“Fillər aslanlara hörmət edir. Aslanlar da pələnglərə. Yalnız bitlər heç kimə hörmət qoymur” (Sergey Dövlətov)Bakı məktəblərindən birinin direktoru özünün 60 illik yubileyini qeyd edibdir, kimsə bu möhtəşəm bayram tədbirindən videonu internetdə yayıbdır, təhsil naziri qəzəblənərək direktora şiddətli töhmət vermişdir. Dünən direktora növbəti cəza polis idarəsindən gəlmişdi - karantin rejimini pozduğu üçün xanımı cərimə etmişlər. Bir ata sözümüzdə bu cür ikiqat cəzalar təsvir edilmişdir, hərçənd yeri deyil yazaq. Məncə xanım direktorun hüquqlarını müdafiə üçün hansısa komitet qayırmağa da ehtiyac var. Axı qanuna görə bir nəfəri hansısa əməlinə görə iki dəfə cəzalandırmaq olmaz! Vallah. Əziz canım üçün belədir.
Əlim dinc durmadı, internetdə axtardım ki, görüm bu direktorun yubiley tədbirləri nə cür olmuşdur. Sevindim. Çünki hardasa Şuşanın alınması qədər təntənəli keçirilmişdi. Müəllimələr oynamış, oxumuş, kəndirbazlıq etmiş, ibtidai sinif müəlliməsi Bibixanım müəllimə 32 kiloluq daşları oynatmış, bədən tərbiyəsi müəllimi Gülbala bəyin üstündən Qaz-53 avtomobili keçmiş, əlaçı şagirdlərdən Məsməgülüm kövrək şeirlər oxumuş, məktəbin məzunlarından, yeddi il qabaq Dağıstan Kosmik Tədqiqatlar İnstitutunun Məştağa filialına yüksək keçid balıyla girmiş Əliqulu direktorun şərəfinə təsbeh fırlatmışdır... üzr istəyirəm, nağarada milli musiqi nömrələri ifa etmişdir.
Zarafat eləmirəm, o boyda məktəbin bu boyda direktorunun 60 illik yubileyindən görüntülərdə əgər orada bir ziyalı yığıncağının keçirilməsinə dair yarım saniyə tapmaq mümkün olardısa, bu yazını yazdığım klaviatura mənim gözümə girsin. Vallah, hər şeyi başa düşürəm. Çətin zəmanədir, hərə bir cür başını fırlayır. Müəllim peşəsinə hörmət qalmayıb. Məktəblə bazar çoxdan sinonim sözlər olub. Ancaq ta direktora ad günündə sırğa taxmaq nədir?
Hərçənd, internet həmin direktorun ötən illərdəki fəaliyyətləri haqda önümə elə linklər atdı ki, bu yubileyə şükür elədim. Məsələn, bir linkdə direktor jurnalistə ağzına gələni deyirdi. Başqasında saçlarına iki bayraq taxıb (?!) balta ilə ət doğrayırdı. Əslində çox orijinal adam deyə bilərik. Vətən belə direktoruyla fəxr etməlidir, yuxarıda yazdığım tənqidləri geri götürürəm. Mən həmin direktor haqda nə pis söz yazmışamsa, hamısı ikiqatıyla özümə gəlsin. Nazir də lütfən, o şiddətli töhməti ya ləğv eləsin, ya da özünə yazsın.
Biz seçilən insanlarımızın qədrini bilməliyik. Keçən həftə apteklər “korona dərmanı paketi” adıyla 53 manatlıq qutuları satışa çıxardılar. Üstünə də “Təbib” idarəsinin adı vurulmuşdu. Camaat narazılıq edəndə idarə paketdən boyun qaçırdı. Dedilər bunu bir dərman firması hazırlayıb, özlərini bizə oxşadıblar, tapşırmışıq, adımızı qutudan siləcəklər. Deyəsən sildilər də. Ancaq nə dəyişdi ki? Guya heç kim bilmir ki, o dərman firması hansı deputatındır? Guya tibbə baxan rəsmi şəxslərin Tarif Şurasının dərman qiymətləri haqda qərarlarından, lap heç o şura olmasın, dünya qiymətlərindən xəbəri yoxdur? Axı həmin gülməşəkər paketdəki “C vitamini”nin 20 dənəli tableti TŞ-da topdan 4 manata, pərakəndə 4 manat 82 qəpiyə qeydiyyatdan keçib. (Paketi qayıran “alimlərin” rəyinə görə pasiyent bundan 20 gün, hər günə 2-4 tablet olmaqla atmalıymış). Maqnezium ampulu yazıblar, bunun 10 dənəsi yenə TŞ-də 1 manat 13 qəpikdir. D3 vitamini də 5 manatdan 13 manata qədər qiymətədir. Başqa bir-iki vitamin də vardı, qiymətinə baxmağa həvəs olmadı. Üst-üstə toplasan heç cür 25 manatı keçməz. Bəs indi soruşmaq lazımdır ki, o paketin toplam qiymətini 53 manata qaldıran inhisarçı kimdir? Suala düzgün cavab tapana məktəbdə yubiley keçirəcəyik.
Zamin HACI
Tarix: 24-12-2020, 08:32