Şamil Heydərov: “Barəmdə qaralama kampaniyası aparanlar hansısa çirkli məqsədlərə xidmət edir"“Son vaxtlar barəmdə dərc olunan və heç bir fakta söykənməyən, əsassız yazılar mənə qarşı kimlərinsə sifarişi ilə “qaralama kampaniyası” aparılmasından xəbər verir. Mənim qanuni fəaliyyətimə kölgə salmaq məqsədi daşıyan və hansısa çirkli məqsədlərə xidmət edən bu saxta xəbərləri, sifarişi yazıları yayanlara qarşı hüquqi müstəvidə mübarizə aparacağam. Qoy ictimaiyyət də bu adamların əsl kimliyini və nə məqsəd güddüklərini bilsin...”Bu fikirlər tanınmış iş adamı Şamil Heydərov “AzPolitika.info” saytı vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə əksini tapıb.
İş adamının müraciətində daha sonra qeyd edilir: “Əvvəlcə “dia.az” internet portalında mənim guya, ölkədə monopoliya yaratması kimi əsassız iddialar dərc olundu. Etirazıma baxmayaraq, heç bir fakta söykənməyən həmin yazı təkzib edilmədi. Buna görə də bir sahibkar kimi işgüzar nüfuzuma zədələyən həmin xəbər tipli yazını dərc edən internet portalını və onun baş redaktorunu məhkəməyə verdim. Hazırda həmin iş Səbail rayon Məhkəməsinin icraatındadır. Məlum olduğu kimi, ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin də fəaliyyəti dayandırıldığından, həmin məhkəmə mübahisəsinə baxılması təxirə salınıb. Ümid edirəm ki, yaxın günlərdə işə baxılaraq, qanunauyğun qərar çıxarılacaq, haqqımda yayılan yalan xəbərin təkzib olunması təmin ediləcək...
Çox təəssüf ki, barəmdə dərc olunan yalan xəbər yalnız bu olmadı. Bundan sonra qanunsuz əməllərlə məşğul olan, hətta “reketçilik” ittihamı ilə həbs olunan bəzi jurnalistlər barəmdə saxta və guya etibarlı mənbələrdən əldə etdiyi məlumatları öz saytlarında dərc etməyə başladılar.İlk başda Habil Vəliyevin “gündəlik-bakı.com” saytında heç bir jurnalist araşdırması aparılmadan mənim guya Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edərək, karantin qaydalarını pozmağıma dair yalan məlumat yaydı. Heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə müraciət olunub. Hazırda məhkəmə mübahisəsi də davam etməkdədir.
Lakin bununla da kifayətlənmədilər. Bu yaxınlarda yenə Habil Vəliyev və Surxay Əliyevə məxsus olduğu bildirilən “bizimbaki.org” saytında da başqa bir əsassız yazı dərc olunub. Tamamilə qarayaxmadan ibarət olan həmin yazıda mənim guya gömrük qanunvericiliyimizə zidd formada işlər gördüyüm, bu işlərdə hazırda AMEA Prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevlə şərik olduğum, hətta yaxında ölkədən qaçacağım qeyd olunub. Və təbii ki, yenə də heç bir fakta söykənməyən əsassız iddialar və uydurma məlumatlar əsasında...
Yenə təəssüflə qeyd etmək istəyirəm ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu adamlar yalan məlumatlarını təkzib etməmiş, dövlətçiliyimizə hər zaman dəstək verən, xeyriyyəçiliklə məşğul olan bir iş adamı kimi mənim nüfuzuma ləkə vurmağa çalışmışlar. Buna görə də mən bu cür jurnalistlərə qarşı hüquqi müstəvidə mübarizə aparacağımı bəyan edirəm.Onu da qeyd edim ki, barəmdə “qara piar” işlərini aparan Habil Vəliyev və Surxay Əliyev daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətlərinə cəlb edilmişdirlər. Həmin dövrdə onlar məhz sahibkarların və nüfuzlu şəxslərin şikayətləri əsasında həbs olunmalarına, məhkumluqlarının hələ tam ödənilməməsinə baxmayaraq, yenə yoxlanılmamış və yalan məlumatları dərc edirlər.
Təəssüf ki, bəzi media orqanları və “jurnalistlər” də onlarla birlikdə hərəkət edir, sanki bir komanda kimi sahibkarı qaralamaqda iştirak edirlər. Bəzi media orqanları isə yoxlamadan bu yalan məlumatları təkrar dərc edirlər.Buna görə də, bildirmək istəyirəm ki, barəmdə əsassız və qaralayıcı məlumatlar yayan media orqanlarına qarşı hüquqi müstəvidə tədbir görüləcək.
Mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimlərinsə sifarişi ilə aparılan bu “qaralama kampaniyası”nın iştirakçısı olmasınlar, iş adamları barədə yoxlanılmamış məlumatları dərc etməsinlər.Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz.
İnanıram ki, media ictimaiyyəti də bu işdə haqlının və ədalətin yanında olacaq!”
Tarix: 13-09-2020, 20:28