“Oqtay Şirəliyevin, Ramin Bayramlının, Zaur Əliyevin monopoliyasından bizi yalnız İlham Əliyev qutara bilər”


“Bir müddət öncə gördüyüm və müşahidə etdiyim narahatçılıqlar məni “Koronavirus dərslərindən ibrət götürülməlidir” adlı məqalə hazırlayıb əməkdaşlıq etdiyim Moderator.az saytında çap etdirməyə sövq etdi. Buna görə saytın baş redaktoru Zülfüqar Hüseynzadəyə minnətdarlığımı bildirirəm.
 
Həmin materialda bir sıra təkliflərlə yanaşı, Nazirlər Kabineti Yanında Operativ Qərargahın, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər əlaqədar təşkilatların fəaliyyətinin yoxlanılmasını və təsirli tədbirlər görülməsini vacib hesab etmiş və bunu koronavirusun qarşısını almaq üçün vaxtı çatmış tədbir kimi qabardılmışdır. Ölkə hökümətinin başçısı, çox hörmətli Əli Əsədovdan rica etmişdim ki, bu məsələyə müdaxilə etsin...
 
Qeyd etmişdim ki, Azərbaycan qanunvericiliyində xəstəyə tibbi yardım göstərməməyə və onu təhlükədə qoymağa görə cinayət məsuliyyəti müəyyən edilib. Səhiyyə Naziri Oqtay Şirəliyevin, TƏBİB-in rəhbəri Ramin Bayramlının təsadüfi kadrlar olduğunu əsaslandırmış, millətin çətin günündən bəhrələndiklərini, rəhbərlik etdikləri sahədə korrupsiya və sui-istifadə hallarına yol verildiyinə görə onların məsuliyyət məsələsinin həll edilməsini xahiş etmişdim.
 
Ölkə rəhbəri, möhtərəm İlham Əliyevin, 1-ci Vitse-Prezident, ixtisasca həkim olan çox hörmətli Mehriban xanım Əliyevanın şəxsən gördükləri intensiv və kompleks tədbirlər nəticəsində ölkənin ən vacib yerlərində çoxsaylı səhiyyə müəssisələri açılmış, vəsaitlər ayrılmış, dərmanlar gətirilmiş, hətta xaricdən yüksək ixtisaslı müətəxəssislər belə dəvət edilmiş, bu məsələ nəzarətdə saxlanılmışdır. Sual olunur: Bəs nə üçün ölkənin səhiyyə sistemi bu tarixi sınaqdan çıxa bilməmiş və çoxsaylı insan ölümləri baş vermişdir?
 
Ölkə rəhbərliyinin gördüyü böyük tədbirlər kontekstində səhiyyə xidmətini bu dərəcədə yarıtmaz yerinə yetirmiş Oqtay Şirəliyevə, Ramin Bayramlıya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə  və s.  üzümü tutaraq soruşmaq istəyirəm ki, millətimizin sağlamlığının qorunması haqqında konstitusion hüquqlarının icra edilməsi barədə vəzifənizi nə üçün yerinə yetirmədiniz? Səbəb və maraq nə idi?  Yəni siz ölkə rəhbərliyinin iradəsinə qarşı nə üçün getdiniz? Nə üçün özünüzü ölkə qanunlarından üstün tutdunuz?..
 
Məqalədə həmçinin koronavirusun yaradılmasında beynəlxalq terror niyyətinin olduğunu əsaslandırıb ABŞ-ın, Çinin, eləcə də Harvard və Boston universitetlərinin  müvafiq vəzifəli şəxslərinin beynəlxalq məhkəməyə verilməsini, həm də dövlətlərə və insanlara vurduğu maddi və mənəvi zərərlərə görə təzminat ödəmələrinin vacibliyi qeyd edilib. Bu gün vaxtı ilə tarixi zərurət üzündən yaradılmış bir sıra beynəlxalq təşkilatların artıq etimadı doğrultmadığını, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində şərh edərək, bu problemə yenidən baxılmasının tarixi zəruriliyini əsaslandırılıb. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp kimi bir şəxs də pandemiya ilə bağlı yaxından izləyərək, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətsizliyini əsaslandıraraq üzvlük haqqının ödənilməsindən belə haqlı olaraq imtina edib. Məsələ burasındadır ki, böyük dövlətlər vaxtı ilə müxtəlif beynəlxalq təşkilatlar yaradaraq onların “çətiri altında” hətta kriminal əməllər, kəşfiyyat, terror və s. bu kimi işlərlə məşğul olurlar. Yüzlərlə belə faktlar vardır. Əminəm ki, onların çoxu məhz Ümumdünya Səhiyyə Təşkilatıyla bağlıdır.  Bu təşkilat öz funksiyasını lazımi qaydada yerinə yetirmiş olsaydı, koronavirus vaxtında aşkar edilər və onun qarşısı qətiyyətlə alınardı. ÜST-ün efiopiyalı  baş direktoru, səhiyyə sistemində heç bir böyük  xidmətləri olmayan Tedros Qebreyesusun ən uzağı Efiopiyanın Səhiyyə və Xarici İşlər naziri ola biləcəyini qeyd etməklə onun 2013-cü ildə Afrika Birliyi Təşkilatının İcra Şurasının sədri olduqdan sonra 2017-ci ildə (mətbuatın yazdığına görə qeyri-leqitim, qeyri-şəffaf yolla) ÜST-ün baş direktoru “seçilib”. Siz ondan ayrı nə gözləyə bilərsiniz?..
 
