə yerləşən onlarla tarixi və mədəniyyət abidəsini dağıdıblar, məscidlərdə donuz saxlayıblar, hətta Rus Pravoslav kilsələrini belə, məhv ediblər”.
“Ermənilər İrəvanda mövcud olan 20-dən çox məscidin başına nə oyun açdılar?! Bunlar 14, 15, 16-cı əsrlərdə tikilmiş abidələr idi. Özlərini incimiş, dəymədüşər kimi göstərirlər, amma əslində təcavüzkardırlar və cinayətlərinə görə, o cümlədən ermənilərin heç zaman yaşamadıqları şəhərlərdə erməni kilsələri tikdirmələri üçün cavabdeh olmalıdırlar”, - deyə Qasımzadə vurğuladı.
Tarix: 1-01-2021, 10:48