Haqq savaşını verənlər kənarda qalır, haqqı çatmayanlar müzakirə açır! Xoşqədəm efirə qayıdır...Maraqlıdır, efir tamaşaçı üçündür, kütləvi şəkildə tamaşaçılardan əks-reaksiya alan, xoş qarşılanmayan Xoşqədəm, axı, kimin üçün qədəmini yenidən efirə qoyur? Ərənlərimiz haqq savaşı verərkən bayağı çıxışları və yamsılama ritorikasıyla Azərbaycan vətəndaşlarını mənsubiyyətinə görə bölən, təhlil edən, şeytan erməninin yadına daş salan, talışı, ləzgini, avarı, tatı bizlərdən ayırıb təəccüblə “hətta talış da savaşır” deyib özünümü, yoxsa talışımı, ya bizimi “yadplanetli” kimi görən Xoşqədəm efirə hansı tamaşaçı üçün qayıdır? Kimdir ona bu meydanı layiq bilən? Multikultural dəyərlərimizi bütün dünyaya nümunə olaraq sərgilədiyimiz vaxtda ifrat irqçiliyə varan, efirin “nümunəvi” siması Xoşqədəmdən başqa aparıcı, jurnalist yoxdurki, səmimiliyi Çingiz Mustafayev kimi, vicdanı Fulya Öztürk kimi olsun, sızlayan ürəklərə su səpsin, acımızı içdən duya bilsin? Var, çoxdur. Sadəcə onlara meydan verən yoxdur! Canını qoyub Vətəni qoruyanlar Xoşqədəmlər, Elgizlər və sairləri üçünmü savaşdı ki, efirdə bunlar ekspert olub rəy versinlər?! Sanki Şuşanı bunlar azad edib. Müharibə bitdi, köhnə hamam, köhnə tas?
Multikulturalizm demişkən, yadıma düşdü, multikultural ənənələrimizin təbliği və qorunması ilə əksər universitetlərdən daha çox məşğul olan, Azərbaycan Dillər Universitetinin elə özündə bu dəyərlərə hörmət etməyənin nə yeri var? Öncəki yazılarımda da “adına duz saldığım” həmin məşhur “professor” daxili hərc-mərcliyi artırmaq məqsədilə, “mənim qanımda qarışıq yoxdur” istehzasını irəli sürərək valideynin biri ləzgi, həyat yoldaşı əcnəbi olan müəllimin azyaşlı övladının qan tərkibini düşüncəsiz şəkildə sorğulayırsa, erməni terrorunun zərbəsini alıb əlil olmuş başqa bir kadra “sən şəhid olmamısanki, nə imtiyaz?” deyirsə və bu onun əməllərindən hələ yalnızca bir hissəsidirsə, bu cür “professorlara” yenə də göz yumulacaq? Bunlar meydan sulasın, yekə-yekə danışsın, xalqı parçalasın deyəmi igidlərimiz şəhid oldu? Ermənidən fərqi varmı belələrinin? Mümkün olan hər fürsətdə tabeliyində olanların qırtlağından yapışan, bayramlarda gözlədiyi təbriki etməyən əməkdaşları sıxma-boğmaya salan, qanı qarışıq olmasada, mənəviyyatı qarışıq olub üfunət iyi verən “professorlar” erməni qədər mənfurdur gözümüzdə. Ay “professor”, axı sən öz əzizlərini gizlədiyin, ordudan yayındırdığın halda, yaş kateqoriyasına tam uyğun olmasına baxmayaraq, onlar bugün əli cibində rahat gəzirsə, həmin o bəyənmədiklərinə borclusan!
Ölkədaxili, strukturdaxili “təmizlik işlərini”, kadr siyasətini vəzifə səlahiyyəti çərçivəsində hər bir şəxs aparmayacaqsa, hansı işıqlı gələcəyimizə qurban getdi şəhidlərimiz? Bugün, vəzifə öhtəliyi daşıyan hər bir kəsə ölkə başçısı İlham Əliyevin addımları örnək olmalıdır, son dövrlər aparılan kadr islahatları, yeniliklər ölkənin inkişafına xoş ümidlər verir. Bəyəm hər sahəni mütləq Prezident özü nəzarətə götürməlidir ki? Bəs digərlərinin xidməti? Prezidentin fərmanından sonra Ramiz Mehdiyevləri, Əli Həsənovları hədəfə almağın nə mənası? Gecikmiş “xeyir-dualarınızın” nə faydası varki? Vaxtında təmizləyin ətrafınızdakı çürükləri! Hər kəs ölkə başçısına dəstək və dövlətin rifahı üçün hər sahəyə yol açan, kök salan, kreslosuna mütəxəssisləri, sağlam kadrları qurban verən satqınları, xəbisləri, xainləri ifşa etməlidir, məcburdur, borcludur. İcra etdikləri vəzifənin yükünü daşımaq və anlamaq mütləqdir! Prezidentin kadr siyasətinə dəstək olaq, təmizləyək efirləri Xoşqədəmlərdən, Elgizlərdən, ən əsası təhsil ocaqlarını saxta professorlardan! Şəhidlərin qanına hörmət edək, Şəhid balasının qarşısına kötük qoyacaq qafilləri uzaqlaşdıraq təhsil ocaqlarından! Yolumuza qərəzli kölgə salan, haqqımıza barmaq tıxayan haqsızları təmizləyək!
Borcluyuq, aldığımız nəfəsin, gəzdiyimiz torpağın haqqını verməliyik! Haqq savaşını haqqı çatanlar müzakirə edə bilər ancaq! Haqqı çatanlara verilsin bütün meydanlar!
Dosent, Filologiya üzrə fəlsəfə doktoru Vüsalə AğabəyliAzerbaycanrealligi.com
Tarix: 20-11-2020, 22:48