2006-cı ildə Cəlilabad rayonuna icra başçısı təyin edilən Əziz Əzizov 2018-ci ilə qədər bu vəzifədə işlədiyi dövrdə rayonu demək olar ki, kor qoymuşdu.
Rayon sakinlərinin verdiyi məlumata görə Ə.Əzizov ancaq ona pul gətirən məmurlarla işləməyə üstünlük verib. Ə.Əzizov əsasən onun haqqında şikayət ərizəsi yazan şəxslərlə dil taparaq onlara rüşvət verərək susdurmağa çalışıb. Bununla razılaşmayanları isə köməkçisi Malik Şərbətovun əliylə həbs etdirib. Məsələn, “facebook” sosial şəbəkəsində Cəlilabaddakı məmur özbaşınalığını tənqid edən “Cəlilabadımız” səhifəsinin fəaliyyəti onu daim narahat edib. Bildirilir ki, vaxtilə həmin səhifəni işlədən gəncləri də cəzalandırıb. Hazırda isə həmin səhifə xaricdə yaşayan gənclərimiz tərəfindən idarə olunur. Ə.Əzizov ilk dəfə Cəlilabad rayonunda icra başçısı işləyib. Cəlilabad bir növ onun üçün təcrübə keçmək üçün gözdən uzaq bir rayon olub və o, burda istədiyini edib. Ə.Əzizov vəzifəsindən azad edilərkən buna sevinənlər də olub, sevinməyənlər də. Amma sakinlərin böyük əksəriyyəti deyib ki, çoxunuz Ə.Əzizovun ölənlərinə rəhmət oxuyacaqsınız.
Belə ki, Ə.Əzizov əvvəlcə Yasamal rayonuna icra başçısı təyin edilib və 10 ay sonra isə Suraxanı rayonuna icra başçısı təyin edilib. Cəlilabada icra başçısı təyin edilən Namiq Zeynalovdan isə sakinlərin gözləntisi böyük olub. Onlar N.Zeynalovun rayonda abadlıq işləri aparacağına və sahibkarları incitməyəcəyini ümid ediblər. Amma vəzifəyə təyin olunan N.Zeynalov Ə.Əzizovun köməkçisi M.Şərbətovu vəzifədən uzaqlaşdırıb. Daha sonra isə bacısı oğlu Məmmədov Mansur Xanoğlan oğlunu özünə birinci müavin təyin edib. Ərazi idarətetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vəliyev Yaşar Adışirin oğlu da onun göstərişi ilə vəzifəyə təyin edilib. Sakinlər bildirir ki, başçının bacısı oğlu olan M.Məmmədov rayonda əməlli-başlı bazar açıbmış, bütün pullar onun əliylə başçıya çatırmış. Bir müddət sonra rayon sakinləri “Qaynana” filmindəki kimi Nəsibə xanımın diliylə desək, “Hardasan ay Sevda?” deməyə başlayıblar və Ə.Əzizovun ölənlərinə həqiqətən də rəhmət oxuyublar.
N.Zeynalovun rayonda qalmaqala səbəb olan bizneslərindən biri də “TIR” dayanacağı olub. Hamıya məlumdur ki, Cəlilabad rayonun Maşlıq, Muğan, Söyüdlü və Kazımabad kəndləri geniş kartofçuluq təsərrüfatıyla məşğuldur. Hər il bu kəndlərdən Rusiyaya tonlarla kartof yola salınır. Yay aylarında Rusiyaya kartof daşımağa gələn “TIR”-lar kəndin yaxınlığında yerləşən “Dəyirman” kafesinin həyətində dayanırdı və sürücülər onlar üçün sərfəli qiymətə təklif olunan yeməklərlə qidalanırdılar. Bununla yanaşı, onlara yatmaq üçün yerlər də verilib. Bunu görən N.Zeynalov dərhal götür-qoy etməyə başlayıb. Əvvəlcə kafe sahibinin ona aylıq verməsini təklif edib. Lakin bu baş tutmadığı üçün o, Muğan kəndinin girişində, keçmiş spirt zavodunun həyətində özünə “TIR”-lar üçün dayanacaq düzəltdirib. Daha sonra onun göstərişi ilə “Dəyirman” kafesinin həyətində olan bütün “TIR”lar ora göndərilib.
Burda isə N.Zeynalov elə bir şərait yaradıb ki, sürücülər heç bir yerə gedə bilməyiblər. Onun təklif etdiyi xidmətlər bundan ibarət olub. Hər bir sürücü reysə çıxarkən 60 AZN yer haqqı verməlidir, bununla yanaşı, onun bütün sənədləri dayanacaqda yerləşən ofisdə hazırlanmalı və pul da bura ödənməlidir. Daha sonra dayanacağın həyətində fəaliyyət göstərən kafedə sürücülər baha qiymətə fəaliyyət göstərən kafedə yemək yeməlidir. Sürücülərə yatmaq üçün yer təklif olunmadığı üçün onlar maşında yatmalı olublar. Sakinlər bildirir ki, ötən yay pandemiyaya görə kafelər işləməsə də, məhz başçısının dayanacağında fəaliyyət göstərən kafe işləyib. Çarəsiz qalan sürücülər isə bütün bunlarla razılşamağa məcbur olublar. Zaman keçdikcə isə sakinlər bir çox rayonun icra başçısı kimi N.Zeynalovun da DTX tərəfindən həbs edilməsini arzu etməyə başlayıblar. Sakinlər bununla da rayonda məmur özbaşınalığına son qoyulacağına ümid edirlər.Moderator
Tarix: 8-12-2020, 15:45