Günahkar o direktor deyil, onun əməllərini ört-basdır edənlərdir


Nailə MəmmədovaNailə Məmmədova

"Təhsil sektorlarında kadrlara yanaşma ikili standartlar əsasında aparılırsa, heç kəs inkişafı gözləməsin. Çünki hər bir ölkənin inkişafı ilkin növbədə təhsildən başlayır. Təhsili sağlam və yararlı kadrlar təşkil və idarə etmirsə, buraxılan "zay məhsullar" əmək bazarını, iqtisadiyyatı, səhiyyəni, bilavasitə cəmiyyəti və ölkəni çürüdəcək.

Nədənsə, kənd məktəbində direktor işləyən Elnur Rzayevin avtobus sürməyini böyük qəbahət hesab edib onu işdən çıxaran Təhsil Nazirliyi, təhsil müəsissələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdığı üçün təqiblərə məruz qalan yararlı kadrların başlarına açılan oyunlara göz yuman Təhsil Nazirliyi, son günlər uyğunsuz videoları ilə gündəmi zəbt edən, davranış və danışıq kodeksi ilə öz kimliyini və təhsil sektoruna yararsızlığını açıq şəkildə ifşa edən, ən önəmlisi isə etdiyi yalnışı qəbul etmək əvəzinə, hərəkətlərinə fərqli don geyindirməyə çalışaraq Azərbaycan əsgəri, ordusu, bayrağı və milli dəyərləri arxasında gizlənən Nailə Məmmədovaya yalnız töhmət verməklə kifayətlənir. Niyə? Nə vaxta qədər təhsil müəssisələrində arxalı köpəklər qurd basacaq? Necə olur ki, bayrağı başına qoyub oynayan bir cahil, ali təhsil pilləsinə hələ yenicə qədəmini qoymuş tələbənin gələcəyini kor etməyə niyyətli olan bu "ziyalılar", Nailə Məmmədovanın, xüsusi vurğulayaq ki, təhsil müəssisəsinin direktorunun, ali təhsilli şəxsin, hərəkətləri və danışığı idarə etdiyi heyətə nümunə olacaq kadrın yersiz hərəkətlərini gözardına alır?
Əgər kresloya oturan şəxs onun mahiyyətinə və məsuliyyətinə yox, bər-bəzəyinə diqqət edirsə, olacağı da budur? Ümumiyyətlə, belə adamların nə işi var axı təhsil müəssisələrində?
Necə olur ki, savadlı, qabiliyyətli, yararlı kadrların günahsız şəkildə ən xırda hərəkətlərindən belə böyük ssenarilər düzəldə bilirsiz, şəxsi münasibətləriniz çərçivəsində qərarlar verə bilirsiz, kimisə rahatca qulağından tutub ata bilirsiz, kiməsə töhmət, kiməsə şiddətli töhmət, kiməsə şiddətli maddə verə bilirsiz? Bəs bu Nailə Məmmədovalar? Nailə Məmmədova ziyanlı "ziyalılar" toplusunun sadəcə simvoludur. Çoxdur belələri, bəli, ürək ağrısı ilə deyirəm ki, xüsusi ilə də təhsil müəssisələrində çoxdur belələri. Elmi işlərindən xəbəri olmayanlar, aldıqları diplomlardakı ixtisaslarının pratikasını qəssablıq və kadrlar üzərində keçən kadrlar çoxdur! Vətən bayrağını, bu dövlətin milli atributlarını, dövlətçiliyin maraqlarını ən öndə qorumalı olanlar, bunları əllərində vasitə seçib qabağına keçəni də kəsib doğrayanlar çoxdur. Günahkar isə onlar deyil, onlara o səlahiyyəti verib həmin yüksək postları onlara həvalə edənlərdir, əməllərini ört-basdır edib qulaqardına vuranlardır.
Nə qədər kadr dəyişirsiz dəyişin, gələn kadrlar gedənlərin bulağından su içənlər olduqca, mahiyyət dəyişməyəcək. Sadəcə, nə olacaq bu gedişlə? Üsyan! Təhsil üsyanı! Bəli, savadlı kadr qalmayacaq ölkədə, olmayacaq heç bir gələcək! Qərarlar qanunvericiliyə söykənmirsə, ikilistandartlar və şəxsi münasibətlər fonunda həyata keçirilirsə, deyilən və yazılan sözlər daşa dəyib qayıdır. Vətənpərvərlik maskasına bürünüb yalnız reklam üçün, şəkil üçün tədbir təşkil edən, Vətən bayrağı kölgəsində gizlənib mahiyyətini ruhuyla, vicdanıyla dərk etməyən, hörmətli müəllim tituluna ləkə vuran bütün qəssabları qınayıram.
Bugün bütün sosial şəbəkələrdə hələki yalnız bir qəssabı paylaşırlar. Fərqi nədir, biri ət doğrayır, biri tale doğrayır, biri karyera."
Vüsalə Ağabəyli 
Vüsalə Ağabəyli, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Tarix: 25-12-2020, 16:15
Xəbəri paylaş



Xəbər lenti