“Öz ordusunu yedirtmək istəməyən xalq, tezliklə yad orduları yemləməyə məcbur olar” (Napoleon)Biz çox gözəl ölkədə yaşayırıq, gərək bunun qədrini bilək. Dünyanın heç bir yerində belə vətənpərvər insanlar yaşamır.
Örnək üçün, yayda Milli Mətbuat günündə bəzi jurnalistlərə hökumət tərəfindən mənzil hədiyyə edilmişdi. Elə bilirsiniz o jurnalistlər həmin mənzilə köçdülər? Heyhat! Haşa! Hayır! Onlar həmin evləri öz oxucularına bağışladılar!
Yaxud, hökumət həmişə şairləri yağ-bal içində, ovcunda saxlayır. Nəyə görə? Çünki sözün qədrini bilən hökumətdir. Bilirlər ki, şairə sağlığında qiymət verməsən, öləndə fəxri xiyabana basdır - mənası olmaz. O baxımdan, şairlərin mənzil, avtomobil, katibə, kabinet, ilham pərisi, məşuqə, repetitor, kurort, kabab, araq, mey, saqi, badə, qarınağrı dərmanı, COVİD-19 testi, TQDK-nın “Abituriyent” jurnalı, hamam dəsmalı, kisə, əl-üz sabunu, şam, pərvanə, qafiyə, heca, yonca və sairə ilə təchiz olunması daima hökumətimizin diqqət mərkəzindədir. Təzəlikcə yenə bir şairə ev vermişdilər, lakin şair o evi dərhal oxuculara hədiyyə etdi. Deyib ki, öldür məni, yaşamaram bu evdə! İzah edib ki, şairin evi buludlardır, meşələrdir, vətənin çölləri, zirvələridir. Görüb sözlə təsir eləmir, şeirlə çatdırıb: “Yastı-yastı qayalar, Yastığıdır şairin!” Hətta hökumət şairin maskasına virus atıb tutmaq istəyib, lakin o, bütün təzyiqlərə mətanətlə sinə gərmişdir.
Neçə dənə icra hakimi tanıyıram, öz maaşını rayondakı şəhid ailələrinə bağışlayıb, ac-yalavac, birtəhər ömür sürür. Bəziləri yalandan açdığı iş yerlərinin maaş kartlarını qazilərə veribdir. O cümlədən, hazırda həbsdə olan məmurlar böyük vicdan, mərhəmət, namus, qeyrət, şərəf, ar, ləyaqət örnəyi göstərməkdədir. “Beynəlxalq Bank”ın keçmiş müdiri Cahangir müəllimin Londonda yaşayan zövcəsi Zamirə xanım düz 12 gündür “Harrods” univermağından alış-veriş eləmir! Dəhşətdir. Heç bilirsiniz bu nə deməkdir!? Hardan biləsiniz, ay yazıqlar. O arvad bizdən ötrü məşəqqət çəkir. İmişlinin keçmiş başçısı Vilyam müəllim isə kabinetindən aşkar edilən avro yeşiklərindən birini “Yaşat” şəhid ailələrinə yardım fonduna keçirmişdir, sadəcə, indi biz gərək o pulları hüquq-mühafizə orqanlarından geri alaq.
Bütün cəbhələrdə yüksək patriotizm yaşayırıq, ermənilər yanıb ölsün. Cəbhə demişkən... Bu yaxında hansısa hərbi hissəmizdə əsgərlərin öz tikələrini yarı bölməsinin videosu yayılmışdı. Əhvalatı görəndə dözməkdə çətinlik çəkən məşhur generallarımızdan biri öz qoyun, mal-qara sürülərini el yolunda yağmalamaq əmri vermişdir. Başqa bir general Bakı şəhərində dar gün üçün saxladığı villalarından birini satmış, əldə olunan vəsaiti motoatıcı taborun saxlanılmasına yönəltmişdir. Onu da nə qədər eləyiblər, yolundan döndərə bilməyiblər, deyib, ya Qarabağ, ya villam, başqa yolu yox artıq! Dünən jurnalistlər adamın vağzalda skameykada yatdığını müşahidə etmişlər. Sən demə, yazıq axırıncı villasını satıbmış! Əvvəlki villaları isə yük avtomobilinə, zirehli maşınlara qoşub, dartıb aparıb Qarabağda kazarma kimi istifadə üçün əsgərlərimizə fəda etmişdir. Vallah, mən çox kövrəlmişəm, oxucular icazə versəydi yazını yarımçıq qoyub gedib bir ağız ulaya-ulaya ağlayardım. (Müəllifin ağlamaqdan qayıtmağını gözləyirik, yeni məlumat-zad olan kimi sizlərin diqqətinə çatdıracağıq - red.)
Zamin HACI
Tarix: 22-12-2020, 09:30