Sovet vaxtı bir anekdot eşitmişdim, Cəlilabadın icra başçısı həbs ediləndə yadıma düşdü. Deyir, bir gün Brejnev, Nikson və Azərbaycanın rəhbəri təyyarədə uçurlar. Qəfildən Nikson deyir: “Nyu Yorkun üstündən uçuruq”. Soruşurlar nədən bildin, cavab verir ki, Azadlıq heykəlini gördüm. Sonra Brejnev deyir Moskvanın üzərindən keçirik. Bu da Kremli gördüyünü söyləyir. Nəhayət, uçuşun hansısa məqamında Azərbaycanın başçısı əlini təyyarənin pəncərəsi tərəfə uzadır, deyir: “Bakının üstündəyik”. Deyirlər sən hardan bildin, cavab verir: “Saatımı açdılar”.Həqiqətən də, bizdə oğurluq-əliəyrilik işlərinin qədim və zəngin tarixçəsi vardır. Hətta poeziyada təsvir olunub, misal üçün, Qasım bəy Zakir kimi gözəl insanın atını yerli camaat oğurlamışdı, halbuki, Zakirin indiki Qarabağın Qarabağ olmasında tarixən böyük rolu vardı. Məsələn, Nadir şahın qəzəbinə tuş gəlib indiki İranın Xorasan tərəflərinə sürgün edilən Cavanşir tayfası elatlarının neçəsini təzədən Qarabağa qaytarmağa nail olmuşdu. Ancaq kişinin atını oğurlayıb, üstəlik döyməyə cəhd ediblər. Həcv ustası Zakir də bir-iki kəndimizin adını hirsindən tarixə salıbdır, lakin mən burada o kəndlərin düşmən işğalından təzə azad olmasını nəzərə alıb yazmıram, yerlərinə nöqtələr qoyuram: “ ....., ......, aləm-aşikar, Bir ucdan oğurlar, bir ucdan satar, Vay odur sahibi at başı tutar, Yüz yerdən tökülür üstünə çomaq”. Zakir babamız necə qəzəblənibsə hətta şeirin bir yerində yazıb: “Belə vilayəti dağıtsın Tanrı”. (Şair “Tarı” yazıb, mən kiçik redaktə elədim ki, oxuculara qaranlıq qalmasın. Güman edirəm babamız buna görə mənə də hirslənməz - Z.H.) Bəlkə də bizim o Qarabağ zonasında yurdlarımızın 30 il xaraba qalmasında Zakirin o bədduasının, qarğışının hansısa mistik rolu olmuşdur. Gərək millət heç olmazsa indən belə bu cür şeyləri nəzərə alsın, düz oturub, düz dursun, əlləm-qəlləm işlərə yaxınlaşmasın. A kişilər, heç olmazsa bir-iki ziyalınız, yazı-pozu biləniniz olur, barı onların qədrini bilin, atına arpa almırsınız, şeir kitabına pul xərcləmirsiniz - canınız cəhənnəmə, ta atını oğurlamayın. Şeirin axırına yaxın Zakir yazıb: “Xandəmirov çaldı-çapdı mahalı, O ki tutub özün keçəl qurumsaq”. Xandəmirov kim olub, günahı nə imiş - yadımdan çıxıb, heç axtarmağa həvəs də olmadı, üstəlik, o cür qurumsaqları indi əyani görürüksə, tarixi qurdalamağa nə məna? Cəlilabadın rüşvət üstündə tutulan son icra başçısı da yarıkeçəl idi, yeri gəlmişkən.
Adam həqiqətən şir ürəyi yemiş rüşvətxordur. Millətin başı Qarabağda davaya qarışıb, bu isə altdan-altdan rüşvət alırmış, üstəlik, şəhid ailəsindən! Heç Ermənistan o qələti edə bilmədi ki, bizim şəhidlərdən rüşvət alsınlar. Bu isə alıbdır. Buna nə ad vermək olar? “Yol əhvalatı” kinosunda Səyavuş Aslanın qəhrəmanı demişkən, “tüfeyli, qrabitel”? Yox, ifadə eləmir. Heç Zakirin yazdığı “qurumsaq” da yerinə düşmür. Bura nəsə yeni, daha kəsərli bir söz tapmaq lazımdır ki, hazırda onu tapmağa acizəm, etiraf edir və hörmətli oxuculardan üzr istəyirəm. Tankın içində yanan, minamyot zərbəsindən parçalanan, minaya düşüb topuqdan ayağını itirən, Şuşaya qalxanda əlbəyaxa döyüşdə həlak olan və sairə və ilaxır - bizim şəhidlərimiz bu adamlardır. Dünən Müdafiə Nazirliyi şəkilləriylə siyahını açıqlayıb, baxırsan, adamın ürəyi qan ağlayır. Hərəsi bir dağ, hərəsi bir düşmən çəpəri... İçində uşaq üzlüsü də var, aslan baxışlısı da. Vicdanı, namusu, qeyrəti, insanlığı olan vəzifəli kəs bu adamların - bizi 30 ilin töhmətindən xilas eləyən igidlərin ailəsindən rüşvəti necə istəyə bilər? Bəlkə düşünüb dərə xəlvətdir, tülkünün bəyliyinə fürsət yaranıb. Ancaq bu tip bəyəm indinin rüşvətxorudur? Onun tərcümeyi-halını açıqlamışdılar, ilk baxışdan görürdün ki, qabaqkı iş yerində də sökə-sökə, didə-didə gəlirmiş.
Yəqin biz şəhidlərdən rüşvət alan məmurlar üçün də orden-medal təsis eləməliyik. Məsəl üçün, “Paşinyan medalı”, “Birinci dərəcə Vazgen ordeni” və sairə.
Zamin HACI
Tarix: 10-12-2020, 10:30