Baş həkim beş il vəfat edən atasının pensiyasını alıb? -İTTİHAM...






Cəlilabad Mərkəzi Xəstəxanasının Baş həkimi Elnur Azadxanovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Moderator.az xəbər verir ki, redaksiyamıza müraciət edən rayonun Əliabad kənd kənd sakini, xəstəxananın Təcili Tibbi Yardım Stasiyasında ikinci dərəcəli sürücü işləyən və baş həkim tərəfindən işdən çıxarılan Hümbətov Sucayət Höccət oğlu məlumat verib. S.Hümbətov bununla bağlı əlində faktlar olduğunu bildirib:

“Bilirsiniz ki, E.Azadxanov Cəlilabad Mərkəzi Xəstəxanasında Baş həkim təyin edildikdən bir neçə gün sonra məni səbəbsiz yerə işdən çıxardı. Hansı ki, 1991-ci ildən, yəni artıq 29 il idi ki, xəstəxanada ikinci dərəcəli sürücü işləyirdim. Baş həkim mənim yerimi isə rayonda taksi sürücüsü işləyən bir nəfərə 10 min manata satdı. 

Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində E.Azadxanovla bağlı ilginc bir faktı aşkar etmişəm. Təbii ki, bu haqda DSMF-də adının çəkilməsini istəməyən şəxs mənə köməklik edib. Belə ki, Baş həkimin atası Ramazan Azadxanov 19.07.2014-cü ildə vəfat edib. Lakin E.Azadxanov atasının ölümünü gizlədərək 5 il onun pensiyasını alaraq saxtakarlıq edib və dövlətə külli-miqdarda ziyan vurub. 2017-ci ildə isə E.Azadxanovun bu saxtakarlığının üstü açılıb və bunu hansısa yolla o, yoluna qoya bilib”.
Məsələylə bağlı əməkdaşımız Baş həkim E.Azadxanovla əlaqə saxlayıb və o, ittihamları qəbul etməyib. E.Azadxanov şikayətçini məhkəməyə verəcəyini deyib:
“Yazılanlar cəfəngiyyatdır. Məktub başdan ayağa böhtan və şərdən ibarətdir. Buna görə S.Hümbətov məhkəmədə cavab verməli olacaq. Atamın adını tutması bütün hədləri aşması deməkdir. O məsələ qardaşımın uşağının qəyyumluğu ilə bağlı olub. Mənimlə heç bir əlaqəsi yoxdur. Qəyyumluqda çatışmayan sənədlər olduğu üçün bütün ödənilən məbləğ qardaşım tərəfindən 2017-ci ildə tam şəkildə dövlətə qaytarılıb”.

Vasif Əlihüseyn


Tarix: 24-06-2020, 22:47
Xəbəri paylaş



Xəbər lenti