6 ildir erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Bu barədə
Cebhe. info-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
"Bir qədər əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsindən əlaqə saxlanıldı. Bildirildi ki, atamı və Şahbaz Quliyev təhlükəsizlik baxımından Ermənistana aparılıb. Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumat verilmədi. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər",- deyə K.Əsgərov vurğulayıb.
Məlumat üçün bildirək ki, separatçı rejimin "administrasiyası" "müvəqqəti olaraq" Ermənistana köçürülüb. Girovların düşmən ölkəyə aparılması da bu səbəbdən baş verib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı- Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, əsirlər Dağlıq Qarabağ ərazisi olan Şuşa həbsxanasında saxlanılır.
Tarix: 4-11-2020, 21:49