"Müdafiə fonduna yardımlarımızı reklam etməyə ehtiyac yoxdur...”




AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov “1990-cı illərdə Qarabağın müdafiə işlərinin təşkil olunmasında fəal iştirak edən, özü də hərbi forma geyərək könüllü tələbə dəstəsi yaradan Etibar bəyin yenidən kamuflaya bürünərək xalq arasına çıxmaq fikri yoxdur ki” sualına  cavab verib:
 
“Yox(Gülür)... Bilirsiz, onda dövr ayrı idi. O zaman yenicə müstəqillik qazanan dövlətimizin  əsl mənada formalaşmış, yaranmış rəsmi ordusu, demək olar ki, yox idi... Ona görə də ilkin  dövrdə könüllülər irəli getməyə məcbur idilər. Və ordunun formalaşması üçün hərə əlindən gələni edirdi. Biri maddi cəhətdən, biri texniki cəhətdən, digəri başqa bir şəkildə kömək edirdi. Bir sözlə, hamı iştirak etməyə çalışırdı bu prosesdə... Amma onu deyim ki, o zaman da böyük ruh yüksəkliyi var idi... Təəssüf ki, Milli Ordumuzun formalaşması dövründə bizə böyük xarici və daxili zərbələr vuruldu. Ermənistanın müttəfiqləri bu işdə fəal iştirak etdi. Eləcə də daxildə ordunun rəsmi şəkildə formalaşmasına mane olan qüvvələr vardı. Ancaq ona baxmayaraq indiki yaranmış ordunun təməli o vaxt qoyulub və o zamankı bizim şəhidlərimiz də, qazilərimiz də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, daha  çox canlı itki verməməsinə və ərazilərin daha çox işğal olunmamasında da böyük rol oynayıblar. Məhz onların övladlarıdır ki, daha ciddi şəkildə formalaşmış, arxasında dövlət dayanan  böyük bir ordunun üzvləridirlər. İndi həyatda olan atalar da sevinirlər ki, onların övladları özlərinin o zaman müxtəlif obyektiv və subyektiv səbəblərdən edə bilmədilklərini indi onların övladları edirlər. Bu, bizim üçün böyük fəxrdir. Və bizim övladlarımız indi həmin vəzifəni yerinə yetirirlər.  Bununla da Azərbaycanın bir xalq olaraq ordu yaratmağa da, vuruşmağa da qadir olduğunu göstərirlər.  Bu oğullar düşmənlərimiz tərəfindən yaradılmış mənfi obrazları da,  ermənilərin guya məğlubedilməz orduya malik olması haqdakı mifi də elə birinci gündən vurub darmadağın ediblər.  Və sübut etdilər ki, Azərbaycan ordusunun həm texniki, həm maddi imkanları çox böyükdür. Ən əsası isə mənəvi ruhu, motivasiyası da çox yüksəkdir və uğurlu nəticələr göstərir. Və indi biz təbii olaraq gözləyirik ki, ordumuzun həyata keçirdiyi bu uğurlu əməliyyatlar diplomatik gedişlər sayəsində Azərbaycan düşmənə öz şərtlərini qəbul elətdirə bilsin...”
 
“Mənim bir əlim elə oradadır. Biz müdafiə fonduna yardımları mütəmadi edirik və  belə işləri hadisədən-hadisəyə reklam etməyə ehtiyac yoxdur...” – deyə  “Müdafiə Fonduna yardım etmisizmi və ya etmək fikriniz varmı”  sualına cavabında Etibar Məmmədov söyləyib.Moderator
Tarix: 6-10-2020, 20:57
Xəbəri paylaş



Xəbər lenti