"Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq, düşünürdük ki..."



Təsəvvür edin 27 il sonra uşaqlığımın, yeniyetməliyimin, gəncliyimin keçdiyi torpağa geri qayıdacağam. Bütün xatirələrimiz oradadır. Əvvəlcə qızımın məzarını ziyarət edəcəyəm - düz 27 il sonra...

Pravda.az-ın xəbərinə görə, bunu Zəngilan rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş Rəfiqə Əhmədova deyib.

Onun sözlərinə görə, kəndlərinin erməni işğalından azad olması ilə bağlı sevincli xəbəri Prezident İlham Əliyevdən eşidiblər:

"Dünən hamımız televizorun qarşısında Prezidentimizin dilindən kəndimizin işğaldan azad edilmə xəbərini eşidəndə bilmədim, nə hiss edirəm. Hönkürdüm, ayaqlarım əsdi.. Xəbəri alanda ilk ağlıma rəhmətlik atam, anam, qayınanam gəldi. Vətən həsrəti ilə köçdülər bu dünyadan. İndi ruhları şaddır".

27 il əvvəlki acı xatirələri də paylaşan R.Əhmədova deyir ki, kənddən çıxanda oraya çox qısa zamanda geri qayıdacaqlarına ümid ediblər:

"1993-cü il 23 oktyabr tarixi idi. Dedilər ki, kəndi təcili boşaldın. Eşitmişdik ki, ermənilər Zəngilanda Xocalı faicəsinin eynisini təkrarlamaq istəyirlər. Tez uşaqları hazırlayıb, çıxdım evdən. Qayınanamla qışlıq bütün turşuları, mürəbbələri, toy kasetimizi, fotoalbomu torpağa basdırdıq. Düşünürdük ki, bir neçə gün sonra geri qayıdacağıq. Evdən heç nə götürə bilmədik. Elə avtobusa minib, Araz çayını atlayaraq İran tərəfə keçdik. Qızımın biri 3, digəri 1 yaşında idi. Balaca qızımı kürəyimə sarımışdım. Araz çayını keçəndə avtobusumuz yarıya kimi su ilə doldu. 29-na kimi o tayda qaldıq, Arazın o tayından evlərimizin dağıdılmasını, kül olub yanmasını izləyirdik....Çox çətin günlər keçirmişik".

R.Əhmədovanın həyat yoldaşı 60 yaşlı Məhəmməd Əhmədov isə artıq o günlərin geridə qaldığını söyləyib.

O, yaşadıqları bu sevincə görə Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıq edib:

"Bizə bu sevinci yaşadan cənab Prezidentimizə, əsgərlərimizə minnətdarıq. Var olsunlar. Şəhidlərimizə Allah rəhmət eləsin. İnşallah, çox tezliklə öz kəndimizə qayıdacaq, öz evimizin ocağını yandıracağıq. Biz artıq köçkün deyilik, bu "ağır" adı çiynimizdə daşımırıq. Bizə bu sevinci yaşadan Prezidentimiz çox tezliklə Kəlbəcər, Şuşa, Xankəndi və digər işğal altındakı ərazilərmizdən olan köçkünlərə də şad xəbər verəcək. Biz buna əminik".Trend
Tarix: 22-10-2020, 07:41
Xəbəri paylaş



Xəbər lenti