Neqativ.com Kulis.az-a istinadən Rus Dram Teatrının aktyoru Yaroslav Trifonovla müsahibəni təqdim edir.
Xatırladaq ki, aktyorun bu günlərdə Qarabağ müharibəsi ilə bağlı sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarını müdafiə edən video-müraciəti böyük rezonans yaratmışdı.
- Yaroslav bəy, müraciətiniz böyük rezonans doğurdu. O videonu paylaşmağa sizi nə vadar etdi?- Sentyabrın 27-dən müharibə başlandı. Bir neçə gün özümə yer tapa bilmədim. Gördüm, hamı - bütün incəsənət adamları susurlar. Heç kimin səsi çıxmır. Üç-dörd gün nə yemək yeyə bildim, nə də yata bildim. Evdəkilər də mənə görə narahat olurdular ki, nəsə pis hadisə baş verməsin. Televizoru açan kimi görürdüm, rus kanallarının hamısında erməniləri dəstəkləyən təşviqat xarakterli verilişlər gedir. Onları tərifləyir, azərbaycanlıları pisləyirlər. Mən Azərbaycanda qalan, uzun illər burda yaşayan rus kimi onların danışığından dəhşətə gəlirəm ki, axı bunlar nə danışırlar. Onların deməyindən belə çıxırdı ki, guya burdakı rusları vurublar, onlar da hamısı qaçıb. Axı bütün bunlar yalandır. İndi də Azərbaycanda çoxlu rus yaşayır. Nəhayət, qərara gəldim ki, müraciət xarakterli həmin videonu paylaşım. Bu, mənim özümün, içimdən gələn bir hiss idi. Video da gözləmədiyim halda böyük maraqla qarşılandı. Yüz mindən çox paylaşım oldu. Almaniyadan, Fransadan, Rusiyadan, Sibirdən belə mənə yazanlar, minnətdarlıq edənlər oldu. Ermənilər təbii ki, məni söyüb yamanladılar, profilimi şikayət etdilər. Amma azərbaycanlı dostlarımın, izləyicilərimin sayəsində bir neçə günə profilim blokdan çıxdı.
Tarix: 20-10-2020, 07:03