Dünən sosial şəbəkədə Ağdamdan, Füzulidən, Cəbrayıldan çəkilmiş yeni fotoşəkillər çıxdı qarşıma.O fotolarda görünən nədir?
İşğaldan 27 il keçib, dəyişən yalnız dağılmış evlər, uçuq-sökük divarlardır.
Yollar, infrastruktur məhv edilib…
Bu torpaqlarda 27 ildir ki, insan yaşamır – sözün bütün mənalarında. Ermənilər 27 il ərzində o torpaqları özlərinə “vətən” etməyiblər; bu ərazilərdə məskunlaşmayıblar, yerləşməyiblər, oturuşmayıblar, rahatlaşmayıblar, yuva qurmayıblar. Əksinə, yuvalarımızı barbarcasına dağıdıblar.
Əvvəllər də işğal altında olan bölgələrimizlə bağlı fotolar, videolar dəfələrlə mediada və sosial şəbəkələrdə paylaşılıb. Amma indi gördüklərim tamamilə fərqlidir. Şəkillər bir başqa cür “danışır”. Ola bilsin, müharibənin təsirindəndir. Artıq Cəbrayılı azad eləmişik. Füzulini, Ağdamı artıq bir nəfəs qədər yaxınlığımızda hiss edirik. Şuşaya, Xankəndiyə doğru pərvazlanırıq. Əzablarımızın bitəcəyinə sayılı günlər qalır, yəni yolun sonuna yox, işğalın sonuna, Yolun isə başlanğıcına doğru addımlayırıq.
Ön cəbhədə cəngavər oğullarımız misilsiz şücaət göstərir. Hər uğur, hər qələbə bizə ruh verir, qol-qanad verir, hüzur verir... Və istər-istəməz qarşıma çıxan o şəkillərə baxa-baxa düşünürəm, son 30 ildə ermənilərin qazancı nə olub? Bizimlə düşmənçilik etməkdən nə əldə ediblər? "Torpaq aldılar" deməyək, çünki haqqında danışdığım fotolardan görünən odur ki, onlar bizim torpaqlara sahiblənməyiblər, özününküləşdirə bilməyiblər, bu bölgələr onlara yaddır. Bəs onda bu 30 illik düşmənçilik, qan-qada, savaş nə üçündür, nədən ötrüdür?
Bir dövlət başqa bir dövlətin ərazisini yalnız bir niyyətlə işğal edər. Ki, özününküləşdirsin, öz ərazilərini genişləndirsin, ölkəsini böyütsün. Ermənistan bunların heç birini etməyib, ya da edə bilməyib. O halda bu düşmənçiliyin məntiqi nədir? Biz axı bu bölgələrdə uzun illər sabitlik və rifah içində yanaşı yaşamışıq, qaynayıb qarışmışıq, mehriban qonşuluq etmişik.
Baxın, 1988-ci ildə Topxana meşəsində ağaclarımızın kəsilməsiylə başlayan ilk etiraz aksiyalarının üstündən düz 32 il keçir. Qarabağı erməniləşdirə bildilərmi? Ermənistana birləşdirə bildilərmi? Özlərini “müstəqil dövlət” kimi dünyaya qəbul etdirə bildilərmi? Yox. Nəinki hansısa başqa bir ölkə, heç Ermənistanın özünün bu “müstəqilliyi” tanımağa cəsarəti çatmadı. Bəs onda məqsəd-məram nə idi? Qarabağı 30 il inkişafdan saxlamaq, evlərimizi darmadağın etmək hansı təfəkkürdür? Azərbaycanlıları bu qədər işgəncəyə, məşəqqətə düçar etmək hansı əxlaqdır? Axı biz yenə də mehriban qonşuluğumuzu davam etdirə, Dağlıq Qarabağda da, digər bölgələrimizdə də dinc və yanaşı yaşaya bilərdik?
Baltikyanı ölkələrə baxın, son illərdə orada bircə dəfə olanlar təsdiq edər, insanlar necə xoşbəxtdir, problemsizdir. Ən önəmlisi, rahatdırlar. 3 qonşu ölkə öz sərhədləri daxilində normal yaşayır, bir-biri ilə normal münasibətlər saxlayır. Ermənistan da Cənubi Qafqazda o 3 ölkədən biri ola bilərdi. Qonşuları ilə - Azərbaycanla, Gürcüstanla dinc və yanaşı, sülh içində xoşbəxt ola bilərdi. Azərbaycandan qazana bilərdi. Azərbaycanın müəllifi olduğu bütün meqalayihələrdə iştirakçı və tərəfdaş ola bilərdi.
Amma onlar barbarlığı seçdilər. Qışın şaxtasında mülki əhalini ayaqyalın, başıaçıq evlərindən qovdular. Qarın üstündə ayaqyalın qaçan insan... Təsəvvür edə bilirsiz bunu?
İnanmıram. Amma onlar bunu da etdilər. Başımıza normal ağla, təfəkkürə sığmayacaq müsibətlər açdılar. Qız-gəlinlərimizi zorladılar, körpələrimizi analarının gözü qarşısında öldürdülər. Qadına-qocaya aman vermədilər...
Sonra... Sonra da bu vəhşilikləri ilə fəxr etdilər. Xocalıda törətdiklərindən fəxarətlə bəhs etdilər. Bizi hər gün bir az öldürdülər. Bununla da kifayətlənmədilər. İzzəti-nəfsimizlə, şərəfimizlə oynamağa başladılar. Gah Şuşanı “paytaxt” elan etdilər, gah Şuşada “andiçmə mərasimi” keçirdilər, gah yallı oynadılar. Anlamadılar ki, əslində yallı oynamırlar, şərəfimizlə, heysiyyətimizlə oynayırlar. Anlamadılar ki, hər bir azərbaycanlının altşüurunda Şuşa müqəddəsdir! Sən müqəddəsimizə murdar əlini uzadanda bizə başqa yol qoymursan. Sən bizi Vətən müharibəsinə sövq edirsən...
Müharibə bütün hallarıyla, bütün formalarıyla ağırdır. Ağırdan ağırdır. Çünki ön cəbhədə, səngərdə döyüşən əsgərlər balalarımızdır, canımızdan bir parçadırlar. Əgər canımızdan can göndəririksə düşmən qabağına, görün Qarabağ nə deməkdir bizim üçün... Balası şəhid olan Ana ağlamrsa, anlayın Vətənin müqəddəsliyini...
Anlayın ki, bu dünyada hər şey bumeranqdır. Bunca ədalətsizliklər, zülmlər bir gün geri qayıtmalıydı. Zalım məğlub olmalydı. Məzlum qalib gəlməliydi...
Dünya o Qələbəni seyr edir indi! - Qarabağda zalımlar üzərindəki qələbəmizi…
Ruhun Bədənə qayıdışını...
Tarix: 8-10-2020, 20:31