“Çox sevinirəm, sevincimdən həyəcanlanıram, danışa da bilmirəm, sözlər yadımdan çıxır. Allah prezidentimizi, onun ailəsini, balalarını qorusun. Allah ordumuza, əsgərlərimizə güc-qüvvət versin. Şəhid xəbərlərini izləyirəm, göz yaşlarımı silirəm. Hamısı da bir-birindən yaraşıqlıdırlar. Ruhları şad olsun”
Bu sözləri Moderator.Az-a açıqlamasında ustad sənətkar, Xalq artisti, Şöhrət, Şərəf, İstiqlal ordenli Əlibaba Məmmədov deyib. Dahi sənətkar daha sonra şəhid Xudayar Yusifzadənin ifasında daha da sevilən “Vətən yaxşıdır” mahnısından söz açıb:
“Televiziyadan baxıb, gördüm. Allah rəhmət etsin. Qəşəng də oxumuşdu, bəyənmişdim, xaric yox idi. “Vətən yaxşıdır” mahnısının sözləri dostum Əliağa Vahidin, musiqisi isə mənimdir. Yadımdadır, 1960-cı ildə bəstələdim bu mahnını. İlk ifaçısı da mən olmuşam. Amma məndən sonra “Vətən yaxşıdır”-ı çoxu ifa edib. Vətənimiz, onun gözəllikləri haqqındadır. Sonra mənə dedilər ki, bu günlərdə Eyyub da oxuyub” deyə bildirib.
Xalq artisti səhhətindən də danışıb:
“Heç özüm də bilmirəm neynirəm vallah. 92 yaşım var da, yeriyə bilmirəm, day bundan sonra nə olacaq? Allah siz gəncləri salamat etsin. Biz yaşadığımızı yaşamışıq” - deyə Xalq artisti Əlibaba Məmmədov bildirib.
Əli Novruzəliyev
Tarix: 6-12-2020, 14:52