Hüquqşünas: “Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğu təcili tədbirlər görməlidir” Deputat: “Niyə bu xalqı pis vəziyyətdə qoyurlar?” Hüquq müdafiəçisi: “Zəruri məhsullar elə qiymətə satılmalıdır ki, hər kəs onlardan yararlana bilsin” Məlum olduğu kimi, koronavirus pandemiyasının ölkəmizdə yayılan ikinci dalğası səbəbiylə virusa yoluxanların və ölənlərin sayı artıb, hətta, xəstəxanalarda xəstə qəbulunda məhdudiyyətlər yaranıb. Vəziyyət isə elə həddə çatıb ki, insanlara pulsuz verilməsi nəzərdə tutulan COVID-19 müalicə paketinin apteklərdə pulla satıldığı iddia edilir. Lakin ən maraqlısı budur ki, Azərbaycanda koronavirusun müalicəsində effektiv dərmanlar kimi tanınan bəzi dərmanların apteklərdə olmaması, üstəlik həkimlərin effektiv hesab etdiyi bu dərmanların “qara bazar”da real qiymətindən çox baha qiymətə satıldığı deyilir.
Hətta, iş o yerə çatıb ki, adi qrip epidemiyasının müalicəsində istifadə edilən və qiyməti “su qiymətinə” olan dərman preparatları belə, möhtəkirlər tərəfindən ya gizlədilir, ya da yuxarıda qeyd edildiyi kimi, baha qiymətə satılır. Sosial şəbəkələrdə də ölkə vətəndaşlarının bu problemdən dəfələrlə giley-güzar etdiyinin və artıq bu məsələnin çox böyük problemə çevrildiyinin şahidi oluruq.
Bəs, əhaliyə lazım olan məhsulları ucuz qiymətə alıb saxladıqdan sonra baha qiymətə satan, yaxud süni qıtlıq yaradaraq məqsədlərinə nail olmaq istəyən möhtəkirlərə qarşı necə davranmaq lazımdır? Nəzərə alaq ki, bu gün virusun artan dinamikasını vətəndaşların məsuliyyətsizliyi ilə əlaqələndirib, tətbiq edilən cərmilər artırırlar. Bəs, möhtəkirlərə qarşı nə kimi tədbirlər görülməlidir?
Hüquqşünas Nicat Gözəlov AYNA-ya açıqlamasında deyib ki, Respublika Baş Prokurorluğu baş verən hadisələrə loyal yanaşdıqca, bu hadisələr belə də davam edəcək: “Nəzərə almaq lazımdır ki, dərman şirkətləri konkret olaraq müəyyən şəxslərin və yüksək çinli dövlət məmurlarının əlində cəmləşib. O cümlədən, bəzi deputatların da bu məsələlərdə iştirakları, yəni biznesləri var. Bütün bunlar da vətəndaşları dövlətdən narazı salmaqla nəticələnir”.
Ekspert hesab edir ki, bu işi görənlər birbaşa “5-ci kolon”un adamlarıdır və vəziyyətdən sui-istifadə edirlər: “Birincisi həm maddi bazalarnı artırır - ciblərini doldururlar, ikincisi də Ramiz Mehdiyev kimilərin Azərbaycan dövləti və Prezidentinə qarşı gördüyü işin təməlini təşkil edirlər. Ona görə də bunların qarşıları həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Respublika Baş Prokurorluğu tərəfindən çox ciddi şəkildə alınmalıdır”.
“Bu günlərdə TƏBİB-in sədri Ramin Bayramlı da etiraf elədi ki, apteklərdə vətəndaşlara pulsuz verilməli olan dərmanların satışının təşkil olunmasından xəbərləri yoxdur. Cinayət Prosessual Məcəlləsində də nəzərdə tutulub ki, vəzifəli şəxsin bildirdiyi fikridən sonra kütləvi informasiya vasitələri və internet resurslarından əldə edilmiş materiallarda dövlətə, cəmiyyətə və vətəndaşa qarşı təhlükəli əməllə qəsd edilməsi görülürsə, prokurorluq dərhal araşdırmaya başlayır. Bu gün isə Baş Prokurorluğun bu işdə gecikməsi ya əməliyyat xaratekterli hərəkətlərin aparılması ilə bağlıdır, ya da bu işdə marağının olmaması ilə”, - Gözəlov bildirib.
Müsahibimiz vətəndaşların bu məsələlərə qarşı hələlik səbir göstərdiyini əlavə edib: “Bu gün insanlar həm Azərbaycanın dövlət başçısına, həm də Azərbaycan əsgərinə ziyan dəyməsin deyə, hələlik səbirli davranır. Amma bu səbr də artıq daşıb. Bu möhtəkirliyin, bu biabırçılığın qarşısı alınmalıdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə AYNA-ya açıqlamasında süni qiymət artımının artıq psixoloji məsələyə çevrildiyini deyib: “Biz bu gün müharibədən çıxmışıq və özümüzün şanlı və qalib xalq olduğumuzu deyirik. Onu da bilirik ki, pandemiya ilə bağlı artıq dərmanların qiymətini də kütləvi şəkildə artırblar. Təbii ki, bu sözügedən məhsulları da kütləvi şəkildə ehtiyacı olanlar alır. Bəs, onda niyə bu xalqın cibinə bu qədər hücum edilir? Niyə bu xalqı pis vəziyyətdə qoyurlar? Həqiqətən də buna dözmək olmur”.
