İndi - həqiqət anında bu fakt çox vacibdir “İndi həqiqət anıdır. Siz kimin tərəfindəsiniz? Həqiqət və ya yalan tərəfdə? Dost və ya düşmən tərəfdə? Mənim üçün, xalqımız üçün, hər kəs üçün həqiqət anıdır”.
Prezident İlham Əliyevin yaralı əsgərlərlə görüşü zamanı səsləndirdiyi bu fikirlər çox aktualdır. Hal-hazırda, Azərbaycan öz ərazilərini erməni işğalçılarından azad etmək üçün müqəddəs bir müharibə apararkən, ölkəmizin mülki vətəndaşları onların atəşi altında yaşayarkən, onlara Azərbaycanla hansısa bağlılığı olan hər kəsin səsini eşitmək vacibdir.
Və burada bizi həm xoş sürprizlər, həm də məyusluqlar gözləyir. Məsələn, yerli KİV-lər Azərbaycan yığmasının hazırkı futbolçusu, hazırda İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilovun Dağlıq Qarabağ hadisələri ilə bağlı şərh verməkdən imtina etdiyini yazır. Jurnalistin İsrafilovla əlaqə qurmaq və cəbhədə baş verən hadisələrin Avropadan necə görünməsi və oyunçunun bu barədə nə düşündüyünü öyrənmək cəhdlərinin uğur qazanmadığını görürük.
Ancaq futbolçunun anası Azərbaycan vətəndaşı İradə İsrafilova sualları cavablandırdı: “Eddi siyasətə qarışmaq istəmir.
Bundan əlavə, dostlarımız və tanışlarımız arasında çoxlu sayda erməni var. Hamımız burada münaqişəyə müdaxilə etmədən yaşayırıq. Bir-birimizlə danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmuruq. Hər birimiz ölkəmizi dəstəkləyirik. Ancaq bu məsələni heç vaxt müzakirə etmirik. Niyə Eddi bu barədə danışsın və özünə problem yaratsın? Oyunlara gedir, bütün İspaniyanı gəzir və bir gün hansısa erməni ilə yolu kəsişəcək”.
Onların münasibəti belədir və buna haqları da var. Ancaq eyni şəkildə, AFFA və Azərbaycan milli komandasının rəhbərliyi E.İsrafilovu yığmaya daha cəlb etməyin məqsədəuyğunluğu barədə də düşünmək hüququna malikdir.
Prinsipcə, bəzi məhşurların belə mövqeyi yalnız Azərbaycanla bağlı baş vermədi. Uzun müddət Ukrayna millisinin kapitanı olan Anatoli Timoşçuk, bir dəfə də olsun Krımın ilhaqını və Rusiyanın Donbasdakı silahlılara dəstəyini pisləməyib. Yəqin ki, bu mövqe onun Sankt-Peterburqun “Zenit” komandasında oynaması və bu klubun məşqçilər korpusuna daxil olmasından qaynaqlanır.
Donetskin “Şaxtyor” klubunda və Ukrayna millisində uzun müddət oynayan Yaroslav Rakitski də Sankt-Peterburqun “Zenit” komandasına qoşulub. Eyni zamanda, Ukraynanın şərqindəki silahlı qarşıdurmanın başlanğıcından bəri Rakitski, milli komandada oynadığı zaman Ukrayna himnini oxumaqdan imtina etməsi ilə bağlı mətbuatda dəfələrlə suallarla qarşılaşıb. Konkret bir cavab vermədi. Və Ukrayna millisinin oyunlarında iştirak etməkdən uzaqlaşdırıldı. Ölkələrinin milli komandasının formasını geyinənlərin vətənpərvərliyindən bəhs edən hekayələr belədir.
Bu fonda məşhur Qana futbolçusu Mayk Esyenin mövqeyi xüsusi hörmətə layiqdir. “Lyon” ilə ikiqat Fransa çempionudur. “Çelsi”də iki liqa, dörd İngiltərə Kuboku qazandı, iki dəfə Çempionlar Liqasının finalına çıxdı və bir dəfə qalib oldu. O da bir müddət ölkəmizdə oynayıb. Məşhur yarımmüdafiəçi 2019-cu ilin martında "Səbail"lə müqavilə imzalamışdı.
Beləliklə, Esyen yenidən erməni separatçılarına qarşı mübarizədə Azərbaycana dəstəyini bildirdi. 37 yaşlı qanalı futbolçunun dünyanın dörd bir yerindən, təxminən yarım milyon abunəçisi olan “Instagram” səhifəsində Azərbaycan bayrağı və “Azərbaycan üçün dua et”, “Qarabağ Azərbaycandır!” fikirləri yerləşdirildi. Bu ilin iyul ayında, Ermənistan Tovuz istiqamətində Azərbaycan ərazisinə hücum edəndə, Esyen o zaman da səhifəsində “Şəhidlər ölməz, vətən bölünməz!” sözləri ilə ölkəmizə dəstək olmuşdu.
Necə deyərlər, həqiqətən yüksək səviyyəli bir futbolçu və orta səviyyəli ispan komandasının son dərəcə adi oyunçusunun davranışlarındakı fərqi hiss edin. Və nəticə çıxarın. İndi - həqiqət anında bu, çox vacibdir. Üstəlik, yalnız Eddi İsrafilovla bağlılığa görə yox..
Tarix: 5-10-2020, 22:02