Dostlarını girov qoyub narkotik maddə alan şəxslər məhkəmə önünə çıxarılıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Onlar Ehtibar Məmmədov, Əyyub Şükürov, Rəşad Yusubov, Nurlan Xəlilov, Qismət Hüseynov və Mirzağa Əzizovdur.
Adı çəkilən şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirmək və satmaq maddələri ilə ittiham edilirlər.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.
Həbs edilən şəxslərin əməlləri ilə bağlı ilkin məlumat olduqca ilgincdir.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərini zərərsizləşdirib və onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin aşkar edilib.
Məlumat əsasında rayon sakini Etibar Məmmədov yaşadığı küçədə saxlanılıb. Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304 qramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Məmmədovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Cələlabad rayon sakinləri Əyyub Şükürov və Rəşad Yusubov da tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, qrup üzvləri aralarındakı rol bölgüsünə əsasən İrandan Azərbaycana satmaq niyyəti ilə narkotik vasitə gətiriblər. Onlar İran vətəndaşları ilə razılığa gələrək Əyyub Şükürovu həmin şəxslərin yanında girov qoyub heroin əldə ediblər. Əyyub Şükürov orada qalandan sonra digər iki nəfər narkotik vasitəni Bakı-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində götürərək Rəşad Yusubovun avtomobili ilə Cəlilabad rayonuna gətiriblər.
Etibar Məmmədov və Rəşad Yusubov əldə etdikləri narkotik vasitənin bir qismini Cəlilabad rayonunda qabaqcadan razılığa gəldikləri Qismət Hüseynov və Mirzağa Əzizova 15 min 500 manata satmaq istəyən zaman isə sonuncular pulu ödəməkdən imtina ediblər. Qabaqcadan əlbir olan bu şəxslər arasında mübahisə yaranıb.
Onlar tapançaya oxşar predmetlə və bıçaqla hədələməklə Ehtibar Məmmədova zor tərəbiq edib xəsarət yetirməklə, quldurluq yolu ilə külli miqdarda narkotik vasitəni talayıb aparıblar. Əməliyyatla polis Qismət Hüseynov və Mirzağa Əzizovu saxlayıb.
Q.Hüseynov və M.Əzizova qarşı törətdikləri əmələ görə əlavə maddələrlə də ittiham irəli sürülüb.
Tarix: 29-10-2020, 07:18