Prezidentlərin keçmiş cangüdəni: "Onun haqda tarixi sənədlər tapıb dostuma göstərdim"


Prezidentlərin keçmiş cangüdəni: "Onun haqda tarixi sənədlər tapıb dostuma göstərdim"
Bir gün planetin səmasında yenidən maskasız təyyarələr ölkədən-ölkəyə köç edəcək. Hələliksə ehtiyatla qəbul edib, qorxaraq yola saldığımız "maska"lı əcnəbi qonaqlarımızla məsafəsiz söhbətlərlə kifayətlənirik.
Publika.az-ın özəl müsahibi Fransanın mühafizə şirkətlərinin sahibi, dövlət başçılarının mühafizəçisi olmuş Aleksandr Buasondur.
Aleksandr, 10 ilə yaxın müddətdə Fransa prezidentlərini mühafizə etmisiniz. Ən uzunmüddətli iş birliyiniz isə Jak Şirakla olub. Bu barədə danışmağınızı istərdim...
- Həyatım boyu rastlaşdığım ən humanist, səmimi prezident bəlkə də Jak Şirak idi. Mən onun təhlükəsizliyini qoruyurdum. Ölkənin birinci insanının bütün situasiyalarda, rəsmi görüşlərdə, səfərlərdə toxunulmazlığı səndən asılıdır. Təsvir edə bilməyəcəyim qədər böyük məsuliyyətdir. Lakin insan işini sevəndə və özünə əmin olanda qarşı tərəf də sənə güvənir. Jak Şirakla çalışmaq hər zaman böyük şərəf və zövq idi. Onun xalqdan gizlənmək üçün səbəbi yox idi. Yolda insanlarla rastlaşanda da ayaq saxlayırdı, hamının şikayəti ilə maraqlanırdı. Bəlkə də bu səbəbdən qorunmağa da ciddi ehtiyac duymurdu. Hətta vəzifəsindən azad olunandan sonra da harda məni görsə, salamlaşır, halımı soruşurdu. Nikola Sarkozinin prezidentlik dövründə də çalışdım. Amma qısa müddətdə öz istəyimlə işdən ayrıldım. Mənim prezident idealım o deyildi.
Bəs Makron haqda nə düşünürsünüz?
- Fikrimi belə izah etməyə çalışacam. Fransız xalqı çox nəzakətlidir. Rəhbərinə rəğbət bəsləməyi də, yeri gələndə səhvlərinə göz yummağı da bacarır. Kifayət qədər səbrlidir. Amma səbir kasası doldusa, tarixdən də bildiyiniz kimi hakimiyyətdə çevrilişlər, inqilablar etməyi də, kralları edam etməyi də çox gözəl bilir.

- Təəssüf ki, bu gün dünyanın ən sivil ölkələrində belə insanlar polislərin şiddətinə, zorakılığına məruz qalır. Siz də 15 il bu sahədə çalışmısınız. İnsanların nifrəti ilə üz-üzə qalmısınız?
- Bəli, 15 il az müddət deyil. Parisin müdafiə briqadasında çalışmışam. Ən təhlükəli rayonlarında gecə-gündüz fasiləsiz xidmət göstərmişəm. Mənim nənəmlə babam partizan olublar. Vicdanı da, dürüstlüyü də onlar aşılayıblar mənə. Doğrudur, bəzən daha böyük kütləni təhlükədən qorumaq üçün bir neçə nəfər üzərində zor tətbiq etməlisən. Xüsusən də əmrdirsə, şübhəsiz tabe olmalısan. Amma mən gələcəyimi bu işdə görmürdüm. Anlayırdım ki, fəaliyyətim hansısa qurumun iş prinsiplərinə tabe olmamalıdır. Amerika hərbçilərinin VUCA adını verdikləri termin var. Bu üsulla istənilən kritik hadisədən daha az ziyanla, Yer kürəsini zədələmədən ədaləti bərpa etmək mümkündür. Dünyanı, insanları elə özlərinin memarı olduqları böhrandan qurtarmaq lazımdır. Ailəmizə, sevdiklərimizə, ölkəmizə sahib çıxmasaq, vəziyyət daha da pisləşəcək. İnsanlar anlamalıdırlar ki, qanun onların düşməni yox, dostudur. Bugünədək yazdığım kitablarda oxucuların diqqətini məhz bu məqama yönəltməyə çalışmışam.
- Azərbaycanın yaxın dostlarından biri də sizsiniz. Ölkəmizi, mədəniyyətimizi Fransada təbliğ edirsiniz. Hətta Şarl de Qollun bacısı nəvəsi ilə müsahibə zamanı Əhmədiyyə Cəbrayılov haqda məlumatı sizdən aldığını bildirdi.
- Elədir. Loran de Qoll dostumdur. Bir neçə il öncə onu Əhmədiyyə Cəbrayılovla bağlı tarixi sənədlər və tarixi faktlarla tanış etdim.
- Özünüz də bir neçə il Azərbaycanda yaşamısınız...
- 2012-ci ildə Azərbaycana səfər etdim. Bir neçə layihə həyata keçirdim. Elə burada Azərbaycan vətəndaşı ilə ailə qurdum. 2018-ci ildə yenidən Fransaya döndüm.
Bəs ailəniz?
- Ailəm Azərbaycandadır. Pandemiya dövründə övladlarım üçün çox darıxırdım. 7 ay görüşə bilmədik. Nəhayət Bakıya gələ bildim.

- Şübhəsiz, artıq bizdən birisiniz, amma ölkəmizə gələn əcnəbilərin Azərbaycan haqda fikirləri mənim üçün həmişə maraqlıdır.
- Azərbaycan çox rəngarəngdir. Siz neft kimi təbii sərvəti olan zəngin xalqsınız. Tarixinizdə dünyaya tanıdacağınız qəhrəmanlarınız var. Avropa təfəkkürlü xalqsınız. Eyni zamanda da dadlı mətbəxiniz var. Hətta Fransada olanda da Azərbaycan mətbəxinə daha çox üstünlük verirəm.
- O zaman iki xalqın qadınlarını da obyektiv müqayisə edə bilərsiniz.
- Məncə, Azərbaycan qadınları daha cazibədardırlar. Ailəyə daha çox önəm verirlər, qorumağı bacarırlar. Bu, çox gözəldir.
Pandemiyadan ən çox əziyyət çəkən, itki verən ölkələrdən biri də Fransadır. Hazırda ölkənizdə durum nə yerdədir?
- Vəziyyət stabilləşsə də, şərtlər yenidən ağırlaşdı. Parisin küçələrində də insanların maskadan istifadə etməsi tələb olunur. Artıq insanlar etiraz etməyə başlayıblar. Məktəblərdə vəziyyət ikiqat acınacaqlıdır. Uşaqlarımıza "sən məktəbə gedib, evə virus gətirdin" travmasını yaşatmaq haqqımız yoxdur. Mən maskaya, gigiyenik tədbirlərə qarşı deyiləm. Əsla! Amma bu gərginliyi aradan qaldırmaq məsuliyyəti dövlət rəhbərinin, elmin, səhiyyənin məsuliyyətidir, uşaqların yox!
Leyla Sarabi,
Tarix: 15-10-2020, 22:19
Xəbəri paylaş



Xəbər lenti