Vətən müharibəsinin qəhrəman qazilərindən biri də Əyyamzadə Ülvi Hikmət oğludur. O, hazırda ailəsi ilə birlikdə Abşeron rayonunda yaşayır.Həqiqi hərbi xidmət kemiş Ülvi bu il sentyabrın 21-dən təkrar Orduya çağırılıb, təlimdən sonra cəbhə bölgəsinə göndərilib.
Özünün Reportyor.info-ya dediyinə görə, Füzulinin Alxanlı, Aşağı Seyidəhmədli kəndlərində döyüşüb, elə bu kənddə yaralı əsgəri ərazidən çıxarmaq istəyərkən yaralanıb.
Ülvinin sözlərinə görə, həmin an minaatan mərmi yanına düşüb və onurğasından zədə alıb, yerindən qalxa bilməyib:
“Əsgər yoldaşlarım məni çıxarıblar, gördüm ki, yeriyə bilmirəm. Məni Füzuli xəstəxanasına aparıblar, oradan da Beyləqana köçürüblər.
Oktyabrın 11-dən dekabrın 1-dək xəstəxanada olmuşam. Füzuli və Beyləqanda hərbi struktur vəziyyətimizlə hər zaman maraqlanıb. Amma evimə gəlmişəm, indiyə qədər yerli strukturlardan maraqlanan olmayıb”.
Qarabağ qazisi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın laqeydliyindən gileylənir. Onun sözlərinə görə, bu günə kimi qapısını açıb halını soruşan olmayıb.
Ülvinin anası Aybəniz Muradova deyir ki, xəstə olduğu üçün oğlunun Qarabağda döyüşdüyünü ondan gizlədiblər:
“Onun yaralandığını eşidəndə hansı hisslər keçirdiyimi ifadə etmək çətindir. Sadəcə, odun-alovun içindən sağ-salamat gəlməsinə sevinirəm, şükür edirəm.
Çox şükür müharibə qurtardı, dövlətimiz və Ordumuz böyük zəfər qazandı, alqışlanmalı addımlar atıldı. Amma gəldiyi gündən Ülvi ilə maraqlanan olmayıb.
O gün mətbuatdan oxuyuram ki, Gəncənin icra başçısı ona müraciət edən şəhid atasının qəbuluna gəlməsinə icazə verməyib, özü onun ayağına gedib, problemləri, qayğıları ilə maraqlanıb, şəhid atasının əlindən öpüb.
Məmurların bu cür addımları əhalini, şəhid və qazi ailələrini ruhlandırır, ümid verir ki, onların əməyini qiymətləndirənlər var.
Amma biz belə münasibət görmədik, mənəvi dəstək olmadı, evimizə gələn, telefonumuza zəng edən olmadı. Eşitdiyimə görə, Abşeronun icra başçısı İradə xanım şuşalıdır.
Bu əsgərlər həm də onun doğulduğu torpaqlar uğrunda can qoyublar, döyüşüblər, yaralanıblar. Amma bizə təsəlli verən, qayğı göstərən olmadı”.
Qazinin anası bildirir ki, övladı evlidir, azyaşlı uşağı var: “Ailəsini, işini qoyub, Vətən uğrunda döyüşməyə getdi.
Bu, hər bir Azərbaycan kişisinin borcudur. Ancaq belə oğullara gərək mənəvi dəstək olsun, diqqət göstərilsin.
Bu gün bizim isti evimizdə təhlükəsiz yaşamağımız belə əsgərlərin, zabitlərin, qalib Ordumuzun qəhrəmanlığı hesabınadır.
Prezident və Mehriban xanım sağ olsunlar, yaralı əsgərlərlə görüşür, onlarla maraqlanır, qayğılarına qalırlar.
Əfsus ki, Prezidentin təyin etdiyi icra başçıları maraqlanmırlar, demirlər ərazimizdən neçə əsgər döyüşə gedib, neçə yaralımız, neçə şəhid var.
Mən Abşeronun icra başçısını tanımıram, amma ondan gözləyərdim ki, Prezidentin adına layiq addım atsın, o da gəlsin, maraqlansın, soruşsun nə dərdiniz var. Hətta quru ayaqla gəlib bir “sağ ol” desin. Heç olmasa ana kimi tökdüyüm göz yaşlarının qiymətləndirən, təsəlli edən olsun”.
Qazinin atası Hikmət Muradovun da sözlərinə görə, yerli orqanlardan qapılarını açan olmayıb: “Vətən uğrunda döyüşə getməsi Ülvinin borcudur. Amma gərək qiymət, diqqət olsun.
İki aydır yaralıdır, nə icra hakimiyyəti, nə bələdiyyə soruşmayıb ki, səhhəti necədir. Söhbət hansısa ehtiyacdan getmir. Sadəcə, diqqət göstərilməlidir.
Ən azı gəlib qapını döyməlidirlər ki, evində körpəsi var, necə yaşayır, hansı tələbatları var. Prezident həmişə deyir ki, icra orqanları xalqa xidmət etməlidir”.
Tarix: 17-12-2020, 10:23