Qərəzli jurnalistika

Yaxud, hansı daşı qaldırsaq, altından əqrəb çıxır

1990-cı illərin ortalarında “Azadlıq” qəzetində təzə çalışmağa  başlamışdım, bir gün redaksiyanın məşhur çayxanasında qocaman jurnalist, sovet dövrü Azərbaycan mətbuatının sözün əsl mənasında ulduzlarından sayılan Şakir Yaqubov mənə heç gözləmədiyim sualı verdi: “Sən Vəzir Hacıyevin oğlusan?” Təsdiqlədim, atamı hardan tanıdığını soruşdum. Sən demə onların bu qiyabi tanışlığının maraqlı tarixçəsi varmış.

1977-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 60 illiyi münasibətiylə “Azərbaycan gəncləri” qəzetində “Oktyabr kəndi” adlı bir məqalə dərc olunur. Məqaləni Füzuli rayonunda riyaziyyat müəllimi işləyən, rayondakı “Araz” və ölkə miqyaslı “Azərbaycan gəncləri” qəzetlərinin ştatdankənar müxbiri Vəzir Hacıyev yazıbmış. Yazıda Füzulinin Dağlıq Qarabağa yaxın hansısa kəndindən bəhs olunurmuş və belə cümlələr varmış: “Bu kəndi inqilabdan öncə erməni daşnakları talan edib yandırmışdılar. Şanlı oktyabrdan sonra isə kənd yenidən qurulub, bərpa edilib” və sairə. (Qəribədir, indi biz o kəndləri başqa  “şanlı oktyabr”dan sonra yenidən bərpa etməliyik – Z.H.). Məqalə çapdan çıxan gün Şakir müəllimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə çağırır, rəsmən töhmət verirlər, çünki yazı qəzetdə onun müdir olduğu şöbənin “sahəsində” gedibmiş. Rəhbərliyi qəzəbləndirən yazıdakı “erməni daşnakları” ifadəsiymiş. Guya burada “erməni” sözünün yazılması sovet xalqları arasında dostluq münasibətlərini korlayırmış.

Şakir müəllim zarafatla “bax, o gündən sənin atanın adı mənim yaddaşıma həkk olundu” söylədi, Füzuli işğal ediləndən cəmi 2 il sonra, 1995-ci ildə atamın ürək xəstəliyindən, 59 yaşında ölməyini öyrənib kədərləndi.

Bunları indi niyə yada salıram? Dünən prezident İlham Əliyevin növbəti dünya KİV-inə, bu dəfə “BBC”-yə intervüsü vardı, orada dövlət başçısı haqlı olaraq beynəlxalq medianın bəzən qərəzli mövqe tutmasını, Azərbaycanı ləkələməyə çalışdığını vurğulamışdı. Doğrudan da dünya mediası hərdən azərbaycanlılara dovşan gözüylə yanaşır. Onlara elə gəlir bizi öz evlərimizdən qovmaq, 28 il bu vəziyyətdə saxlamaq olar. Bizim başımıza Gəncədə, Bərdədə manna kaşası yağır, ermənilərin başına isə Xankəndində atom bombası düşürmüş.

Mən uşaq olanda bizim evə Moskvadan “Pravda” qəzetinin müxbiri gəlmişdi. Həm kəndimizdən, həm atamdan mərkəzi mətbuatda hansısa yazılar yazmış, ailəvi dostluq münasibətləri yaranmışdı. Milliyyətcə yəhudi idi, təəssüf ki, indi soyadı yadıma düşmür. Qarabağda separatçı ünsürlər baş qaldıranda – 1980-lərin axırlarında atam ona məktub yazır, “Pravda” qəzetinin niyə Azərbaycan əleyhinə olduğuna etiraz edirdi. Həmin kişi, yadıma gəlir, atama cavab yazmışdı ki, siz düz deyirsiniz, haqlı olduğunuzu bilirəm, ancaq burada – həm SSRİ rəhbərliyində, həm KİV-də ermənilər çox güclüdür, mən Azərbaycan lehinə nə yazsam da çap eləmirlər.

2-3 gün qabaq daimi oxucumuz və daim narahat vətəndaş, mərhum jurnalist Emil Ağayevin həyat yoldaşı Rəfiqə xanım zəng vurmuşdu: “Siz “İzvestiya” qəzetində əleyhimizə yazılanları oxumusunuz? Niyə onlara cavab vermirsiniz?”. Mən ona dedim ki, birincisi, “İzvestiya” artıq rusların özünün də hörmət eləmədiyi bir əski-üskü mediadır, ikincisi, onun yiyəsi 10 ilə yaxındır rəsmən erməni Aram Qabrelyanov-dur. Özü də erməni var, erməni var – bu Qabrelyanov ümumiyyətlə insan adına yaraşmayan, faşist tərbiyəli birisidir. İndi mən Qabrelyanovun qəzetindən Azərbaycana qarşı hansı mövqe gözləməliyəm?

Yeri gəlmişkən, hazırda internet platformalarda separatçı “DQR” rejiminə əsas dəstək verən, özünü “rus hərbi bloqer” adlandıran Semyon Peqovu da Aram Qabrelyanov maliyyələşdirir. Yəni, vətəndaşlarımız Peqovun sayıqlamalarını oxuyanda çox da narahat olmasınlar ki, guya bu, hansısa Rusiya mediasıdır, beynəlxalq nüfuza malikdir və sairə. Belə bir zad yoxdur. Ümumiyyətlə, dünya mediasında artıq mövqeləri xeyli dərəcədə müsbətə doğru dəyişə bilmişik, ən azı neytral qalırlar. Ermənistana açıq dəstək verən qərəzli jurnalistlər isə ya bambılı media qurumlarında çalışır, ya da birbaşa erməni mənşəlidir. Misal üçün, Rusiyanın “Exo Moskvı” radiosunda Azərbaycana, Türkiyəyə qarşı çox çirkin, açıq propaqanda xarakterli yalan məlumatlar, xəbərlər, şərhlər görmək olur. Səbəb nədir? Çox sadə: radionun qurucularından biri və baş redaktorun birinci müavini Sergey Buntman-ın ana tərəfdən babası Dağlıq Qarabağ ermənisidir. İndi bu adam guya liberal mövqeli media işlədir, ancaq əqrəb xislətini necə eləsin? Üzə çıxmalıdır.

Zamin HACI
Tarix: 10-11-2020, 14:30
Xəbəri paylaş



Xəbər lenti