Əvvəl aktyor, sonra sabiq nazir qadınlara qarşı çıxdı: “O zaman Əli İnsanov yəqin ki, bacarığı olmayan anasının yanında qaçırdı”


Əvvəl aktyor, sonra sabiq nazir qadınlara qarşı çıxdı: “O zaman Əli İnsanov yəqin ki, bacarığı olmayan anasının yanında qaçırdı”

Sabiq səhiyyə naziri Əli İnsanov mətbuata son müsahibəsində qadınlara qarşı bəzi fikirlər səsləndirib.
Qadınların heç bir halda öndə olmamasını xüsusilə vurğulayan sabiq nazir nəinki Azərbaycanda, hətta Avropada belə qadınların dövlət başçısı olmasına qarşı çıxıb.
Bundan əvvəl isə Milli Akademik Dram Teatrının aktyoru, əməkdar artist Abbas Qəhrəmanov “Tofiq Yaqublunu qızı niyə müdafiə edir? Nəsillərində başıpapaqlıları yoxdurmu ki, məsələyə arvadlar qarışır?”,- deyə qadın-kişi fərqi qoymaqla ciddi etirazlara səbəb olub.
Hər iki şəxsin çıxışı sosial şəbəkə isitfadəçiləri, ictimai fəallar tərəfindən etirazla qarşılanıb. Qadın hüquq müdafiəçiləri də həm sabiq nazir, həm də aktyorun fikirlərinə qarşı çıxb.
Dilara Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında Əli İnsanovun və Abbas Qəhrəmanovun qadınlara əks münasibət sərgiləməsini yalnız qısqanclıqdan dolayı olduğunu deyib:
“Bu gün qadınlar kişilərdən daha güclüdür. Bu faktdır. Məhz ona görə də bu, onlarda qıcqanclıq yaradır. Çünki heç nəyə nail ola bilmədilər. Yalnız bunu deyə bilərəm”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Bilriyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, Əli İnsanov gələcəkdə hansısa siyasi fəaliyyətlə məşğul olma istəyini artıq bu gün məzara qoydu:
“Azərbaycan hökumətinin qoşulduğu konvensiyalar, eyni zamanda onun avrointeqrasiya planları heç də Əli İnsanovun fikirləri ilə uyğun gəlmir və bir daha bu məsələdə qeyri-səmimi olduğunu göstərir. Hesab edirəm ki, siyasətçilərin bu cür bəyanatları qadın elektoratın itirilməsi, həmçinin demokratik imicinin olmamasından xəbər verir. Əslində qadınlar həqiqətən də güclüdür və bu fikirlər qadınların daha da məhdudlaşdırılması, onlara basqınların artmasına xidmət edir. Məsələn, bu gün Birinci vitse prezident Mehriban Xanım Əliyeva öz fəaliyyətində heç bir kişidən fərqlənmir. Ola bilər ki, hədəflərdən biri də odur və bu Əli İnsanov bu cür fikir səsləndirir. Gündəlik həyatda da görürük ki, Mehriban Əliyeva ağıllı, məntiqli və paralel olaraq mərhəmətlidir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, sözügedən şəxslərin qadınlar barədə dilə gətirdikləri fikirləri onların tərbiyə aldığı mühitdən qaynaqlanır:
“İlk növbədə onu deyim ki, Əli İnsanovun siyasi fəaliyyətini hələ görməmişəm və onu siyasi xadim də adlandıra bilmərəm. Sadəcə, təsadüf nəticəsində vəzifəyə gəlib və elə təsadüf nəticəsində də fəaliyyətini başqa istiqamətdə davam etdirib. Bu, onun həyat yoludur, özü bilər. Qadınlara verdiyi qiymət tərbiyə aldığı mühitdən və ətrafında olduğu qadınların fəaliyyətsizliyindən, biliksiz və bilgisizliyindən irəli gəlir. Hər bir kəs qadınlara qiyməti ətrafındakı qadınlarla qiymətləndirir. Nə Avropada, nə də dünyanın başqa ölkələrində Azərbaycan qadınları qədər bacarıqlı, ağıllı və idarəetmə qabiliyyəti olan qadınlar olub. Gəlin keçmişə və tariximizə də qayıdaq. Hələ keçmiş müharibələrdə neft sənayesini idarə edən qadınlarımızı düşünək. O zamanlarda Əli İnsanov yəqin ki, bacarığı olmayan anasının yanında qaçırdı. Azərbaycan qadınları ağıllıdır, güclü idarəetmə qabiliyyətinə malikdirlər. Onların müəyyən vəzifə başına gəlməmələri yalnız ailələrindəki qayğıları öz üzərinə götürmələrindən irəli gəlir. Nigar Həzi kimi qızlarımız çoxdur və onun qabağa çıxıb atasını müdafiə etməsi onun ağıl, bacarıq və dərrakə üstünlüyünə dəlalət edir. Gəlin dinimizə də nəzər salaq. Peyğəmbərimizin öz xanımı ilə müəyyən məsələhətləşmələrə üstünlük verdiyi vaxtlar oub”.
Tarix: 15-09-2020, 21:42
Xəbəri paylaş



Xəbər lenti