Aslan İsmayılov, yoxsa… “poplavok”



Aslan İsmayılov bu yazını oxuyanda şok keçirəcək! İnanmaz ki, mən yazmışam!
Aslan İsmayılov heç vaxt heç bir problemim olmayan SƏHNƏ İSMİdir! Onu həmişə DƏYƏR bildiyim adamların – görkəmli ictimai-siyasi xadimlərin yanında görmüşəm! Görmüşəm və simpatiyam olub – məndən onillərlə yaşca kiçik bir gözəl xanımın 10 İL ƏVVƏL lent.az-dakı yazımı oxuyub sevgisini ifadə edərkən dediyini onun üçün deməyə hazır olmuşam: “Aydın müəllim, qəlbimdə sənin üçün qurduğum möhtəşəm abidəni heç Kəmaləddin Heydərovun fövqəladə hallar nazirliyindəki xilasediciləri belə yıxa bilməz!” – hərçənd mən boyun olmuşdum ki, çoox pis adamam, ancaq Aslan müəllim boyun olan deyil! Aslan İsmayılov haqqında hər gün yazılası persona deyil! Bir dəfə yazasan və möhtəşəm yazasan: ilk baxışda və təəssüratda! Öz çıxışlarına görə!!! Fəqət… Aslan müəllim boyun olan deyil!
Aslan İsmayılov mübarizəsində dönməz adam triumfu sərgiləyir(miş kimi) obrazında – fəqət kiminlə və nə üçün mübarizədə? Kimlərin yanında və nə üçün? Bir daha təəssüflər olsun ki, Aslan müəllim bu suallara doğru cavabı da boyun olan deyil! Dağlar-qayalar, tikinti və geyim materialları var ki, içində asta-asta, yavaş-yavaş uçan, dağılan, yanan, alışan da var, birdən və qəflətən aşan, alışan, yıxılan, yanan da həmçinin!
Aslan İsmayılov birdən və qəflətən alışan, yıxılan, uçan, qopan, yanan qismə özünü transfer edib! Əslində, mən İlahi Ədalətin təntənəsi üçün ondan ayrı yazı yazmaq istəyirdim! Özümü ona kökləyirdim – adam həmişə haqqımda xoş söz deyib! İzlədikcə və düşündükcə görürsən ki, sənin haqqında Aslan İsmayılov xoş söz deməkdənsə, elə… söysə yaxşıdır! Özünün gözəl bir sözü var: 10 milyon əhali əleyhimə də olsa, mən doğru bildiyimdən imtina etmərəm! Və bu qədər gözəl sözü deyən adamın sonda məlum olur ki, doğruları… heç də xoşniyyətli və doğru deyilmiş, hətta gərəksiz! Uzun müddət izləyəndən və dərindən analiz etdikcə fikirləşirsən ki, daha çox iddia və hikkə var – mifik və mücərrəd İlahi Ədalətin təntənəsi adıyla!
Düzdür, Aslan İsmayılov “klassik oyunçular” Əli Kərimli və ya hədəfə aldığı Rauf Arifoğlu qədər “produktiv” və “rezultativ” “peşka” deyil! Sadəcə, bir oyunda üç dəfə oyunçu dəyişikliyi eləmək olarsa (bəzən Əli Kərimli, bəzən Rauf Arifoğlu, bəzən Sərdar Cəlaloğu, bəzən Pənah Hüseyn, bəzən hətta Tural Abbaslı “meydan”a tək-tək, ya da elə “ilkin heyət”də buraxıldığı halda), Aslan İsmayılov limitsiz sayda istənilən komandanın tərəfində “oyun”a buraxılmaq “lqot”una malik “fövqəl…”ehtiyat””…
Gərəkirsə, köhnə qvardiyanı “cərimə zonası”na salmağa, gərəkirsə, islahatçı komandaya “penalti” qazandırmağa ən uğurlu “rezerv” – “Zidan”ın bacısını söyən “Materatsi” və “Məhəmməd Salah”ın qolunu qıran Ramos kimi!
