Elmar Məmmədyarovdan "4 milyonluq mənzili hansı pulla almısınız?" sualına CAVAB




Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş xarici işlər naziri, 2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təcavüz zamanı vəzifəsinə səhlənkar yanaşdığı üçün publik qaydada tənqid olunan və işdən çıxarılan Elmar Məmmədyarov "Azadlıq radiosu"na müsahibə verib.
Həmin müsahibədə belə bir fraqment də var. Jurnalist sabiq nazirdən soruşur ki, "Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla bağlı açıqlama vermədi ki, bu, şəxsi məsələdir. Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik”.
E.Məmmədyarov suala qısa cavab verir: "Mən də təkrar edirəm - bu, şəxsi məsələdir”.
Jurnalist bu fikirlə razılaşmır: "Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı?!”
E.Məmmədyarov yenə tövrünü pozmur: "Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər”.
Jurnalist bu dəfə də razılaşmır: "Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?”.
"Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?”.
Belə olanda jurnalist sualı başqa cür qoyur: "O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili?”
"Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”, - deyə sabiq nazir bu dəfə də olduqca sakit və arxayın cavab verir...//baku.ws
Tarix: 31-12-2020, 07:24
Xəbəri paylaş



Xəbər lenti