Aslan İsmayılov: "Baş Prokurorluq JEK müdiri həbslərindən yırtıcı məmurların həbsinə keçəcək



Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokuroru təyin ediləndə onun haqqında xoş sözlər deyib müdafiə etmişdim. Buna görə mənə çoxlu irad bildirənlər olduğundan ilk günlərdən atdığı bütün addımları, etdiyi təyinatları diqqətlə izləmişəm. Bu gün münasibətimdə düz olduğum fikrindəyəm. Ona görə ki, prokurorluqda işlədiyimdən və oranı çox yaxşı tanıdığımdan Respublika Prokurorluğunda həqiqətən köklü dəyişikliklər olduğunu görürəm. Sözün əsl mənasında prokurorluq təmizlənir.

İllərdir orada kök salmış, məmur-oliqarxlara çevrilmişlərin demək olar ki, hamısı vəzifədən kənarlaşdırılır və bir neçə çox əhəmiyyətli struktur dəyişiklikləri də oldu. Özü prokurorluqda yüksək vəzifə tutub faktiki olaraq biznesini himayə edən, işdən xəbəri olmayanlar prokurorluqdan xaric edilirlər. Onların hansı gücə malik olduqlarını, artıq vəzifələrinə "dədə malı" kimi baxdıqlarını məni kimi çoxları da bilirdi. Tək Bakı şəhər prokurorluğunda istintaq idarəsinin ləğv olunmasının özü çox böyük addımdır. Bu qurumun istintaqa maneçiliyindən, əlavə rüşvət mənbəyi olmasından başqa heç bir faydası yox idi.

Ən əsası, illərdir prokurorluqda davam edən islahat adı altında prokurorların yerdəyişmə oyununa son qoyuldu. Bilməyənlər üçün deyim ki, xüsusi imtiyazlı şəxslər bu yerdəyişmə oyunu ilə 20-25 il idi ki, rayon, şəhər prokurorları işləyirdilər. Prokurorluğun aparatında istedadlı, bacarıqlı şəxslər isə elə o illər ərzində eyni şöbələrdə texniki işçilərə çevrilmişdilər. Yeni təyin olunan rayon, şəhər prokurorlarınnın hamısı həm yeni, həm də yaşları 30-45 arasında olan, “zənginlər”, “tanınmışlar” kastasına aid olmayan insanlardır. Prokurorların da nüfuzu məhz yerlərdə olan prokurorların, qanuna, vətəndaşların ərizə və şikayətlərinə münasibətindən asılıdır.

Gələcək işlərində həm Baş Prokurora, həm də yeni təyin olunmuş rayon, şəhər prokurorlarına uğurlar arzulayıb bildirirəm ki, bu günkü çətin durumda onların fəaliyyətindən, vətəndaşların ərizə və şikayətlərinə vicdanla baxmalarından çox şey asılıdır.

Bununla belə, bir daha bildirirəm ki, Prokurorluğun nüfuzu həm də bu günlərdə Abşeron rayon icra hakimiyyətində keçirilmiş əməliyyatın nəticəsindən də asılıdır. Bu istintaqın nəticəsi Baş Prokurorluğun işində nə qədər prinsipial mövqe tutmasının göstəricisi olacaq. 

Həmçinin hesab edirəm ki, Baş Prokurorluq JEK müdiri həbslərindən, artıq iri, yırtıcı məmurların həbsinə keçəcək və hakimiyyətdə daşımalı olduğu əsl funksiyasını yerinə yetirəcək.

Aslan İsmayılov
Hüquqşünas
Tarix: 4-07-2020, 08:30
Xəbəri paylaş



Xəbər lenti