Aslan İsmayılov, sadəcə, vəkil deyil – siyasi iddiası və hikkəsi çox böyük olan, intellekti, savadı, işgüzarlığı üstündə həm hakimiyyətlə, həm də müxalifətlə durmadan dava açan, amma və lakin… heç bir tərəfdə statusunu müəyyən etmədən, istədiyini açıqlamadan dəyər tələb edən, vətənpərvər siyasətçidən daha çox, “siyasi işbaz”,“bahalı və fırıldaqçı vəkil” imicini qazanan “həqiqət alverçisi (dəllalı, möhtəkiri, şantajisti)” rolunda!
Adam BİRMƏNALI ŞƏKİLDƏ özünü etiraf etdirə bilmir: – nə müxalifətə, halbuki, müstəsna xidmətlər göstərib müxalifət cameəsinə və kimliklərini bildiyi halda belə, “lider”lərinə, – nə də iqtidara, halbuki, saysız-hesabsız unikal təkliflər irəli sürüb, tezislər hazırlayıb, göndərib poçtla, mətbuatda çap edib, televiziyada çıxışlar edib! İctimai-siyasi və dövlət adamı kimi sıfır olsa da, “müxalifət lideri” olaraq, yeddi dərənin suyunu bir arxa calayan (7 dövlətin “bəçeşmçi”si də demək olar) Əli Kərimliyə zamanında “İlahi Ədalət” adıyla dəstək olmasına baxmayaraq, bu dəqiqə Əli Kərimlinin trolları tərəfindən ən pis şəkildə söyülür!
Əli Kərimlinin prezidenti Əbülfəz Elçibəy hakimiyyətinin və komandasının xəyanətkar olduğunu Əli Kərimliyə deyə-deyə, başa sala-sala, Əli Kərimlini siyasi olimpdə ehtimal etməsi və Əli Kərimlinin kimliyini bilə-bilə yenə də ona (eləcə də digərlərinə vəkil qismində “podxod” və xidmətlərini təklif etməsi) yardımçı olmaqda davam etməsi… əslində, onun siyasi karyera və taleyini bitirmiş olub, fəqət özü də bilmir, bilsə də boynuna alan deyil, bilmirsə də, boynuna almırsa da, desən, etiraf etməyəcək!
ARQUMENTİ: İlahi ədalət üçün yanında olmuşam, – deyəcəyi “ən mükəmməl” alibidir! Görkəmli partiya və dövlət, ictimai-siyasi xadim, hüquq elmləri doktoru İlyas İsmayılov (həm sovet, həm də müstəqil Azərbaycanın hüquq-mühafizə orqanlarının ən ali vəzifə sahibi, deputat, partiya sədri) bir zamanlar Aslan İsmayılov üçün siyasi-mənəvi favorit olsa da, indi artıq İlyas müəllimi Aslan İsmayılovdan gözəl və mükəmməl söyən, gözdən salan ikinci bir adam tapmazsınız – ümumiyyətlə tapmazsınız: Azərbaycanda vicdanı olan heç bir kimsə İlyas İsmayılovu kəskin nədi e, elə-belə də tənqid etməz!
İlyas İsmayılovun yazılarında sitat gətirdiyi ilə deyirəm:“V.İ.Lenin deyirdi ki, siyasət mümkün olanı əldə etməkdir!” İlyas İsmayılov siyasətdə mümkün olanı əldə edib, razı qaıb, narazı qaldıqlarına münasibət bildirib və daha böyük iddialar sərgiləmir. Amma bu, Aslan İsmayılovu qane eləmir! Biz əgər Əbülfəz Elçibəyi Surət Hüseynovu öldürtmədiyinə görə ittiham etməkdə nə qədər haqlıyıqsa, həm də bir o qədər İlyas İsmayılovu Aslan İsmayılovu Azərbaycana dəvət etməkdə haqlı olarıq! A kişi, qoy qalıb işləyəydi də Krasnodarda: rusun içində məhkəmə hakimi (həm də sədri) olmuş bir adamı – xarakteri və vərdişi hökm verməyə öyrəşmiş adamı nəyə gətirib ittihamçıya çevirirsən axı? Üstəlik də ittihametmə vərdişlərinə yiyələnmiş hakimi məcburən müdafiəçi prokuror olmağa məhkum olmağını təxmin etməmisənsə! Adətən, insanlarda şəxsiyyətin ikiləşməsi gedir və bu anlaşılandır, amma və lakin… Aslan İsmayılovda şəxsiyyətin üçləşməsi artıq başa çatıb! Həm ittiham edir, həm hökm çıxarır, həm də müdafiə edir! Adam üç yerə parçalanıb: Əli Kərimlini müdafiə edə-edə Ramiz Mehdiyevi ittiham edir, İlham Əliyevin qabağına hökm göndərir! Bu bilirsiniz nəyə oxşayır? Həkimlərdən soruşun, deyərlər: vərəm xəstəsi şəkərə tutuldusa, qanı getdi! Çünki şəkərə aid dərmanlar vərəm dərmanları ilə tərs mütənasibdir və reaksiya verir – şok yaradır!
