Leyla Sarabi
Addım-addım anama yaxınlaşdıqca, ali bacarığımı axtarıram. Bəlkə də bir gün xəyali naxışımla tikanlı bəxtini bəzəməyə can atdığım oğlanın ilmələrindən, sevgimdən kəfən biçdiyim kişinin müqəddəs kitabının səhifələrindən silinəcəm. Bəlkə də ömrümün tən ortasından kəsik qalacam. Bəlkə də son nəfəsimə qədər ən sadə cümləmi yazmaq üçün hecaların düyünləri arasında dolaşıb, yolumdan azacam. Dostumu cibimdəki son qəpik kimi bir tikə çörəyə xərcləyəcəm, hüceyrələrimi bir-birinə calamağa sərf elədiyim tellərimi söküb-töküb, özümlə rabitəmi itirəcəm. İtirmədiyim nəyim qalacaq? Müşahidəm. Ən yaxşı bacardığım da budur axı...
Beynimin ocağında qaynatdığım daş qazanı soyudan sərxoş küçə rəssamına da, səsinə aşiq olub, izimdən arındığım mavi paltolu qadına da sərf etdiyim müşahidə ehtirasım qüsursuz bacardığımdır. Bir də son günlər qum saatından ovcumuza tökülən vətən torpağını izləyirəm. Ən gözəl kişilərin ömründən kəsilib, önümüzə uzanan qələbə yolundan asılır gözlərim.
Mən bu hissləri ürəyimin hansı siyirməsində saxlamaq lazım olduğunu da bilmirəm. 30 illik daş yuxudan ayılan xalqımı, Qarabağda basdırdığı qürurunu çıxarıb, sinəsinə sancan kişiləri hopdur yaddaşıma. Şuşaya qovuşan Prezident kövrəlir, Qarabağa ayaq basan məmur ağlayır, "kişi ağlamaz" deyən ən kişi adamlar hönkürür. Nə gözəlsən, hürriyyət! Tolstoyun hərbinin sülhü qədər doğmasan. Hərbi sülhə çevirən əllər kimi istisən.
Müşahidə veteranı Sergey Bondarçuk "Hərb və sülh" əsərinin ssenarisi əsasında eyni adlı film çəkməyə qərar verir. Çəkilişlərin qızğın məqamında məlum olur ki, ən gözəl səhnələr texniki problemin qurbanı olub. Bondarçukun bədənindən can ayrılır. Uzun müddət komadan ayılmır. Günəşin buzu suya çevirdiyi bir qış səhərinə oyanır. Yuxuda məhv olmuş səhnələri yenidən çəkdiyini, gözünü qamaşdıran işığın altında çimdiyini deyir. "Hərb və sülh" filminin çəkilişi mükəmməl komanda ilə tamamlanır. Oskara da layiq görülür. Rejissorun özünə ən böyük hədiyyəsi qələbənin göz yaşları olur. Demək ağlamağın aksiomunu yenilməzlər yazır. Göz yaşları məğlubların yox, qaliblərin haqqıdır.