Azərbaycan qadınının qəhrəmanlığı, cəsarəti, sədaqət və etibarı zaman-zaman əfsanələşib, nağıllaşıb, şeirə, nəğməyə çevrilib. Əsrlərdən-əsrlərə körpü salaraq qüdrətli bir millətin mənəvi-əxlaqı dəyərlərini, milli kimliyimizi formalaşdırıb. Nüşabələr, nigarlar, həcərlər haqlı olaraq ulu bir millətin qürur mənbəyinə çevrilib.Yenicə aldığım bir xəbər varlığımda sarsıntı yaratsa da, Azərbaycan qadını haqqında onsuz da yüksək olan təsəvürlərimi daha uca zirvələrə, əl çatmaz uca göylərə qaldırdı. Tərtər rayonunun Sarıcalı kəndindən olan Məmmədov Mehdi Elçin oğlu Ağdərənin erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda şirin canından keçən igid əsgərimiz oktyabrın 13-də böyük ehtiramla torpağa tapşırılır. Düşmənə sonsuz nifrətlə, intiqam harayı ilə məzarlıqdan qayıdan kənd caamatına son dərəcə daha acı bir xəbər verildi. Mehdinin ay-ulduzlu bayrağa bükülmüş cənazəsi doğulduğu evin həyətindən çıxandan sonra nişanlısı Mələk ondan sonra yaşaya bilməyəcəyinə qərar verib intihar edir. Mələyin ölümündən əvvəl əlləri titrəyə-titrəyə yazdığı məktub heç şübhəsiz Azərbaycan qadınının dünyada başqa heç bir millətlə müqayisə edilməyəcək əxlaqına, sədaqətinə, etibarına həsr ediləcək yeni-yeni bədii əsərlərin, şeir və mahnıların mövzusuna çevriləcəkdir. Qəribədir Mələk yazdığı məktubu ona gələn nişan boxçasında daha çox xoşladığı ətir şüşəsinə bükmüşdü. Bahar ətirli bir ömür yaşadın, qızım! Bütün varlığınla sevdiyin oğlana, döyüş meydanında şəhid olub əbədiyyətə qovuşan Azərbaycan əsgərinə sədaqətini şərəfli ölümünlə təsdiq etdin. Bütün dünyanı heyrətləndirəcək bu qərarı yalnız Azərbaycan qadını verə bilərdi. Bəzən insanlar doğulanda verilən adı həyatda öz əməlləri ilə təsdiq edirlər. Bunu sən bacardın, Mələk! İndi ruhun göydəki mələklərlə birgə qanadlanır. Sarıcalı kənd qəbristanlığında Mehdi və Mələyin qəbri qoşa qazılıb. Bu dünyada qovuşmalarına şeytan xislətli mənfur düşmən macal vermədi. Qoy Allah dərgahında qovuşsunlar, qoşa uyusunlar.
Qəbriniz nurla dolsun, yeriniz cənnət olsun!
Lazım Quliyev
“Azərbaycan”
Neqativ.com
Tarix: 14-10-2020, 07:40