Aslan İsmayılovun şəxsiyyətinin üçləşməsi onda üçlü – bir-birinə zidd və düşmən olan “xəstəliklər” yaradıb! Aslan İsmayılovun “şəkər”i (ittihamçı) onun “vərəm”iylə (müdafiəçi) tərs mütənasibdir: xalqın adından danışır, amma islahatçı komandanı dəstəkləyir! Üstəlik də “təzyiq”i oynaqdır – hakimlik iddiası qoymur düşüncələri, iddiaları, vətənpərvərliyi bir-biriylə yola getsin! Əbülfəz Elçibəydən, Əli Kərimlidən danışırsan, deyir mən tənqid etmişəm, demişəm onlara həqiqəti, yəni kimlərəsə xoş olsun deyə, deyir əleyhinə yazmışam. Deyirsən Əbülfəz Elçibəy ümumilli liderdir, Əli Kərimli xalqın xilaskarı (əşhədü ənnə mühəmmədən rəsulullah, əliyyən vəliyullah), yenə deyir ki, o qədər onları müdafiə eləmişəm! Heydər Əliyevdən İlham Əliyevə, İlham Əliyevdən Ramiz Mehdiyevəcən hamıya dəstək və ağıl tezisləri var! İlyas İsmayılov üçün də həmçinin… Day qəzet redaktorları, iş adamları siyasi məhbuslar da saysız-hesabsız! Və… Aslan İsmayılov xalqa həqiqətləri demək ağlındaykən bir misalı da mən nəzərinə çatdırım: Deməli, Lənkərandan bölgə müxbiri olanda Cəhbə hakimiyyətini “Azadlıq” qəzetində tənqid etdim. Hüseynqulu bəy getdi! Dilrüba Camalova gəldi – onu da “düşməncəsinə” tənqid etdim. Ardınca Yaşar Rzayevi. Sonra Zeynal Nağdəliyevi. Sonra Süleyman Mikayılovu… Axırda dostlardan biri qayıtdı ki, Aydın, Hüseynqulu bəyi başa düşdük, Cəbhə bütünlükdə hakimiyyətdən getdi. Dilrüba Camalovanı da həmçinin. Axı bu Yaşar Rzayev ən mülayim, ən rahat icra başçısıydı, sən nə demək istəyirsən, fərqində deyilsən ki, haqqında fikir yaranır ki, bu adam heç kimlə işləyəsi adam deyil? Üç icra başçısından biriylə ümumi dil tapmayan adama kimsə dəyər verər?
Bəli, məni başa düşmək olar, mən siyasətçi deyiləm və jurnalistəm, həqiqətən də hakimiyyətdə heç kimi dəstəkləmirəm, işləmək istəmirəm və s. və ilaxır – mənim üçün jurnalistlik bütün maraqlardan və vəzifələrdən yüksəkdədir! Axı, ay Aslan İsmayılov, sən nə istəyirsən? Kiminlə nə iş aşırmaq istəyirsən? Bütün dostları və silahdaşları zərbə altında qoymaq artıq Aslan müəllimin kredosuna çevrilib – bu gün Aygün Muraxdanlıya, dünən Sərdar Əlibəyliyə, sabah Əvəz Zeynallıya görə fikirləri sarıdan çıxılmaz vəziyyətdə qalacağıq. Sanki portfelsiz DTX, DİN, PROKURORLUQ, ALİ MƏHKƏMƏ…missioneri! Aslan İsmayılovu vəkil, prokuror, hakim kimi qəbul etməmək vicdansızlıq olar – o işlərdə çox mükəmməldir: dilini gödəltməz! Amma bir orası var ki, heç birində qoymurlar işləməyə! Aləmi bəzər, özü lüt gəzər, – elə bil Aslan İsmayılov üçün deyilib! Allah onu işsiz qoyanın evini yıxsın – bekarçılıqdan danışır, danışır, danışır, arada zibilə biz düşürük! Axşam yatırsan, səhər durursan, görürsən ki, Aslan müəllim yenə harasa quşçatanla daş atıb!

