“Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...”


“Tanımadığınız şəxs hansısa dövlət qurumunun, strateji obyektin yerini soruşarsa...”
Təhlükəsizlik eksperti: “Hər zaman olduğundan daha çox ayıq-sayıq olmaq lazımdır”
 
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistanın xüsusi xidmət orqanlarının cəbhədə ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə, Azərbaycan Respublikasının böyük şəhərlərində, insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətində olması barədə məlumat yayıb.
 
Məlumatda qeyd edilir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir: “Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edirik”.
 
“Eyni zamanda, son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”, - deyə açıqlamada əlavə edilib.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev AYNA-ya şərhində deyib ki, hərbi vəziyyət dövründə insanların davranışı, hərəkətləri, təhlükə riski olduqda nələrə diqqət etmələri, şübhəli əşya, yaxud insan gördükdə necə rəftar etməli olduğuna dair ilkin biliklərə sahib olması çox önəmlidir: “Hər gün mətbuatı izləməklə, gündəlik xəbərlərdən məlumatlı olmaq lazımdır. Bu, insanları yalan informasiyanın təsirinə düşməkdən də qoruyar. Digər tərəfdən, ciddi zərurət yoxdursa, hər hansı bir yerə səfər etmək, bir yerə toplaşmaq olmaz. Bu, həm yollarda nəqliyyatın sıxlığına səbəb olar, həm də mövcud pandemiya ilə əlaqədar olaraq virusun geniş miqyasda yayılmasına gətirib çıxara bilər. Ki, bu da müvafiq qurumlar üçün əlavə yük olar. Ona görə də sağlamlığımıza diqqət yetirməli, özümüzü digər xəstəliklərdən və fiziki olaraq müxtəlif zədələrdən qorumalıyıq. Çünki biz indiki məqamda daha çox sağlam olmalıyıq”.
İşinə peşə olaraq yanaşanlar da var, maaş üçün çalışanlar da ...
O, əhalini tanımadığı şəxslərlə hər hansı informasiyanı bölüşməkdən çəkinməyə səsləyib: “Əsasən də sosial şəbəkələrdə buna xüsusi diqqət yetirməliyik. Bundan əlavə, iş yerlərində, sənaye müəssisələrində və digər istehsalat obyektlərində texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili təhlükəsizlik qaydalarına ciddi riayət olunsun ki, istehsalatda hər hansı bədbəxt hadisə baş verməsin. Nəzərə almalıyıq ki, ön cəbhədə gedən döyüşlərdə arxa cəbhə iqtisadiyyatının rolu böyükdür. Strateji yerlərdə işləyən şəxslər öz iş yerlərində foto-video çəkib sosial şəbəkələrdə və digər internet platformalarında paylaşmasınlar. Xarici ölkələrin jurnalist və blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmaq lazımdır və hərbi məlumatları bölüşməkdən imtina edilməlidir. İnsanların tanımadıqları adamlar onlara yaxınlaşaraq hər hansı dövlət qurumunun yerini, hər hansı strateji obyektin ünvanını soruşsa, yaxud da qonaq olduğunu bildirib adlarına mobil nömrə qeydiyyatdan keçirmək kimi təkliflər etsə, dərhal hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır. Ümumiyyətlə, hər kəs iş yerlərində, evlərində fövqəladə vəziyyətdə necə davranmaq lazımdır, təhlüksiz toplanış yerlərini necə seçmək lazımdır və s. kimi ilkin biliklərə sahib olmalı, onları bir daha nəzərdən keçirməlidir”.
 
“İnsanlar hər zaman olduğundan daha çox ayıq-sayıq olmalı, şübhəli əşya, qurğu və çanta gördükdə ona toxunmamalıdırlar. Digər şəxslərin də toxunmamasını təmin etməli və hüquq mühafizə orqanlarına məlumat verməlidirlər. Həmçinin, özünü şübhəli aparan insanlar gördükdə onların üz cizgilərini, əlində, üzündə olan xalı, ləkəni yadda saxlamalı, geyiminə və üzərində olan aksesuarlara diqqət etməlidirlər. Qocalara, yaşlılara və tənha yaşayan şəxslərə qarşı diqqətli olmaq lazımdır. Onlara Ordumuzun uğurları barədə məlumatları vermək, ehtiyacları varsa, kömək etmək lazımdır. Uşaqlara bu tarixi günlərdə Ordumuzun şücaətindən danışmaqla, vətənpərvərlik hisslərini aşılamağın gözəl zamanıdır”, - deyə Nurəliyev tövsiyə edib.
 
Müsahibimiz komendant saatının tələbinə ciddi riayət etmək lazım olduğunu da vurğulayıb: “Diqqət yetirilməli olan əsas məqamlar bunlardır ki, insanlar şayiələrə, rəsmi olmayan xəbərlərə inanmasınlar, onları sosial şəbəkələrdə paylaşmasınlar, hərbi məlumatları ancaq rəsmi mənbələrdən alsınlar və bölüşsünlər. Hərbi texnikaları, hərbçilərin foto-videosunu paylaşmamalı, komendat saatının tələblərinə əməl etməli, strateji yerlərdə işləyənlər öz iş yerlərindən foto-video çəkib paylaşmamalı, digərlərini də məsuliyyətli olmağa sövq etməlidirlər. İnsanlar isə tam əminliklə Ali Baş Komandana güvənir, inanır və bir yumruq kimi onun ətrafında birləşiblər”.
Müəllif: Mərahim Nəsib   
Tarix: 22-10-2020, 20:02
Xəbəri paylaş



Xəbər lenti