“Məlum olduğu kimi, inhisarçılığa qarşı mübarizə aparan rəsmi qurumlar var. Bununla bağlı İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində xüsusi maddələr mövcuddur. O zaman bu qurumlar hara baxır? Əgər bu insanlara qarşı tədbir görülmürsə, demək, əlbirdirlər. Çünki bu işlərə nəzarət edən orqanların üzərinə daha çox məsuliyyət düşür. Vətəndaşlar da artıq çox inciyib, səslərini eşidən, qayğılarına qalan yoxdur. Ona görə də mən qəti şəkildə tələb edirəm ki, qanunlara ciddi şəkildə əməl olunsun, bu insanlara qarşı ciddi şəkildə mübarizə aparılsın", - deyə deputat vurğulayıb.
"Mən İqtisadiyyat Nazirliyini də, inhisarçılığa qarşı mübarizə aparan digər qurumları da, hüquq mühafizə orqanlarını da bu məsələni yekunlaşdırmağa çağırıram. Bu gün Ermənistan məğlub və böhran içində olan ölkədir və vətəndaşlarının həyat səviyyəsi də pisləşib. Bəs, bizə nə olub? Biz ki, qalib ölkəyik!”, - o, əlavə edib.
Kərimlinin fikrincə, müharibədə əldə edilən qələbənin eyforiyası bitəndən və insanların gündəlik həyat tərzi hakim olandan sonra narazılıqlar artmağa başlayacaq: “Bax, bu zaman da narazılqların trayektoriyası dövlətə və hökumətə yönələcək. Prezidentin bu qədər uğurlarından və hamı hər şeyi Prezidentdən gözləyəndən sonra, bu nailiyyətlərə niyə kölgə salırlar? Niyə bu uğurları heçə döndərirlər? Ona görə də bizi məhv edən inhisarçılıq həvəsi və addımlarına qarşı çox ciddi tədbirlər görmək lazımdır”.
Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov da AYNA-ya şərhində bu cür addım atan şəxslərin cəzalandırılmalı olduğunu qeyd edib: “Bildiyiniz kimi, Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Hesab edirəm ki, həmin qurum mütləq şəkildə təcili tədbirlər həyata keçiriməlidir. Ümimiyyətlə, daha yaxşı olardı ki, nəzərdə tutulan tədbirlər planı da əvvəlcədən məlum olsun. Çünki pandemiya, müharibə və bu kimi digər fövqaladə vəziyyətlərdə əvvəlcədən fəaliyyət planı təqdim ediləndə daha xoş qarşılanır və insanlarda belə bir inam yaranır ki, dövlətin konkret bir planı var və o plan üzrə addımlar atılacaq”.
“İnzibati Xətalar Məcəlləsində də, Cinayət Məcəlləsində də süni qiymət artımı və istehlakçıların hüquqlarının pozulması ilə bağlı cəzalar nəzərdə tutan müddəalar var. Bu baxımdan, faktlar ciddi və obyektiv şəkildə araşdırılmalıdır və təqsirkar şəxslər kimliyindən asılı olmayaraq nəzərdə tutulan müddəalar üzrə məsuliyyətə cəlb edilməlidir ki, bu, digərlərinə də nümunə və örnək olsun və heç kim bu pozuntulara yol verməsin”, - deyə hüquq müdafiəçisi vurğulayıb.
Cəfərovun sözlərinə görə, problemi göstərməklə yanaşı, problemdən çıxış yolunu da göstərmək lazımdır: “Problemdən çıxış yolu isə aydındır. Həmin inhisarçlıqla qeyri-təbii məşğul olan, istehlak mallarının üzərindən həyata keçirilən inhisara son qoyulmalıdır. Təklif edirəm ki, birincisi əvvəlcədən fəaliyyət planı olsun, ikincisi faktlar araşdırılsın, üçüncüsü isə faktlar araşdırılandan sonra müvafiq cəzalar tədbiq olunsun. Sözsüz ki, çox böyük həcmdə maarifləndirmə kampaniyaları da həyata keçirilməlidir. Yeri gəlmişkən, bu təklif təkcə dövlətə yox, həm də həmin sahə üzrə məşğul olan ictimai qurumlara, bu hallarla üzləşən şəxslərə, vətəndaş cəmiyyətlərinə aiddir. Onlar da aktiv şəkildə bu hallara qarşı dövlət qurumlarına, vətəndaş cəmiyyətlərinə müraciət etsinlər, sosial şəbəkələrdə yazsınlar ki, bəlkə müəyyən bir müddətə yaxşıya doğru nəticədə əldə oluna”.
Müsahibimiz hesab edir ki, dərmanların əldə edilməsindəki çətinliklər, qiymətlərin çox baha olması pandemiyadan əziyyət çəkənlərin artmasına səbəb olur: “Anti-inhisar tədbirlərinin mahiyyəti də ondan ibarətdir ki, vətəndaşın onun həyatı, sağlamlığı və inkişafı üçün zəruri olan məhsullara çıxış imkanı olsun. Bu, istər ərzaq məhsulları, istər geyim vasitələri, istər zəruri avadanlıqlar, istərsə də dərman preparatları olsun – hər sahəyə aiddir. Yəni anti-inhisar anlayışının fəlsəfəsi budur: zəruri məhsullar öz qiymətinə satılmalıdır ki, vətəndaşlar da bundan yararlana bilsin və problemin öhdəsindən gəlsinlər”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 29-12-2020, 15:29