Kərəm Həsənov üçün “əcəl zəngi” – Onun təqdimatı ilə təyin olunmuş icra başçısının həbsi nələrdən xəbər verir?







Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovun rüşvət alarkən həbs edilməsi gündəmin əsas mövzularındandır. Təfərrüatlar haqda hələlik müfəssəl məlumat verilməsə də fakt faktlığında qalır ki, icra başçısı təyin olunmasından cəmi 1 il 10 ay keçməsinə baxmayaraq Namiq Zeynalov bu yüksək etimada layiq olmadığını sübut etməyi bacarıb.
Bəs, kimdir Namiq Zeynalov? O Cəlilabadın icra başçısı olmazdan öncə hansı vəzifələri tutub?

Namiq Zeynalov bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib. Bu, hakimiyyətin islahat kampaniyasına başladığı dövrə təsadüf edir. Namiq Zeynalov icra başçısı təyin edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalşıb. O, uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri olmuş, hazırda Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxın şəxsdir.
“Savash.org”-a daxil olan məlumatda bildirilir ki, 2018-ci ilin əvvəllərindən başladılan kadr islahatları dalğasında Kərəm Həsənov özünə yaxın bir neçə şəxsi yüksək postlara təyin etdirməyi bacarıb. Onlardan biri məhz bu gün saxlanılan Namiq Zeynalovdur.Həmin Zeynalov ki uzun illər Kərəm Həsənovun müavini olub, onunla çox isti münasibətlərə malikdir.
Görünən isə odur ki, Kərəm Həsənovun prezidentə “islahatçı” kimi təqdim etdiyi Namiq Zeynalov özünə qədər həbs olunan digər icra başçılarından o qədər də fərqlənməyib. Hətta anti-korrupsiya əməliyyatları, qanunsuzluğa yol verən məmurların bu və ya digər formada cəzalandırılması, Prezident İlham Əliyevin icra başçılarına tapşırıq və tövsiyələrini belə nəzərə almayıb. Bununla bağlı mətbuatda tirajlanan materiallarda qeyd edilir ki, Namiq Zeynalov əhalinin siyahıya alınması zamanı bu xidməti həyata keçirənlərin maaş kartlarını onlardan alıb.
Şübhəsiz ki, təqdimatını verdiyi kadrların yarıtmazlığı Kərəm Həsənov üçün də başağrısız ötüşməyəcək. Hər halda bu ölkə başçısının islahatçı siyasətinə kölgə salmaqdan başqa heç nə deyil və bu kimi əməllər adətən cəzasız qalmır.

Xatırladaq ki, Kərəm Həsənovun daha bir “sevimli” kadrı isə Suraxanı icra hakimiyyətinin başçısı Əziz Əzizovdur. Həm 44 günlük müharibə dövründə, həm də müharibədən sonrakı günlərdə Əziz Əzizovun adının heç də xoş olmayan məsələlərdə hallanması növbəti hədəfin məhz Suraxanı RİH olacağı ehtimallarını artırır.
Tarix: 8-12-2020, 08:59
Xəbəri paylaş



Xəbər lenti