Yaxud elə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı karantin tədbirlərinin sərtləşdirildiyi bir dövrdə Quba-Xaçmaz istirahət zonasında “yaxalanmışdır”.  Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən yüksək ixtisaslı çoxsaylı tibb mütəxəssisləri olmasına baxmayaraq Hande Harmancı ÜST-ün Azərbaycan nümayəndəsi necə təyin edilib? Bu da eyni ilə Ramin Bayramlının TƏBİB-ə rəhbər təyin edilməsi kimi bir şeydir. Görün, Azərbaycan vətəndaşlarının sağlamlığı kimlərə həvalə edilmişdir?! Bu məsələ, həqiqətən, yoxlanılmalı, tədqiq olunmalı və tədbir görülməli milli bir problemdir. Bu mənada millət vəkili, hüquqşünas Qüdrət Həsənquliyevin Milli Məclisdəki  “TƏBİB adlandırılan qurum özünü doğrultmadı, xalqın nifrətini qazandı” məzmunlu bəyanatı ilə çox razıyam. O, haqqı deyib...
 
Üzümü ölkə rəhbərliyinə, 44 günlük Vətən savaşında Azərbaycanın işğalçı, faşist Ermənistan hökuməti üzərində  böyük qələbəsini təmin etmiş Ali Baş Komandan, Prezident İlham Əliyevə  tutaraq  ölkə vətəndaşını sağlamlığı etibar edilmiş bu təsadüfi adamlardan xilas etməsi üçün qətiyyətli tədbirlər görməsini xahiş edirəm. Çünki Qarabağ problemindən qurtardığı kimi, Oqtay Şirəliyevin, Ramin Bayramlının, Zaur Əliyevin monopoliyasından da bizi yalnız İlham Əliyev qutara bilər. Eyni zamanda hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edirəm:
 
Cənablar, bilirəm işiniz çoxdur, amma unutmayın ki, qeyd etdiyim insanların cinayətkar əməlləri üzündən çoxsaylı insanlarımız həyatdan köçmüş, sağalmaz xəstəliklərə düçar olmuşlar. Axı qanunvericilik Təcili Yardım xidmətinin vaxtında gəlməməsinə, zəruri tibbi yardım göstərməməyə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Arzu edirəm ki, bu məsələlərə araşdırıb hüquq müstəvisində qiymət verəsiniz. Koronavirusa yoluxaraq səhhətimin ağırlaşmasına rəğmən 30 ilin prokurorluq işçisi, müharibə və əmək veteranı, hüquq elmləri doktoru, professor kimi mən də  bu sahədə bacardığım köməyi etməyi insanlıq borcum hesab edirəm...
 
Qətiyyətlə demək olar ki, səlahiyyətli komissiya araşdırma apararsa, bunun bütün günahlarının məsul icraçılarda - Oqtay Şirəliyevdə, Ramin Bayramlıda, onun rəhbəri Zaur Əliyevdə olduğuna əmin olacaqdır. Sadəcə prinsipiallıq və qətiyyət lazımdır...
 
Hörmətli Prezidentimiz İlham Əliyevin şəxsi iradəsi və qətiyyəti ilə tarixi qələbəmiz artıq təmin olunmuşdur, erməni işğalına son qoyulmuşdur. 44 gündə əldə edilən, inanılmaz, bəşəriyyət tarixində nadir və təkrarsız bir qələbəyə nail olmuş, çoxdan Milli Qəhrəman hesab etdiyim İlham Əliyevə inanır və ümid edirəm ki, o, vaxt tapıb səhiyyə xidmətini bu bərbad vəziyyətə salan şəxslər barədə qətiyyətli tədbirlər görəcəkdir.
 
Bəhram Zahidov
 
Sabiq millət vəkili
Tarix: 26-12-2020, 23:22
Xəbəri paylaş



Xəbər lenti