Allah saxlamış, atırsan birdəfəlik bomba at, raket at, sualtı qayıqdan, ballistik raketdən istifadə elə də! Və dəhşətli olanı odur ki, adam sıravi müxbirdən Prezident Administrasiyasının rəhbərinəcən savaşdadı!
Hamıyla!!!Amma arada efirə də çıxır!Amma arada müxalifətçi də olur!Amma arada hakimiyyətçi də olur!
Vallah, bullah, Ədalətin qələbəsinə çalışmaqdan çox, hər yerdə xəlvət olduğunu zənn edib, faktiki koordinatlarının dəqiq bəlli olmasıdır! Mənim dost dediklərimin hamısını “bihürmət” edib! Aslan İsmayılovun deməyinə inanmağa qalsa, gərək bu ölkədə hətta həmkarlarıma da salam verməyim, day siyasətçilər heç də! Oxuyuram, dinləyirəm, mənim yaxşı bildiyim adamların hamısı bunun nəzərində əclaf imiş, yalançı imiş, bərbad imiş! Faciə ondadır ki, Aslan İsmayılov cırmaq atdığı adamlar danışmağa başlayanda… Qanqda su yerinə qan axdığı kimi, qanı şorra vurur!
Aslan İsmayılov bu yazını oxuyanda şok keçirəcək! İnanmaz ki, mən yazmışam!
Amma vallah, mən yazdım və Aslan müəllimə çatdırmaq istədim ki, baxın, eynən də siz belə edirsiniz! Adamlar yatır, durur, görür ki… danışıbsınız… heç kimə gərək olmayanı!
Ərkim də çatmır e deyim ki, ay Aslan müəllim, siz allah, nə istəyirsiniz, deyin bilək, elliklə qalxaq ayağa, arzunuza çatdıraq, amma bizi bu zülmə salmayın: dəyər verdiyimiz adamlarla düşmən etməyin, ən azından axı mən o adamlardan deyiləm ki, sizn haqqınızda yanımda ağızlarına gələni danışsınlar, mən də pələş qulaqlarımı sallayım, sonra yenə sizə “salam” verim!
Siz sürətlə gözdən salırsınız özünüzü, bizə düşmənçilik aşılamaqdan çox, özünüzə düşmən qazandırırsınız və bu İlahi Ədalət savaşında ən çox uduzan da sizsiniz – çünki özünüz özünüzə düşmənçilik edirsiniz! Mən vicdanlı adam olduğum üçün bunu yazdım: özünüzü öldürməyin və… öldürməyin! Bir əl yeri saxlayın… qanınız axıdılmamış yer də olsun qoy!p.s. Rusca bir söz var: “bıt na plavu!” – vallah, ciddi deyirəm: siz üzdə olmaqdan çox, üzdə olmağı o cür ifadə edən “poplavok” görüntüsündəsiniz! Elə hesab edirsiniz dərində qırmağınıza iri balıqlar düşəcək, guya da heç kim bilmir nə ovuna çıxıbsınız, amma faktiki… “poplavok” kimi, hər dalğa sizi atır-tutur, sizə atır-tutur! İndi day birdən-birə üç arzunu yerinə yetirən “qızıl balıq” düşmür tilova! Unutmayın! Bundan artığını yazmaq istəmədim!
Aydın Canıyev
Tarix: 22-09-2020, 20:54
Xəbəri paylaş



Xəbər lenti