"Kiminizsə, yaxın, tanış olan biri dünyasını koronavirus səbəbi ilə dəyişərsə, sadəcə " filankəsi də COVİD apardı, Allah rəhmət eləsin" yazmayın. Yazın ki, vaxtında müalicə ala bilmişdimi, dərman tapa bilmişdizmi? Dərmansızlıqdan dünyasını dəyişdi? Yoxsa hər şey edildi və vaxtında edildi? "
Bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə şəxsi feysbuk səhifəsində yazıb. Həkim qeyd edib ki, əziz insanlar, biləsiniz ki bizdə ölüm çoxluğu, ağırlaşma çoxluğu dərmansızlıqdandır:"Əgər adamlara deyilsə ki xəstə olanda filan dərmanı aptekdən alıb, filan qayda ilə içə bilərsən, o heç sistem filan arxasınca düşməz. Mən özüm hazırda qaynatam - qaynanamın hər ikisi üçün qara bazardan dərmanlar əldə edərək onların müalicəsi ilə məşğulam. Favipiravir 40 ədəd 300 manat, hər ikisinə (600 manat), kleksan 0.4 (biri 15 manat olmaqla 14 ədəd = 210 manat), Kaletra bir tableti 3 manat ( 60 manat)...
Bunlar birinci dərəcə dərmanlar. Hələ ikinci dərəcəli vitamin və s saymıram. Onlar apteklərdə var.
TƏBİB-in adını çəkmirəm. TƏBİB deyir biz ancaq xəstəxanada yatanlara cavabdehik. Bu da bir daha parçalanmış səhiyyənin vəziyyətini ortaya qoyur. Sloqan isə əladır : "Biz birlikdə güclüyük". Hansı birlikdən söhbət gedə bilər ki, TƏBİB və SN hərəsi bir öhdəlikdən danışır və ortaq məxrəc yoxdur. Devizi dəyişmək lazımdır: "Biz birlikdə ölürük". Digər məqamı da qeyd edim ki, qaynanam şəkərli diabet xəstəsi, qaynatam isə bir neçə il əvvəl açıq ürək əməliyyatı keçirib. Dərman olmadan onların bu virusdan can qurtaracağını kim deyə bilər?
A. İsmayılzadə qeyd edib ki, arada infeksionistə də müraciət edilib:"O infeksionist ki, Arbidol yazır. Amma bilir ki, Arbidolun mənası yoxdur. Həm də bilir ki, digər dərmanlar da aptekdə yoxdur. Və beləliklə insanları şansa buraxırıq. Bizim xəstəyə isə "bundan sonra favipiravir verilməyinin mənası yoxdur" deyib, kardiomagnil, natri xlor, Deksametazon və bir polivitamin tablet yazıb evə göndərib ki, indilik vəziyyət yaxşıdır, irəlidə oksigen balonuna ehtiyac ola bilər. Halbuki elə favipiravir verəndən sonra xəstə yaxşılaşdı, hərarət düşdü, saturasiya qalxdı. İndi biz hamıya qara bazara üz tut deyə bilərikmi? O infeksionist bizə demədi, çünki TƏBİB işçisidir. Mən və başqa həkimlər isə deyə bilmirik, çunki camaatın o qədər pulu yoxdur. İnsan psixoloji məhv olar ki, demir ki pulum yoxdursa ala bilməyəcəm və ölümün gəlməyini gözləyəcəm.
Bundan sonra qaynatamgilin vəziyyətində ağırlaşma olsa mən deyərəm ki, hər şey edilməsinə baxmayaraq virusa qalib gələ bilmədik. Amma inandırım sizi ki, hazırda ölkəmizdə vəziyyət (
əsasən evdə müalicəsiz qalanlar barədə) "heç nə edilmədiyinə və ya zəruri dərmanlar tapılmadığına görə" bu səviyyəyə gəlmişdir".
Tarix: 20-12-2020, 20:20