İcra hakimiyyəti ilə “Fədək”in mübhəm sövdələşməsi – sakinlər baş prokurora şikayət göndərdi


Nəsimi rayonunda vətəndaşların evlərinin onların razılığı olmadan dağıdılması, ev əşyalarının oğlurlanması haqda reportaj hazırlamışdıq. Nəsimi rayonunda yaşayan Mansur Ələkbərov demişdi ki, evinin qanunsuz sökülməsinin səbəbkarlarından biri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Narazı vətəndaş iddia edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.
Redaksiyamıza daxil olan digər müraciətdən belə aydın olur ki, rayon ərazisində icra başçısının adı qarışan belə qanunsuzluqlar az deyil. Azadlıq prospekti 80 ünvanında yaşayan vətəndaşlar Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayaq, ondan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və onun müavinlərini korrupsiya sxemlərində iştirakı yoxlamasını xahiş ediblər.
Müraciət müəllifləri təqdim etdikləri faktların araşdırılmasını istəyirlər:
“2017-ci ilin yayında Nəsimi İcra Hakimiyyəti tərəfindən Azadlıq prospekti 80 ünvanında yerləşən bina qəzalı elan edildi. Prezidentin müvafiq sərəncamının olduğunu iddia edərək bildirdilər ki, ev söküləcək və yerində yeni bina tikiləcək. Bu işlərin podratçısı olaraq “Fədək” şirkətini dəvət etdilər. “Fədək”in icraçısı Yavər Qurbanov əvvəllər məhkum edilmiş və dələduzluğa görə cəza çəkmişdi. Onun məhkumluğu sökülən evin sakinlər tərəfindən araşdırılıb. Birbaşa vəzifələrinə laqeyd yanaşan Nəsimi İcra Hakimiyyətinin başçısı yeni evin tikilməsi haqqında təminat verdi və torpaq sahəsini əvvəllər inşaat tikintisində fırıldaqçılıqda ittiham olunan Yavər Qurbanova 49 illiyə icarəyə verdi. Daha sonra bir neçə dəfə sakinlər icra hakimiyyətində qəbulda olarkən cinayət törətmiş şəxsin rəhbərlik etdiyi şirkətin inşaatçı kimi seçilməsinin səbəbini soruşduqda, “Fədək”in icraçısının mühakiməsi barədə bilmədiklərini qeyd etdilər. Hansı ki, podratçıların keçmişi dövlət orqanları tərəfindən diqqətlə yoxlanılır. Nəsimi İcra Hakimiyyəti isə bunu etməyib. Sual olunur, niyə?”
Müraciət müəllifləri yazır ki, yuxarıda göstərilən fakt “Fədək” ilə İcra Hakimiyyətin arasındakı korrupsiya sövdələşməsini açıq şəkildə göstərir: “Bütün sakinlərin evi tərk etməsini gözləmədən, “Fədək” təhlükəsizlik qaydalarının kobud şəkildə pozub, binanın sökülməsinə başladı. Bu da İcra Hakimiyyətinin ilə “Fədək” arasındakı cinayət sövdələşməsini göstərir. Sakinlərin bütün şikayət və suallarına icra nümayəndələri yalan danışaraq, bildirdilər ki, bu guya Nazirlər Kabinetinin qərarıdır. Bütün sakinlərdən köçməyini tələb olunduğunu iddia edirdilər.
2019-cu ilin dekabr ayında evdən çıxmaqdan imtina edən sakinlər Nəsimi rayon İcra Hakimiyyətinini məhkəməyə verdilər. Apelyasiya instansiyası (iş № 2 (103) -14867/2019) müvaqif qərar çıxardı və sakinlərin evdən çıxarılması yasaqlandl. Beləliklə, ilkin şübhəli qeyd olunan layihə sual altındadır. 2019-cu ilin dekabrında binanın tikintisi dayandırılıb. Nəsimi İcra Hakimiyyətindən bildirdilər ki, hüquq-mühafizə orqanları tikintiyə qadağa qoyublar. Lakin bunun səbəbləri indiyə kimi nəmalumdır.
O vaxtdan bəri heç bir sənəd təqdim etmədən, İcra Hakimiyyəti “Fədək”in bir neçə yeni idarəedicilərini sakinlərə təqdim edib. İcra Hakimiyyəti sakinlərin suallarını və şikayətlərini nəzərə almır və məsuliyyəti tikinti şirkətinə həvalə edir. Bu dələduzları gətirən Nəsimi rayonu İcra Hakimiyyəti məsuliyyəti üzərinə götürmür. İH-nin birbaşa aldatması nəticəsində ev tikilmir, kirayə pulu verilmir və yüzdən yuxarı Azərbaycan vətəndaşı belə çətin bir zamanda sadəcə evsiz və kirayə pulsuz çöldə qalıb”.
Müraciət müəllifləri baş prokurordan xahiş edirlər ki, Nəsimi İcra Hakimiyyəti ilə “Fədək” şirkəti arasında qanunsuz, cinayət xarakterli sövdələşmənin olub-olmamasını araşdırsın, cinayət işi başlansın, suçlu şəxslər məsuliyyətə cəlb edilsinlər.
Nəsimi İcra Hakimiyyətindən məsələ ilə bağlı sorğumuzu cavablandırmaqdan imtina etdilər. “Fədək” yetkililərinin telefonlarına isə zəng çatmır.
Elşən Məmmədəliyev,
Musavat.com
Tarix: 26-12-2020, 10:03
Xəbəri paylaş



Xəbər lenti