Birinin əlinə tor verib “qızıl balıq”, digərinin əlinə tilov verib “kilkə” ovuna göndərməklə mediaya dəstək vermək olmazHəsən bəyin “Əkinçi”si olub ilkin toxumlarını səpdiyi Azərbaycan jurnalistikası aradan keçən 145 ildə çətin və şərəfli bir yol keçib. Düzdür, bu sözləri yeri gəldi-gəlmədi o qədər işlədiblər ki, hərdən adamda əks effekt də yaradır. Amma bu doğrudan da belədir və bu illər ərzində çətiniklər olub, var,yəqin ki,həmişə də olacaq. Nə yazıqlar ki, bu millətin əli qələm tutan mirzələri məşəqqətlərlə dolu bir ömür yaşayıblar, həbsə düşüblər, öldürülüblər...Elə jurnalistikamız bu günlərə məhz o kişilərin qələminin gücüylə gəlib. Bu yollarda Rüstəm bəyləri bir qarın yeməyə göylərə qaldıran Rza bəylər də həmişə olub. Zamanın nəbzini tutmağı bacaran belə “əhli qələm”lər dövrünün “bərkgedən” jurnalistləri sayılıblar. Amma,bu nüfuzun ömrü qəzetlərin arxa səhifəsində onlar haqqında yazılan nekroloqa qədər olub. Jurnalistikanın zibilliyi belə “mirzəcik”lərlə doludur!
Bu gün də Azərbaycan jurnalistikası problemlərdən xali deyil. Az qala pencəyinin kürəyinə,maşının şüşəsinə “Press” yapışdıranları nəzərə almasaq haqqın,ədalətin keşiyində dayanan medya mənsubları da kifayət qədərdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ölkədə baş verən bir çox problemləri məhz mətbuatdan izləyir,xəbərdar olur. Təsadüfi deyil ki, dövlət başçısı jurnalistləri özünün ən yaxın dostları adlandırır. Bəs Prezidentin dostlarını hamı öz dostu hesab edirmi?
İnsafən dövlətin mediaya verdiyi dəstəyi qeyd etməsək olmaz. Hətta jurnalistlər üçün çoxmərtəbəli mənzillərin inşası da dünyada bir ilkdir. Baxmayaraq ki,həmin mənzillərin böyük qismi sevgililərə,məşuqələrə hədiyyə olunub, amma hər halda üç-beş qələm əhlinə də pay düşüb.
Ölkədə media qurumları iki qrupa bölünür. Bir qrup media orqanları hərtərəfli qayğıyla əhatə olunublar-bahalı ofislər,yüksək qonorar,prestijli həyat.
Digər qrup isə ayaqda qalmaq üçün çaba sərf edən, acından ölməmək üçün “qızıl balıqlar”ın üzdüyü dəryaya tilov(oxu-qələm) atan jurnalistlərdir. Və inanın ki, ölkə həqiqətlərinin böyük qismini işıqlandıran, cəmiyyətə çatdıranlar da həmin “balıqçı”lardır. “Böyük balıqlar”ın torla tutulduğu bu dəryada tilovla dolanmağın məşəqqətlərini yaxşı bilir bu jurnalistlər.
İndi bəs neynəsinlər bu binəvalar? Doğrudanmı qələmlərimizi tilova dəyişib Xəzərin sahillərinəmi gedək? Bizim susmağımız və yaxud susdurulmağımız elə Prezidentə qarşı ən böyük təxribat deyilmi? Həbs olunan icra başçılarının və onların bənzərlərinin əməllərini illərdir ki, faş edən,cəmiyyətə çatdıran medya qurumlarının heç biri dediyimiz prestiji yaşamayıb. Amma, “iri balıqları” toruna salanlar ən yüksək ranqda himayə olunublar. Tilovla dolananların isə çox zaman boğazlarında yediklərinin “tıxı” qalıb.
Mediada ikitirəliyə son qoymağın zamanıdır. Birinin əlinə tor verib “qızıl balıq”,digərinin əlinə tilov verib “kilkə” ovuna göndərməklə mediaya dəstək vermək olmaz. Onsuz da kimin dost, kimin düşmən olduğunu zaman özü müəyyən edir.
NİCAT MAHMUDOV
Rubrika.Az
Tarix: 12-07-2020, 20:17