Musa Quliyevin adının hallandığı borc qalmaqalı “şişir” - VİDEOGİLEY

Musa Quliyevin adının hallandığı borc qalmaqalı “şişir”
Hörmətli Gundemxeber.Az saytının çoxsaylı oxucuları! Bizim bir redaksiya olaraq təqribən yeddi ay bundan öncə toxunduğumuz mövzuya, bu gün təkrar qayıtmağımızın müəyyən səbəbləri var.

Çünki, qeyd olunan vaxtda redaksiyamıza Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu tərəfindən təqdim olunmuş şikayət ərizəsi və açıq video-müraciəti əsasında “Millət vəkili Musa Quliyevin adı borc qalmaqalında hallanır- VIDEO/FAKT” başlıqlı açıqlama yayımlayıb, hər kəsin baş verənlərlə bağlı məlumatlı olmasına imkan yaratmışdıq. Hələ, bu azmış kimi Emin Nuriyevin üz-üzə qaldığı çoxsaylı problemlərin araşdırılması və görülmüş tədbirlərin nəticəsi ilə bağlı redaksiyamızın da məlumatlandırılmasını təmin etmək üçün, aidiyyatı dövlət qurumlarına rəsmi qaydada məktubla da müraciət etmişdik. Çox təəssüf hissi ilə qeyd edək ki, həm “Millət vəkili Musa Quliyevin adı borc qalmaqalında hallanır- VIDEO/FAKT” başlıqlı açıqlamada sadalananlara, həm də ünvanladığımız rəsmi məktublara bir kimsə reaksiya vermədi. Belə bir halın varlığı da, çox ciddi qanun pozuntusunun varlığından xəbər verir. Artıq həmin vaxtdan yeddi aydan bir qədər çox vaxt keçib və ölkəmizin ictimai-siyasi həyatında çox ciddi dəyişikliklər baş verib. Yəni, bir müddət bundan öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də vurğuladı ki, müəyyən qüvvələr yerlərdən Prezidentə ünvanlanmış məktubların ona çatmasına imkan verməyiblər.



Sözsüz ki, ölkə rəhbərinin bu yöndə söylədikləri əsl həqiqətdir. Çünki, tam əksəriyyət şahiddir ki, bir müddət bundan öncəyə kimi cənab Prezidentə yazılan şikayət məktublarına ya ümumiyyətlə cavab verilmirdi, ya da ki, araşdırılması şikayət olunan tərəfin üstünə yönəldilirdi. Artıq bu gün vəziyyət kökündən dəyişib və belə bir “qaranlıq işlər”də rolu olan şəxslərin PA-da uzaqlaşdırılması haqda hər kəs məlumatlıdır. Bütün bu kimi halların varlığını nəzərə alaraq, bu gün təkrar belə bir problemin ictimailəşdirilməsinə qərar verdik.

Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu redaksiyamıza yazmış olduğu ərizəsində və açıq video-müraciətində qeyd edir: “Mən neçə illərdir ki, dogma əmim Adil Nuriyevin “toruna düşmüşəm”. Belə ki, 2004-cü ildən əmimlə müəyyən işlər görməyə başlasam da, son anda o, mənə külli miqdarda “pul atdı”. Məsələn, 2004-cü ildə dörd nəfər şərik olmaq şərtilə bir ədəd qeyri-yaşayış sahəsi aldıq və həmin vaxt aldığımız qeyri-yaşayış sahəsini əmim öz adına sənədləşdirdi. Bir qədər vaxt keçdikdən sonra o, həmin obyekti satdı və mənə düşən 112 min dollar pulu vermədi. 2008-ci ildə Xətai rayonu ərazisində 142 kvm sahəsi olan obyektim var idi. Əmim Adil Nuriyev obyektimi “Azəriqaz Bank”a girov qoymağa vadar etdi və Milli Məclisin deputatı Musa Quliyevin dəstəyi ilə, adı çəkilən bankdan 400 min manat kreditə pul götürdü. Həmin vaxtlarda o, mənə “Bankdan götürdüyüm 400 min pulun 70 min manatını Musa Quliyevə verdim” dedi. Başqa bir faktı qeyd edim. Əmim Adil Nuriyevin həyat yoldaşının “Kapital Bank”a kredit borcu var idi. Günlərin birində o, mənə “qardaşoğlu birtəhər et, sən bizim banka olan borcumuzu ödə, mən səninlə sonra hesablaşaram” dedi. İlk əvvəl əmimin belə bir vədinə inandım və az sonra onların əvəzindən “Kapital Bank”a təqribən 10 min manata yaxın məbləğdə pul ödədim. Ödəniş etdiyim pullarla bağlı, bu gün məndə ödəniş qəbzləri də var.

