“Şikayətləri varsa, məhkəməyə versinlər...” - QALMAQAL

“Şikayətləri varsa, məhkəməyə versinlər...”
Türkiyənin İstanbul şəhərindəki “Amerikan Xəstəxanası”nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva tibb elmləri doktoru, professor Adil Qeybullanı ittiham edib. Firuzə Gülalıyeva öncə bildirib ki, Oqtay Gülalıyev hələ də komadan ayılmayıb. Daha sonra o, Oqtay Gülalıyevin bu vəziyyətə düşməsinə onun ilk dəfə əməliyyat olunduğu “City Hospital”ı və tibb elmləri doktoru, professor Adil Qeybullanı günahkar bilərək, ittihamlar səsləndirib.

Firuzə Gülalıyevanın sözlərinə görə, Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdığı zaman Adil Qeybullaya zəng edib onu çağırsa da, sonuncu dərsdə olduğunu, iki saatdan tez xəstəxanaya gələ bilməyəcəyini deyib, telefonu söndürüb.

Məsələ ilə bağlı professor Adil Qeybullanın mövqeyini öyrəndik. Professor səslənən bütün ittihamları rədd etdi: “Oqtay Gülalıyevin əməliyyatı gecikdirilib və yaxud gecikdirilməyib, bütün bunları ancaq ekspertiza, tibb mütəxəssisləri müəyyən edə bilər, hansısa orta təhsilli şəxs və yaxud jurnalist yox. İkinci bir tərəfdən, bunu istintaq da araşdırıb ki, mənə qədər adıçəkilən tibb hospitalı ilə danışılıb. Hər kəsə məlumdur ki, hansısa həkim bir xəstəni aparıb özəl klinikaya qoya bilməz. Gecə vaxtı hansısa xəstəni özəl klinikaya necə qoya bilərdim? Beləliklə, özləri özəl klinika ilə əvvəlcədən danışıb, razılaşıblar. Mən gedəndə artıq onun yanında oturan şəxs, hansı ki, adını qeyd etmək istəmirəm, dedi ki, ”biz artıq City Hospital" ilə danışıb, razılaşdırmışıq və Oqtay bəyi ora aparırıq". Mən də ora getdim, həkimlərlə görüşdüm, Oqtay Gülalıyevlə də danışdım. Onun vəziyyətinə baxıb, gəldim kompüter otağına və orada olan professor Rəhimovla danışdıq. Mən onda da qeyd etdim ki, Oqtay bəy burada qalmalıdır. Çünki respublika üzrə o işin yeganə mütəxəssisi, uzmanı Əmrəli Yusifovdur. Onun yanından xəstənin götürüb, gecə vaxtı hansısa özəl klinikaya aparmaq nə dərəcədə düzgündür? Gecə vaxtı özəl klinika belə bir hadisələrə hazır olmur. Amma “Semaşko”da mütəxəssislər hər zaman hazır vəziyyətdədir və hər cür şərait olur. Bir daha qeyd edirəm ki, özləri məndən əvvəl özəl klinika ilə razılaşmışdılar və mən lap əvvəldən bu işin əleyhinə olmuşam. Ona görə də xanımının səsləndirdiyi ittihamlar tamamilə əsassızdır. Birlikdə oturub, bunu sübut edə bilərik. Hətta həkimlər var ki, onların da adlarını verə bilərəm, onlar da dediklərimi təsdiqləyərlər".

Adil Qeybulla son vaxtlar ona qarşı kampaniya başladıldığını dedi: “Bir müddət əvvəl Rəsulzadəni ”vurmağa" başladılar ki, “zamanında Hitlerlə görüşüb”, sonra Elçibəyi “MTN-in agenti çıxartdılar”. İndi də bu məsələ ilə bağlı məqsədli şəkildə kampaniya aparırlar. Demək olar ki, hər gün ölkədə baş verən proseslərlə bağlı çıxış edir, həm koronavirus mövzusu, həm Rusiya-Azərbaycan sərhədində qalanlarla bağlı və sairə haqqında rəylər bildirirəm. Əlbəttə ki, mənə qarşı nəsə etməlidirlər və bu da onun tərkib hissəsidir. Təsəvvür edin, xanımı çıxış edib deyir ki, hakimiyyətin pulu ilə gedib Türkiyədə müalicə olunub, sonra onlara minnətdarlıq edir. Sonra Oqtay bəyi vuran adam haqqında deyir ki, “bu, bir hadisədir, vurub”, amma günahkar həkimlərdir. Guya mən demişəm ki, “biz ölüb gedəcəyik, amma Oqtay kimiləri tarixdə qalacaq”.

Əvvəla, Azərbaycan müxalifətində tarixdə qalacaq kifayət qədər adam var. Onlardan biri də Oqtay Gülalıyevdir və bu sıraya özümü də aid edirəm. O zülmləri biz də yaşamışıq. Ağlına gələni danışmaq, təktərəfli mövqe bildirməklə heç nəyə nail olmaq olmaz. Yaxşı olardı ki, orada olan həkimlər danışdırılsın, müzakirə aparılsın, sonra ittiham edilsin. Şikayəti varsa, versin məhkəməyə, qanunla danışsın".

Adil Qeybulla hüquq müdafiəçisi ilə hər zaman yaxşı münasibətləri olduğunu diqqətə çatdırıb: “Oqtay Gülalıyevlə mənim münasibətim çox yaxşı olub. O, çox dəyərli şəxsdir. Oqtay Gülalıyevin xanımı onu təmsil edə bilməz. Nə olsun ki, xanımıdır. Oqtay Gülalıyev ictimai fiqurdur və onu biz təmsil edə bilərik. Bir ailə onun haqqında rəy bildirə bilməz. Doğrudur, onun çıxışı təəssüf doğurur, amma əhəmiyyət vermirəm. Mən Oqtay bəyə şəfa arzulayıram”.

Xatırladaq ki, ötən ilin oktyabr ayının 29-da paytaxtın Nəsimi rayonu ərazisində-28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürüc Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. Fond O.Gülalıyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra hüquq müdafiəçisi Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və hazırda orada müalicəsi davam etdirilir.
“Yeni Müsavat”
Tarix: 7-07-2020, 08:14
Xəbəri paylaş



Xəbər lenti