Anastasiya Tatulova öncə ermənilərin xeyrinə status yazdı, sonra sildi, üzr istədi – amma faydası olmadı“Bakıdakı AnderSon kafesinə gedirsinizsə, billin ki, onun sahibəsi Anastasiya Tatulova bu müharibədə Ermənistana maddi olaraq kömək edəcəyini deyib. O pulu sülhü bərqərar etmək üçün yox, məhz tərəflərdən birini maddi dəstəkləməklə yardım edir. Yəni müharibəyə, qan tökülməsinə pul yatırır. Müharibə tərəfdarları özü bilər. Amma sülh tərəfdarlarına o kafeni boykot etməyi təklif edirəm”.Bu sözləri yazar Günel Mövlud Facebook səhifəsində yazıb. Xanım yazarın bu status yazmasına səbəb isə Moskvalı iş adamı, "AnderSon" kafe şəbəkəsinin sahibi Anastasiya Tatulovanın Dağlıq Qarabağ münaqişəsi barədə erməniləri dəstəkləyən status yazması olub. Musavat.com xəbər verir ki, A.Tatulova sözügedən statusda kommersant.ru saytında dərc edilən, erməni əsgərlərinin dəfn mərasimindən hazırlanan bir yazının linkini paylaşaraq aşağıdakıları yazmışdı:
“Bunu göz yaşları olmadan oxumaq mümkün deyil. 19 yaşlı Rıjikin və onun kimi, mənim uşaqlarımın yaşıdlarının ölümü nəyə görədir? Biz nəyə görə müdaxilə etmir və bu müharibəni dayandırmırıq? Və bəli! Mən ermənilərin tərəfindəyəm. Əlbəttə. Həm düşüncələrimlə, həm pulumla və hər şeyimlə”A.Tatulova daha sonra bu statusu silib və bu addımını aşağıdakı statusla əsaslandırmağa çalışıb: “Fb-dəki paylaşımlarımın tarixində ilk dəfədir ki, yazdığımı sildim. Amma bununla belə, fikrim dəyişməyib və hesab edirəm ki, öz səhifəmdə düşüncələrimi ifadə etmək hüququm var. Lakin statusu sildim. Bu da mənim dünyadakı sülhün qorunmasına verdiyim bir töhfədir. Sülh mənim fikrimdən daha vacibdir. Buna qərar verdim, çünki sözlərim barrikadanın əks tərəflərində özlərini tapmış dostlarım, həmkarlarım, bir çox yaxşı insanlar arasında söz müharibəsinə səbəb oldu. Çox ağrılı bir mövzu olduğu məlum oldu. Bütün bunlara görə məni bağışlayın.
Vacib olanlar:- Мənim uşaqlarımın dörddə biri ermənidir. Ailəmdə erməni qanı olan çox adam var.
- Mənim çox sayda dostlarım var – onların arasında azərbaycanlılar və ermənilərin dostları var.
- Anderson Bakıdadır və tanıdığım azərbaycanlılarla səmimi davranıram, onlar əla, düzgün insanlardır.
-Moskvada ermənilərə məxsus olan və azərbaycanlı olan tərəfdaş Andersonlarımız var.
İnanıram və bu münaqişənin dünyamızı düşmənlərə bölməməsi üçün əlimdən gələni edəcəyəm.
Buna necə kömək edəcəyimi bilmirəm, amma çox istəyirəm ki, hər iki tərəfdə də ölüm olmasın. Bu hamımız üçün vacibdir.
Sizə salam olsun Ermənistan və Azərbaycan.
Sizi sevirəm, ailələrinizdə qurban olmasın. Hər birinizi qucaqlayıram”.
Üzrxahlıq postunun altında yazan ermənilər A.Tatulovanı qeyri-səmimilikdə suçlayıblar və Ermənistanın tərəfində olması ilə bağlı yazdığı statusu sildiyinə görə qınayıblar. Azərbaycanlı aktiv sosial şəbəkə istifadəçiləri isə A.Tatulovanın hər iki statusunun da riyakarlıq olduğunu deyərək, bütün Azərbaycan xalqını onun sahibi olduğu mağazalar şəbəkəsini boykot etməyə çağırıb.
Yazar G.Mövlud isə yazıb ki, A.Tatulovanın məsələsində işin pis tərəfi onun pulu Bakıda qazanıb, Ermənistana xərcləməsidir ki, Yerevanda qazanıb, Azərbaycanı dəstəkləsəydi eyni dərəcədə pis, ədalətsiz olacaqdı: “Amma işin ən iyrənc tərəfi bu qadının riyakarlığıdır. İki dəqiqə sonra ona həyatı başa salırlar və o yazır ki, iki tərəfi də eyni görürəm, ikisinə də yazığım gəlir, heç kim ölməsin. Aydın olur ki, onun üçün nə azərbaycanlı, nə ermənilərin bir qəpiklik dəyəri yoxdur, onun üçün əziz olan öz biznesidir, pullarıdır. Onun biznesini baykota çağırmağımın da əsas səbəbi budur”.
Amma A.Tatulovanın
“sonrakı peşmançılığı” heç bir fayda verməyib.
Musavat.com minval.az saytına istinadən xəbər verir ki, sözügedən ermənipərəst statusun yazılmasından sonra "Anderson Baku"-nun Bakıdakı rəhbərliyi dərhal bir açıqlama verdi: “Anderson" kafe şəbəkəsinin qurucusu Anastasiya Tatulovanın Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövqeyi və şəxsi fikri səbəbindən Bakıdakı kafe sahibləri bu şəbəkə ilə əməkdaşlığı tamamilə dayandırmağa və onlardan imtina etməyə qərar verdilər. Kafenin adı tezliklə dəyişdiriləcək. Narazılığınızı bölüşürük. ""
Sevinc, musavat.com
Tarix: 19-10-2020, 23:11