Mənim əmimlə yaşanan problemlərimdən biri də, kənar bir şəxsdən 32 min manat pulu alıb ona verməyim oldu. Bəli, o, ilk əvvəl vəd verdi ki, kafemi satıb səndən aldığım pulları özünə qaytaracağam desə də, son anda o, verdiyi vədinə xilaf çıxdı. Bu azmış kimi, mən onun başqa bir “yağlı vəd”inə də inanıb tanıdığım başqa bir şəxsdən 60 min manat pul alıb ona verdim. Ötən illər ərzində əmim Adil Nuriyev, məndən aldığı pulların bir qəpiyini olsun belə özümə qaytarmadı. Təqribən dörd il altı ay bundan əvvəl əmim bir daha məndən 15 min manat pul aldı və bildirdi ki, “oğlum Tural Nuriyev BDU-nun hüquq fakültəsinin rus sektorunda təhsil alır. Onun bir neçə “kəsr”i var, ona görə də diplomunu Universitetdən ala bilmir. Mən bu pulla oğlumun problemini qaydaya salım, sonra pullarını özünə qaytararam” dedi. Qardaşoğlu olaraq onun belə bir danışıqlarının hər birinə inandım. Bu gün də həmin pulu əmim Adil Nuriyevdən geri ala bilmirəm.

Başqa bir faktı da qeyd edim ki, biz 2013-cü ildə də şərikli bir kafe almışdıq və kafeni həmin ildə 540 min manata satdıq. Kafenin satışından əldə olunan puldan mənə pay düşsə də, təəssüf ki, əmim mənə bir qəpik də pul vermədi. Bu gün o, Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqribən bir il altı ay bundan öncə əmimlə aramızda olan problemləri qaydaya salmaq üçün, anamla birlikdə onların yaşadıqları mənzilə getdik. Əmimlə etdiyimiz söhbət zamanı o, anama “Aramızda olan problemləri bir kimsəyə deməyin. Eminlə hansı işləri görmüşəmsə, ona nə qədər pul verəcəyim varsa, hamısını onun özünə qaytaracağam” deyə vəd versə də, bugünə kimi o, bu yöndə heç bir addımını atmayıb. Hal-hazırda əmim Adil Nuriyevin üstüstə mənə 587 min manat pul borcu var. Ötən illər ərzində əmimdən pullarımı istəsəm də, o, minbir bəhanələrlə pullarımı mənə qaytarmaqdan imtina etdi. Belə bir səbəb üzündən də, onunla aramızda çox ciddi narazılıqlar əmələ gəldi. Artıq aramızdakı narazılıq o həddə gəlib çatdı ki, əmimdən aidiyyatı dövlət qurumlarına şikayət etmək məcburiyyətində qaldım. Çünki, artıq dərk etdim ki, o, mənim etibarımdan sui-istifadə edir. Məni narahat edən və düşündürən hal isə ondan ibarətdir ki, aidiyyatı dövlət orqanlara yazdığım şikayət ərizələrim ilk əvvəl Bakı şəhər Baş Polis İdarəsində araşdırılsa da, bir qədər vaxt keçdikdən sonar isə, toplanmış iş materiallarının bir hissəsi Xətai RPİ-nin 36-cı polis bölməsinə, bir hissəsi isə Nərimanov rayon Prokurorluğuna göndərildi. Baxmayaraq ki, belə bir işlərdə mənim nə Xətai, nə də ki, Nərimanov rayonuna heç bir bağlılığım yoxdur.

