"Bu gedişlə biz yenidən ana dilimizdə danışanlara "çuşka" deyəcəyik"


"Şəxsiyyətinə həmişə hörmət etdiyim, yazılarını dəfələrlə paylaşdığım Çingiz Abdullayevin rus dili barədə yazısı ilə razılaşmayıb, bəlkə ilk dəfə fikrinə bir neçə səbəbə görə etirazımı bildirirəm. Çingiz müəllimin bildirdiyi kimi Rusiya mətbuatında Azərbaycan ilə bağlı haqsız, böhtan xarakterli yazıların çoxluğu heç də bizim rus dili bilməməyimizlə bağlı deyil. Rusiyanın özündə rus dilini mükəmməl bilən saysız–hesabsız azərbaycanlılar var. Birinci növbədə onların səslərinin Rusiya KİV-lərində eşidilməməsi Rusiyanın Dövlət siyasəti ilə bağlıdır. İkinci növbədə isə bizim Rusiyada yaşayan azərbaycanılar nə qədər saxta vətənpərvərlik piarı aparsalar da ermənilər qədər Vətənlərinə bağlı deyillər. Var-Dövlət onların əksəriyyəti üçün daha önəmlidir. Özüm şəxsən dəfələrlə Rusiyada külli-ixtiyar sahibi milyarderlərdən Sumqayıt hadisələrindəki həqiqətləri TV-lər vasitəsi ilə Rusiya cəmiyyətinə çatdırmaq üçün şərait yaratmalarını xahiş etsəm də heç bir cavab görməmişəm".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, Çingiz Abdullayev Azərbaycandakı rus dilli məktəblərinin çoxluğuna etirazı, rus dilinə etirazla dəyişik salır: "Heç kim Azərbaycan məktəblərində rus dilinin xarici dil kimi tədris olunmasına etiraz etmir, L.Tolstoy, F.Dostoyevski kimi klassiklərin əsərlərini ilkin mənbələrdən oxunmasının dəyərini, gözəlliyini danmır. Bizim hamımızın etirazımız Azərbaycanda az qala azərbaycan dilli məktəblər qədər rus dilli məktəblərin olmasınadır. Müstəqil ölkədə belə bir halın olması yolverilməzdir və Azərbaycanı müstəmləkə halına salır. Başqa bir məsələ də ondadır ki, dünyanın danışıq dilləri sırasında birinci olan ingilis dilindən də artıq rus dilinin tədrisi də anlaşılmazdır. Artıq anlamaq lazımdır ki, biz keçmiş SSRİ-də yaşamırıq və ümumi dövlət dili də rus dili deyil. Birinci növbədə öz ana dilimizin öndə olmasının vacibliyini hamı anlamalıdır. Bütün dillər Azərbaycan dilindən sonra mənimsənilməli və hörmət edilmədir. Yoxsa bu gedişlə biz yenidən ana dilimizdə danışanlara "çuşka" deyəcəyik". 
Tarix: 14-09-2020, 08:25
Xəbəri paylaş



Xəbər lenti