"Nə qədər ağır olsa da bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır"



"Canından keçə bilməyənlər, heç olmazsa malından-pulundan keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə maddi dəstək verməklə onlara olan borcumuzdan azacıq da olsa çıxa bilərdik"


Ötən gün koronavirus Azərbaycanın ən parlaq simalarından biri, tanınmış vəkil Adil İsmayılovu aramızdan apardı. Hər zaman fəaliyyəti və sosial şəbəkələr üzərindən çağırışları ilə millətsevər və vətən sevər insan olduğunu isbatlayan mərhum hüquqşünasın Vətən Müharibəsinin Şəhidləri və Qaziləri haqqında sonuncu paylaşımını oxucularа təqdim edirik. Ruhu şad olsun:

TANINMAQ  ONLARIN  HAQQI, TANIMAQ BİZİM BORCUMUZDUR!

İki gündü facebookun xəbərlər lentində şəhidlərimiz barədə yazılar, şəkillər paylaşılır. Üzlərindən nur tökülən, təbəssüm yağan  əksəri gənc olan bu insanların şəkillərinə baxdıqca adamın ürəyi parçalanır.  Bəzi paylaşımlar  ayrı-ayrı rayonlardan olan şəhidlər barəsində siyahılardır.  Allah Vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Fikirləşirəm ki, nə qədər ağır və acı olsa da ləngitmədən bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır. Onları tanıyıb layiq olduqları qiyməti vermək dövlətin və  bizim borcumuzdur.  Şəhidlərlə yanaşı itkin düşənlərin, yaralıların və müharibə iştirakçılarının adları da ictimailəşdirilməlidir. İndi 90-cı illər olmadığından bunu etmək dövlət qurumları üçün heç bir çətinlik yaratmayacaq.  Siz etməsəniz yenə də qeyri-rəsmi, dəqiqləşdirilməmiş məlumatlar onsuz da yayılacaq. 
Müharibə iştirakçılarının siyahısının açıqlanması onların  adının əbədiləşdirilməsi üçün ilk adddım olardı.
BİZƏ GƏLİNCƏ canından keçə bilməyənlər, heç olmazsa malından-pulundan  keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə maddi dəstək verməklə onlara olan borcumuzdan azacıq da olsa çıxa bilərdik.Moderator.az
Tarix: 4-12-2020, 09:11
Xəbəri paylaş



Xəbər lenti