Onu da qeyd edim ki, yazmış olduğum şikayət ərizələrimdə millət vəkili Musa Quliyevin də adını hallandırırdım. Günlərin birində Musa Quliyev mənə zəng etdi və “hansı səbəbdən şikayət ərizələrində mənim adımı hallandırırsan? Axı, mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur. O, mənim adımdan sui-istifadə edib, ona görə də onu məhkəməyə verəcəyəm. Sən də onunla bağlı aidiyyati dövlət orqanlarına şikayətlərini göndər” dedi. Hətta, Musa Quliyev “sən əminin həbs olunmasını istəyirsənmi?” deyə, mənə sual da verdi. Cavabında bildirdim ki, bəli, mən həm onun həbs olunmasını, həm də mənə verəcəyi pulları geri qaytarmasını istəyirəm. Təəssüf doğuran hal o oldu ki, vaxt keçsə də Musa Quliyev onunla bağlı məhkəməyə müraciət etmədi. Bir qədər vaxt keçdikdən sonra isə o, Biləsuvar rayonunda qeydiyyatda olduğum ünvana məktub göndərmişdi və yazmış olduğu məktubunda qeyd etmişdi ki, “mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur”. Belə bir məktubdan sonra Musa Quliyevə zəng edib bildirdim ki, necə olur sən onun oğlunun toy məclisində yaxından iştirak edirsən, bankdan pul götürərkən ona lazımi köməklikləri göstərirsən, sonra da mənə belə bir cavab yazırsan. Bu cür suallarımın qarşılığında Musa Quliyev mənə heç bir cavabı verə bilmədi.

Onu da qeyd edim ki, əvvəllər şikayətlərimi Milli Məclisə də göndərirdim. Yəni, həmin vaxtlarda Musa Quliyev yazmış olduğum şikayətlərlə bağlı heç bir reaksiya vermirdi. Elə ki, ötən ilin dekabr ayında Milli Məclis buraxıldı, o halda Musa Quliyev mənə zəng edib bildirmək istədiyi fikirlərini çatdırdı və təkrar millət vəkili olmaq üçün seçkilərə qatıldı. İndi sual oluna bilər ki, millət vəkili olan hər kəs millətin övladlarının pozulmuş hüquqlarının müdafiəsi ilə məşğul olmalı olduğu halda, bəs səbəb nədir ki, Musa Quliyev əmim Adil Nuriyevə arxa-dayaq olub və mənim hüquqlarımın pozulmasına dəstək verib? Mən üz-üzə qaldığım problemlər səbəbindən, indiyə kimi evimi, avtomobilimi və digər əmlaklarımı satıb borc ödəmişəm. Hansı ki, borc ödədiyim şəxslərdən pulu alıb əmim Adil Nuriyevə vermişdim”.

Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu redaksiyamıza yazmış olduğu ərizəsini və açıq video-müraciətini təhlil edib belə bir qənaətə gəlmək olar ki, adı çəkilən bu şəxsə qarşı atılmış addımlar birbaşa cinayət məsuliyyəti yaradan halların varlığıdır. Düşünürük ki, belə bir olaylarda millət vəkili Musa Quliyevin adının hallanması da, heç cür xoşagələn hal deyil. Çünki əslində o, nüfuzlu millət vəkili olduğundan belə bir problemlərin həll olunması üçün, Musa Quliyev vəkillik missiyasını yerinə yetirməli və Emin Nuriyevin üz-üzə qaldığı problemin həllinə öz köməkliyini də göstərməlidir. Bəli, belə bir yanaşmanın varlığı Gundemxeber.Az saytı olaraq, məhz problemin həlli yöndə gəldiyimiz qənaətin varlığıdır.

Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Gundemxeber.Az
Tarix: 2-07-2020, 13:46
Xəbəri paylaş



Xəbər lenti