"Niyə məmurlar, onların övladları..." - Hüquq müdafiəçisindən sərt açıqlamalar


img
Bir neçə gün əvvəl “Fairmont Baku” hotelində DİN tərəfindən əməliyyat keçirilərək karantin qaydalarını pozan şəxslər saxlanılıb. Əməliyyatdan sonra biznesmen Fətulla Babayevin oğlu İsmayıl Babayev özünün “İnstagram” səhifəsində jurnalistlərin ünvanına təhqiramiz ifadələr səsləndirib.
İ.Babayev media nümayəndələrini insanların istirahətinə maneçilik törətməkdə günahlandırıb: “Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” bağlandı. Jurnalistlər, xəbər saytları, rahat olun, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”. 
Bu hadisədən sonra isə İsmayıl Babayev polis tərəfindən saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib. 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əslində, təkcə jurnalistlər yox, bütün camaat o şəxsləri tənqid eləyib:
“Mən özüm də daxil olmaqla hər kəs “Facebook”da buna reaksiya verdi. Karantin hər kəsə aiddir. Əgər prezident və həyat yoldaşı bu gün harasa gedəndə ağzına maska taxırsa, niyə məmurlar, onların övladları riayət etməməlidir?
Onlar çox qudurublar...
Pulu çox olanlar niyə karantini gözləməməlidir?
Hesab edirəm ki, jurnalistlər bunu yazıb daha da ictimailəşdirməklə çox düzgün hərəkət ediblər. Həmçinin polisin məsələni ifşa etməsi də çox yaxşı idi. Prezident özü hər şeyə cavab verdi ki, karantin hamıya aiddir. Heç kəs bundan özünə fərqli məna çıxara bilməz. Hər kəs hazırkı qaydalara tabe olmalıdır. Bu, müharibədir. Yəni camaat bunu başa düşmür?
Bu gün xalq olaraq xəstəliklə müharibədəyik və müharibədə güllə kasıbla dövlətlini seçmir. Ona görə də həm özlərinin, həm də yaxınlarının yoluxmaması üçün bu tip hərəkətlər etməməlidirlər. Bunu başa düşmürlərsə, vəziyyət çətindir”. 
Məmur övladlarına, o cümlədən karantin qaydalarını pozan iş adamlarına qarşı hansı tədbirlərin görülməli olduğuna gəldikdə isə Novella Cəfəroğlu vurğulayıb ki, məhz bu baş verənlər artıq sözügedənlərə örnək olacaq: “Çünki İlham Əliyev məsələyə kəskin şəkildə mövqe bildirdi, sözünü dedi. Artıq qorxarlar”. 
Yenisabah.az
Tarix: 7-07-2020, 13:32
Xəbəri paylaş



Xəbər lenti